Kriptovalyuta bazarının kapitalizasiyası izah edildi

Kriptovalyuta bazarının kapitalizasiyası izah edildi

Başlanğıc
Dərc edilmişdir Dec 11, 2020Yenilənib Jul 29, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Bazar kapitalizasiyası kriptovalyutanın ümumi dəyərini müəyyən etmək üsuludur.

  • O, tokenin cari qiymətini dövriyyədəki kütləsinə vurmaq yolu ilə hesablanır.

  • Bazar kapitalizasiyası əsasən kriptovalyutaları sıralamaq, eləcə də onların nisbi ölçülərini və populyarlıqlarını qiymətləndirmək üçün istifadə olunur.

crypto market cap explained

Kriptovalyuta bazarının kapitalizasiyası nədir?

Kriptovalyuta bazarının kapitalizasiyası kriptovalyutanın ümumi dəyərini müəyyən etmək üsuludur. O, bir tokenin cari qiymətinin hazırda dövriyyədə olan tokenlərin sayına vurulması yolu ilə hesablanır: 

Bazar kapitalizasiyası = cari qiymət × dövriyyədəki kütlə

Məsələn, kriptovalyutanın qiyməti 10 $, dövriyyədəki kütləsi isə 10 milyon olarsa, bazar kapitalizasiyası 100 milyon $ olacaq. Tokenlərin CoinMarketCap və ya CoinGecko kimi data platformalarında bazar kapitalizasiyasına görə sıralandığını tez-tez müşahidə edəcəksiniz.

Bu platformalar adətən qiymətləri bir neçə kriptovalyuta birjasından götürülmüş həcm əsaslı hesablanmış ortalamadan istifadə etməklə hesablayır və bu, treydinq platformaları arasındakı qiymət fərqlərini tənzimləməyə kömək edir. 

Praktikada bazar kapitalizasiyası aşağıdakıları etməyinizə kömək edə bilər:

  • Fərdi qiymətlərindən asılı olmayaraq müxtəlif kriptovalyutaları müqayisə etmək.

  • Layihələrin vaxt keçdikcə necə böyüdüyünü və ya kiçildiyini izləmək.

  • Qiymət və qəbul edilmə baxımından bazarda öndə olan tokenləri müəyyənləşdirmək.

Bazar kapitalizasiyası nə üçün vacibdir? 

Bazar kapitalizasiyası kriptovalyutanın ümumi ölçüsünü, əhəmiyyətini və bazardakı mövqeyini qiymətləndirmək üçün ən çox istifadə olunan göstəricilərdən biridir. Əsas diqqət tokenin qiymətinə yetirilsə də, o, tam təsəvvür formalaşdırmır. 

Aşağıdakı misala nəzər salaq:

  • Kriptovalyuta A: 400 000 token × 1 $ = 400 000 $ bazar kapitalı

  • Kriptovalyuta B: 100 000 token × 2 $ = 200 000 $ bazar kapitalı

Kriptovalyuta B halında hər tokenin qiyməti daha yüksək olsa da, Kriptovalyuta A-nın bazar kapitalizasiyası daha böyükdür və bu, ümumi şəbəkə dəyərinin daha yüksək olduğunu göstərir.

Bazar kapitalizasiyası adətən aşağıdakı üsullarla istifadə olunur:

1. Layihələrin ölçülərinə görə müqayisə edilməsi

Bazar kapitalizasiyası investorların müxtəlif kriptovalyutaların nisbi ölçülərini müqayisə etmələrinə imkan verir. Məsələn, bir layihənin bazar kapitalizasiyası 5 milyard $, digəri isə 500 milyon $ olarsa, birinci daha etibarlı və populyar hesab olunur. Bu, performansın daha yaxşı olacağına zəmanət vermir, lakin daha böyük və ya daha yetkin istifadəçi və investor bazasının olduğunu göstərir.

