Ayı bazarı nədir?

Ayı bazarı nədir?

Başlanğıc
Dərc edilmişdir Aug 5, 2020Yenilənib May 30, 2025
9m

Əsas diqqət yetiriləcək məqamlar

  • Ayı bazarı əsasən iqtisadi tənəzzüllər və ya geosiyasi qeyri-müəyyənliklər səbəbindən aktiv qiymətlərinin uzunmüddətli düşmə dövrüdür.

  • İnvestorlar ayı bazarlarında riskləri azaltmaq üçün dollar xərc ortalaması, qısa satış və ya nağd pul, istiqrazlar və ya stabil koinlər kimi daha az dəyişkənliyə malik aktivlərə keçmək kimi strategiyalardan istifadə edə bilərlər.

  • Çətinliklərinə baxmayaraq ayı bazarları bazar dövrlərinin normal hissəsidir. Keçmiş bazar məlumatları göstərir ki, S&P 500 və Bitcoin kimi möhkəmlənmiş bazarlar vaxt keçdikcə bütün ayı bazarlarından xilas ola bilib.

bear market cta banner

Giriş

Maliyyə bazarları bazarın ümumi istiqamətini ifadə edən tendensiyalar üzrə hərəkət edir. Ayı bazarında qiymətlər davamlı olaraq düşür və bu, xüsusilə yeni başlayanlar üçün ticarəti çətinləşdirir.

Kriptovalyuta treyderləri və texniki analitiklər Bitcoin-in mövcudluğu boyu makroöküz tendensiyasında olması ilə asanlıqla razılaşarlar. Buna baxmayaraq, çox sayda amansız ayı bazarı da olub. Bu dövrlərin bəziləri Bitcoin-in (BTC) qiymətində 80%-dən çox azalmaya səbəb olub və eyni zamanda bir çox altkoinin 90%-dən çox düşməsinə gətirib çıxarıb.

Ayı bazarı nədir?

Ayı bazarı maliyyə bazarında qiymətlərin davamlı eniş dövrü kimi təsvir edilə bilər. O, adətən bir neçə ay, hətta bir neçə il davam edir və investorların inamının azalması və iqtisadi daralma ilə xarakterizə olunur.

Qısamüddətli bazar enişlərindən fərqli olaraq ayı bazarları daha dərin iqtisadi problemləri əks etdirir. Onlar çox vaxt tənəzzüllər, yüksək işsizlik səviyyəsi və ya azalan korporativ gəlirlərlə üst-üstə düşür və nəticədə, səhmlərə, eləcə də digər aktivlərə olan tələbat azalır. Müddəti və ciddiliyi fərqli olsa da, ayı bazarları bazar dövrlərinin normal hissəsidir.

Treyderlər arasında belə bir deyim var: "Pillələrlə yuxarı, liftlə aşağı". Yuxarıya doğru hərəkət yavaş və davamlı ola bilər, aşağıya doğru hərəkət isə daha kəskin və şiddətli olur. Bunun səbəbi nədir? Qiymət düşməyə başlayanda geniş yayılan FUD bir çox treyderin bazarlardan çıxmasına səbəb olur. Bəziləri bunu itkiləri azaltmaq, digərləri isə uzun mövqelərindən əldə etdikləri mənfəətləri təmin etmək üçün edir. 

Bu, tez bir zamanda domino effekti yarada bilər – satanların sayı artdıqca daha çox insan eyni hərəkəti edir. Bazarda kredit çiyni yüksək olduğu halda, düşmə daha da güclənə bilər. Kütləvi likvidasiyalar daha güclü zəncirvari təsir göstərə və bu, çox zaman güclü satış dalğasına (kapitulyasiyaya) səbəb ola bilər.

Ayı bazarına nə səbəb olur?

Ayı bazarını başlada və ya gücləndirə biləcək bir çox mümkün amil mövcuddur. Ümumi səbəblərə aşağıdakılar daxildir:

  1. İqtisadi tənəzzüllər: enmələr və ya GDP artımının yavaşlaması çox vaxt korporativ mənfəətlərin azalmasına səbəb olur və bu, investorları səhmləri və kriptoaktivləri satmağa təşviq edir.

  2. Geosiyasi hadisələr: müharibələr və ya ticarət mübahisələri kimi böhranlar qeyri-müəyyənlik yarada və investorları nağd pul və ya istiqrazlar kimi daha təhlükəsiz aktivlərə yönləndirə bilər.

  3. Bazar qabarcıqları: 2000-ci ildəki Dot-Com Qabarcığı kimi həddindən artıq şişirdilmiş aktiv qiymətləri dəyərləndirmələr qeyri-stabil olduqda çökə bilər.

  4. Pul siyasətində dəyişikliklər: 2022-ci il ayı bazarında müşahidə olunduğu kimi faiz dərəcələrinin artması borc almaq xərclərini yüksəldə və bazar əhvali-ruhiyyəsinə təsir edə bilər.

