Qorxu və tamahkarlıq indeksi (Crypto Fear and Greed Index – ing.) nədir?
Əsas səhifə
Məqalələr
Qorxu və tamahkarlıq indeksi (Crypto Fear and Greed Index – ing.) nədir?

Qorxu və tamahkarlıq indeksi (Crypto Fear and Greed Index – ing.) nədir?

Başlanğıc
Dərc edilmişdir Jul 7, 2021Yenilənib Mar 24, 2025
7m

Əsas diqqət yetiriləcək məqamlar

  • Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksi kriptovalyuta bazarının əhval-ruhiyyəsini 0–100 aralığında qiymətləndirir. O, ilkin olaraq qiymətli kağızlar bazarının təhlil edilməsi üçün nəzərdə tutulmuş CNNMoney Qorxu və Tamahkarlıq indeksinə əsaslanır.

  • Qorxu (0–49 xal) bazarda qiymətin aşağı düşdüyünü və tədarükün həddindən artıq çox olduğunu göstərir. Tamahkarlıq (50–100 xal) aktiv qiymətlərinin həddindən artıq yüksək olduğunu və iqtisadi köpük ehtimalı olduğunu göstərir.

  • Qorxu və tamahkarlıq səviyyəsindəki dəyişikliklərin müşahidə edilməsi, xüsusən kriptovalyuta bazarlarına daxil olmaq və ya çıxmaq qərarları qəbul edilən zaman treydinq strategiyanız üçün faydalı ola bilər.

kriptovalyuta üzrə qorxu və tamahkarlıq indeksi CTA banneri

Giriş

Kriptovalyuta bazarlarında satınalma və ya satış qərarlarının qəbul edilməsi zamanı yaxşı treyder və ya investor həmişə köməkçi məlumatlar axtaracaq. Buraya baxılmalı qrafiklər, təhlil edilməli əsas amillər və istifadə edilməli bazar əhval-ruhiyyəsi daxildir. Ancaq əlçatan olan hər göstərici və indeksi öyrənmək vaxt itkisi ilə nəticələnə bilər.

Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksi vasitəsilə əhval-ruhiyyə və fundamental göstəricilərin kombinasiyası bazar üzrə qorxu və tamahkarlıqla bağlı təsəvvür formalaşdırır. Yalnız bu göstəriciyə etibar etmək düzgün olmasa da, kriptovalyuta bazarlarının ümumi vəziyyətini anlamağınıza kömək edə bilər.

İndeks nədir?

İndeks bir neçə məlumatı vahid statistik göstəricidə birləşdirir. Məsələn, Dou-Cons Sənaye indeksi (DJIA) Birləşmiş Ştatların 30 böyük şirkətinin qiymətlərini nəzərə almaqla birja bazarını izləyir. İnvestorlar DJIA ilə əlaqəli maliyyə alətlərini almaqla bu səhmlərə investisiya qoya bilərlər.

Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksi eyni zamanda bazar məlumatlarının çəkili ölçüsüdür, ancaq bundan başqa heç bir oxşarlıq mövcud deyil. Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksi satın ala biləcəyiniz bir şey və ya hər hansı maliyyə aləti deyil. O, sadəcə təhlilinizi tamamlaya biləcək bazar göstəricisidir.

Bazar göstəricisi nədir?

Bazar göstəriciləri treyder və investorların məlumatları daha səmərəli təhlil etmələrinə kömək edir. Bu göstəricilər üç əsas formada mövcuddur:

  1. Texniki təhlil (TA): dəyişkən ortalamalar və Ichimoku buludları kimi TA göstəricilərindən istifadə etməklə qiymət dəyişikliklərini, treydinq həcmini və statistik tendensiyaları araşdırır.

  2. Fundamental təhlil (FA): istifadəçilərin cəlb edilməsi və ümumi bazar kapitalizasiyası kimi amilləri araşdırmaqla aktivin daxili dəyərini qiymətləndirir.

  3. Əhval-ruhiyyənin təhlil edilməsi: sosial media, icma müzakirələri və ictimai rəy vasitəsilə investorların əhval-ruhiyyələrini qiymətləndirir.

Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksi bir çox bazar göstəricilərindən yalnız biridir. Digər nümunələrə Augmento-nun Öküz və Ayı indeksi və kriptovalyuta bazarlarında balinalardan gələn böyük transferləri izləyən WhaleAlert daxildir. Kriptovalyuta araşdırması müəyyən dərəcədə sosial medianın, icmanın və ictimai rəyin təhlil edilməsinə əsaslanır. Beləliklə, əhval-ruhiyyənin təhlil edilməsi kriptovalyuta treydinqi zamanı faydalı ola bilər.

Qorxu və Tamahkarlıq indeksi nədir?

CNNMoney Qorxu və Tamahkarlıq indeksini ilkin olaraq səhmlərlə bağlı bazar əhval-ruhiyyəsini təhlil etmək üçün yaradıb. Alternative.me adlı veb-sayt daha sonra onu kriptovalyuta bazarına uyğunlaşdırıb.

Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksi bazar iştirakçılarının tamahkarlıq və ya qorxu hiss edib-etmədiklərini müəyyənləşdirmək üçün müxtəlif tendensiyalar və bazar göstəricilərindən ibarət səbəti təhlil edir. 0 xal həddindən artıq qorxunu, 100 isə həddindən artıq tamahkarlığı göstərir. 50 xal bazarın bir qədər neytral olduğunu göstərir.