  5. Gözlənilməz şoklar: 2020-ci il COVID-19 pandemiyası kimi hadisələr geniş yayılmış qorxu və qeyri-müəyyənlik səbəbilə bazarda sürətli enişə səbəb ola bilər.

Bu amillər eyni vaxtda da meydana gələ bilər. Məsələn, 2008-ci il maliyyə böhranı daşınmaz əmlak qabarcığı, məsuliyyətsiz kreditvermə təcrübələri və qlobal iqtisadi problemlərdən qaynaqlanaraq böyük ayı bazarına səbəb olmuşdu.

Ayı bazarı ilə Öküz bazarının müqayisəsi

Fərq kifayət qədər sadədir. Öküz bazarında qiymətlər qalxır, ayı bazarında isə düşür.

Əhəmiyyətli fərqlərdən biri ondan ibarət ola bilər ki, ayı bazarlarında uzunmüddətli konsolidasiyalar, yəni yana doğru hərəkət edən və ya müəyyən bir aralıqda dəyişən qiymət hərəkatları müşahidə oluna bilər. Bu dövrlər bazar dəyişkənliyinin olduqca aşağı və treydinq fəaliyyətinin az olduğu dövrlərdir. Bu hal öküz bazarlarında da müşahidə oluna bilər, ancaq bu cür davranış ayı bazarlarında daha geniş yayılmış olur. Hər halda qiymətlərin uzun müddət düşməsi əksər treyder və investorlar üçün cəlbedici hal deyil.

Ayı bazarına misallar

Daha əvvəl müzakirə etdiyimiz kimi Bitcoin ticarət edilməyə başladığı vaxtdan makroyüksəliş tendensiyasında olub və maliyyə bazarları tarixində ən yaxşı nəticə göstərən aktivlərdən biridir. Buna baxmayaraq, BTC illər ərzində bir neçə ayı bazarına məruz qalıb. Gəlin TradingView qrafikləri vasitəsilə bir neçə nümunəyə nəzər salaq.

2018–2019

Bitcoin 2017-ci ilin dekabrında təxminən 20 000 $-a çatdıqdan sonra 2018-ci il və 2019-cu ilin əvvəllərində ayı bazarına daxil oldu və qiyməti zirvədən dibə qədər düşərək 84%-dən çox azaldı.

bitcon bear market 2018

2019–2020

2020-ci ildə Bitcoin-in qiyməti 70%-dən çox düşdü, xüsusilə koronavirus pandemiyası səbəbindən 2020-ci ilin birinci rübündə kəskin düşmə müşahidə olundu. Bitcoin ilə sonuncu dəfə həmin vaxt 5 000 $-dan aşağı qiymətlə ticarət edildi.

Bitcon ayı bazarı 2020-ci il

2022

Bitcoin 2020-ci ildəki 4000 $-dan aşağı səviyyəsindən başlayaraq 2021-ci ildə təxminən 69 000 $ ilə bütün vaxtlar üzrə ən yüksək səviyyəyə yüksəldi. Ancaq qiymət 1670%-dən çox artdıqdan sonra 2022-ci ilin noyabrında 77%-dən artıq azalaraq 15 600 $-dan aşağı düşdü.

bitcoin bear market 2022

Ayı bazarında nə etmək lazımdır?

Bu, investisiya və risk profilinizdən asılıdır. Ayı bazarından keçməyin bir neçə yolu var, ancaq bunu uğurla etmək üçün intizam və diqqətli planlaşdırma tələb olunur. Gəlin bir neçə geniş yayılmış ayı bazarı strategiyasına nəzər salaq.

1. Mövqeləri azaldın

Ayı bazarında treyderlərin istifadə edə biləcəyi ən sadə strategiyalardan biri riskləri azaltmaq üçün aktivləri nağd pula (və ya stabil koinlərə) çevirməkdir. Qiymətlərin düşməsindən narahat olursunuzsa, böyük ehtimalla, itirə biləcəyinizdən daha çox investisiya qoyursunuz (mövqe ölçüsü vacibdir).

2. Heç nə etməyin (HODL)

Bəzi hallarda bazarın ayı bazarından çıxmasını gözləmək daha yaxşı olar. Keçmiş bazar məlumatları göstərir ki, S&P 500 və Bitcoin kimi möhkəmlənmiş bazarlar vaxt keçdikcə ayı bazarlarından çıxır. Uzunmüddətli HODL strategiyası ilə illərlə və ya onilliklərlə investisiya qoyduğunuz halda, ayı bazarı həmişə satış üçün siqnal deyil.

3. Dollar xərc ortalaması (DCA)

Bir çoxları ayı bazarlarını, xüsusilə Bitcoin kimi daha möhkəmlənmiş aktivlərlə uzunmüddətli dollar xərc ortalaması (DCA) strategiyası üçün yaxşı fürsət hesab edirlər. DCA bazar qiymətlərindən asılı olmayaraq müntəzəm şəkildə investisiya qoymağı əhatə edir. Bu, investorların qiymətlər aşağı olduqda daha çox almalarına imkan verir və aktivin vahid üzrə ümumi ortalama xərcini azaldır. Məsələn, 1 BTC-ni 100 000 $-a alsanız və sonra qiymət 80 000 $-a düşsə, əlavə 1 BTC alaraq ortalama xərcinizi 90 000 $-a endirə bilərsiniz.

4. Qısa satış və ya hedcinq

Təcrübəli treyderlər qiymətlərin düşməsindən qısa satış vasitəsilə mənfəət əldə etməyə çalışırlar. Bu yolla aktivlərin qiymətləri düşdükdə onlar bu düşmədən mənfəət əldə edə bilirlər. Dey-treydinq və ya sving treydinq etməyinizdən asılı olmayaraq əsas məqsəd daha geniş bazar tendensiyasını izləməkdir.

Qısa satış eyni zamanda hedcinq üçün istifadə edilə bilər və bu zaman risk aktivi spot bazarda saxlayaraq qısa mövqe açmaqla azaldılır. Məsələn, kriptovalyuta pul kisənizdə 2 BTC saxlayırsınızsa, bazar düşməyə davam etdiyi halda, meydana gələcək itkiləri kompensasiya etmək üçün Binance-də 2 BTC-lik qısa mövqe aça bilərsiniz.

5. Tendensiya əksinə treydinq

Bu, yüksəkriskli strategiya olsa da, bəzi treyderlər əsas tendensiyanın əksinə ticarət etməyə cəhd edəcəklər. Ayı bazarında bu, qiymətlərin müvəqqəti artımından istifadə edərək uzun mövqe əldə etmək deməkdir və "ayı bazarı rallisi" və ya "ölü pişik sıçrayışı" adlanır.

Bir çox treyder qısamüddətli müvəqqəti artım zamanı uzun mövqe əldə etmək fürsətindən istifadə etməyə çalışa biləcəyi üçün tendensiya əksinə hərəkətlər çox vaxt olduqca dəyişkən olur. Ancaq ümumilikdə ayı bazarının başa çatması təsdiqlənənə qədər müvəqqəti artımdan dərhal sonra enmə tendensiyasının yenidən davam edəcəyi gözlənilir.

Treyderlər yerli yüksək göstəricilər ətrafında gəlir götürməyə və enmə tendensiyası yenidən davam etməzdən əvvəl mövqelərini bağlamağa çalışacaqlar. Əks halda ayı bazarı davam edərkən uzun mövqedə ilişib qala bilərlər. Bir daha qeyd edək ki, bu strategiya çox risklidir. Hətta ən təcrübəli treyderlər də "düşən bıçağı tutmağa" çalışarkən böyük itkilərlə üzləşə bilərlər.

Niyə Ayı bazarı adlanır?

"Ayı bazarı" termini ayının pəncəsi ilə aşağıya doğru zərbə vurması təsvirindən götürülüb və bazar qiymətlərinin enmə trayektoriyasını simvolizə edir. Bunun əksinə olaraq, öküz bazarı termini öküzün buynuzlarını yuxarı itələməsi ilə bağlıdır.

Bu terminlər ən azı 19-cu əsrdən istifadə olunur və bu barədə bir nəzəriyyəyə görə "ayı" termini dəriləri hələ əldə etməmişdən əvvəl satan "ayı dərisi alverçiləri" ilə əlaqədar olaraq yaranıb. Bu, müasir bazarlardakı qısa satış praktikasına oxşayır.

Yekun qeydlər

Ayı bazarları adətən investorların etimadını sarsıdan iqtisadi, geosiyasi və ya spekulyativ amillər tərəfindən formalaşdırılır. Çətinlikləri olsa da, onlar bazar dövrlərinin təbii bir hissəsidir. Nizam-intizam və planlaşdırma ilə treyderlər özlərini qoruya, hətta enmə tendensiyasından mənfəət də əldə edə bilərlər. 

Ayı bazarı zamanı bir çox investor sadəcə HODL etməyə (yəni investisiyanı saxlamağa) davam etməyi və ya riskləri azaltmaq üçün istiqrazlar və ya nağd pul kimi daha az riskli aktivlərə yönəlməyi seçir. Dollar xərc ortalaması da uzunmüddətli perspektivdə yaxşı nəticə verə biləcək populyar strategiyalardan biridir. Qısa satış və tendensiya əksinə treydinq daha riskli olsa da, təcrübəli treyderlər üçün mümkün alternativlər ola bilər.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.