Qorxunun hakim olduğu bazar kriptovalyutaların qiymətlərinin aşağı olmasının göstəricisi ola bilər. Bazarda həddindən artıq qorxunun olması artıq satış və həddindən artıq təlaşla nəticələnə bilər. Qorxu heç də həmişə bazarın uzunmüddətli enmə tendensiyasına daxil olduğunu göstərmir. Bunun yerinə onu ümumi bazar əhval-ruhiyyəsinə qısa və ya orta müddətli istinad kimi qəbul edə bilərsiniz.

Bazarda tamahkarlıq isə əksinədir. İnvestor və treyderlər tamahkar olduqları halda, qiymət həddindən artıq yüksək ola və iqtisadi köpük yarana bilər. FOMO (əldən vermək qorxusu) tərəfindən investorların bazarlara sərmayə qoymağa sövq edildiyini təsəvvür edin. Artan tamahkarlıq qiymətin süni şəkildə şişirdilməsi ilə tələbin həddindən artıq artmasına gətirib çıxarır.

Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksinin iş prinsipi necədir?

İndeks hər gün 0 və 100 arasında yeni dəyər hesablayır. 2025-ci ilin mart ayından Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksi Bitcoin və digər əsas kriptovalyutalarla bağlı məlumatlardan istifadə edir. Bunun səbəbi qiymət və əhval-ruhiyyə baxımından BTC-nin bütövlükdə kriptovalyuta bazarı ilə güclü korrelyasiyaya malik olmasıdır.

kriptovalyuta üzrə qorxu və tamahkarlıq indeksi

İndeksin miqyasını aşağıdakı kateqoriyalara bölmək olar:

  • 0–24: həddindən artıq qorxu (narıncı)

  • 25–49: qorxu (kəhrəba/sarı)

  • 50–74: tamahkarlıq (açıq-yaşıl)

  • 75–100: həddindən artıq tamahkarlıq (yaşıl)

İndeks beş fərqli ölçülü bazar amilini birləşdirməklə dəyəri hesablayır.

1. Dəyişkənlik (indeks xalının 25%-i). Dəyişkənlik Bitcoin-in cari dəyərini son 30 və 90 günün orta göstəriciləri vasitəsilə qiymətləndirir. İndeks dəyişkənlikdən bazarda qeyri-müəyyənlik göstəricisi kimi istifadə edir.

2. Bazar dinamikası/həcmi (indeksin 25%-i). Cari treydinq həcmi və bazar dinamikası əvvəlki 30 və 90 günlük orta dəyərlərlə müqayisə edilir və sonra birləşdirilir. Daimi yüksək həcmli alış müsbət və ya tamahkar bazar əhval-ruhiyyəsindən xəbər verir.

3. Sosial media (15%). Bu amil Bitcoin ilə əlaqəli X heşteqlərinin sayını və onun interaksiya dərəcəsini nəzərə alır. Adətən daimi və qeyri-adi dərəcədə yüksək miqdarda interaksiyalar qorxudan daha çox bazar tamahkarlığı ilə əlaqədar olur.

4. Bitcoin dominantlığı (10%). Bu göstərici BTC-nin bazardakı dominantlığını qiymətləndirir. Bazar dominantlığının artması yeni investisiyaları və vəsaitlərin altcoin-lərdən mümkün şəkildə yenidən bölüşdürülməsini göstərir.

5. Google trendləri (10%). İndeks Bitcoin ilə əlaqəli axtarış sorğuları üçün Google trendləri məlumatları əsasında bazar əhval-ruhiyyəsi ilə bağlı analitika təqdim edə bilər. Məsələn, "bitcoin fırıldaqçılığı" və ya "bitcoin qiymət manipulyasiyası" axtarışlarının artması bazarda qorxunun daha çox olduğunu göstərir.

6. Sorğunun nəticələri (15%). Bu göstərici hazırda dayandırılıb və uzun müddətdir ki, aktiv deyil.

İndeksdən uzunmüddətli təhlil üçün istifadə edə bilərəm?

Göstərici kriptovalyuta bazarı dövrlərinin uzunmüddətli təhlili zamanı da effektiv deyil. Öküz və ya ayı dövrlərində bir neçə qorxu və tamahkarlıq dövrü var. Bu keçidlər svinq-treyderlər üçün faydalı ola bilər. Ancaq HODL etmək istəyən investorlar üçün sadəcə indeksdən istifadə etməklə öküz bazarından ayı bazarına doğru dəyişikliyi proqnozlaşdırmaq çətin olacaq. Uzunmüddətli perspektiv əldə etmək üçün bazarın digər aspektlərini də təhlil etməli ola bilərsiniz.

Həmişə olduğu kimi yalnız bir göstəriciyə və ya təhlil tərzinə əsaslanmamağınız tövsiyə edilir. Hər hansı məbləğ investisiya etməzdən əvvəl mütləq öz tədqiqatınızı aparın (do your own research, DYOR) və yalnız itirə biləcəyiniz qədər investisiya qoyun.

Yekun qeydlər

Kriptovalyuta üzrə Qorxu və Tamahkarlıq indeksi bir sıra fundamental göstəriciləri və bazar əhval-ruhiyyəsi göstəricilərini toplamağın və xülasələşdirməyin sadə üsuludur. Özünüz etmək yerinə sosial media, Google trendləri və digər statistikaları izləmək üçün bu göstəriciyə etibar edə bilərsiniz. Onu təhlilinizə daxil etmək istədiyiniz halda, daha balanslaşdırılmış görünüş əldə etmək üçün digər ölçü və göstəricilərlə tamamlayın.

Tövsiyə olunan ədəbiyyat

Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Akademiyasının fikirlərini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisklə bağlı xəbərdarlıq bölməmizə nəzər salın.