2. Portfel bölgüsünü yönləndirmək

Bitcoinether kimi böyük bazar kapitalizasiyasına malik kriptovalyutalar əsasən kriptovalyuta sahəsinin nüfuzlu və stabil tokenləri kimi qəbul edilir. Onlar daha yüksək bazar kapitalizasiyası və likvidliyə malik olduqları üçün daha stabil hesab edilirlər. Uzunmüddətli fəaliyyətləri və geniş şəkildə qəbul olunmaları kriptovalyuta ilə maraqlanan investorlar üçün populyar seçim olmalarına səbəb olur.

Digər tərəfdən, daha kiçik bazar kapitalizasiyasına malik kriptovalyutular adətən daha riskli olur. Bu aktivlərin likvidliyi adətən daha aşağı olur və onlar böyük likvidliyə malik aktivlərə nisbətən daha az ticarət edilirlər. Bəzi hallarda hətta kiçik satış dalğası da qiymətin kəskin azalmasına səbəb ola bilər. Buna görə də investorlar portfellərində risk və gəliri tarazlaşdırmaq üçün çox zaman bazar kapitalizasiyasını nəzərə alırlar.

3. Kriptovalyuta indekslərinin yaradılması

Ənənəvi maliyyə bazarlarında olduğu kimi kriptovalyuta sahəsində də seçilmiş rəqəmsal aktivlər qrupunun performansını izləyən bazar indeksləri mövcuddur. CoinMarketCap kimi platformalar CoinMarketCap 100 indeksi kimi seçilmiş indekslər, Bitwise kimi şirkətlər isə Bitwise 10 Kriptovalyuta İndeks fondu kimi məhsullar təqdim edir. 

Bu indekslər ən yüksək bazar kapitalizasiyasına malik kriptovalyutaları əhatə edir və əsasən daha geniş bazar üçün bençmark kimi və ya kriptovalyuta sektoruna çoxyönlü çıxış axtaran investorlar tərəfindən istifadə olunur.

Dövriyyədəki kütlə və ümumi tədarük

Dövriyyədəki kütlə dedikdə hazırda ictimaiyyət üçün əlçatan olan və aktiv şəkildə ticarət edilən tokenlərin sayı nəzərdə tutulur. Smart müqavilələrdə kilidlənmiş və ya gələcək istifadə üçün layihə komandası tərəfindən saxlanılan tokenlər buraya daxil deyil. Yandırılmış və ya əlçatan olmayan tokenlər də sayılmır. Bazar kapitalizasiyası dövriyyədəki kütləyə əsaslandığı üçün (ümumi və ya maksimum tədarükə deyil) kriptovalyutanın cari bazar dəyərini daha real ifadə edir.

Bazar kapitalizasiyası və Tam seyrəldilmiş dəyər (FDV)

Bazar kapitalizasiyası ilə yanaşı tez-tez qeyd olunan digər göstərici Tam seyrəldilmiş dəyərdir (FDV). Bazar kapitalizasiyası hazırda dövriyyədə olan tokenlərin sayına əsaslanmaqla kriptovalyuta layihəsinin dəyərini göstərir, FDV isə bütün tokenlər bazara buraxıldığı halda, layihənin dəyərinin nə qədər ola biləcəyini təxmin edir.

Əksər kriptovalyuta layihələri bütöv token tədarükünü eyni vaxtda buraxmır. Böyük bir hissə adətən komanda mükafatları, steykinq mükafatları və ya icmanın böyüdülməsi üçün saxlanılır. Bu tokenlər çox zaman kilidlənir və bəzən bir neçə ay və ya il ərzində tədricən buraxılır. FDV aşağıdakı düsturdan istifadə etməklə bu gələcək tədarükü nəzərə alır: 

FDV = cari qiymət × maksimum tədarük

Bazar kapitalizasiyası layihənin cari dəyərinin faydalı snepşotunu versə də, həmişə tam vəziyyəti əks etdirmir. Məsələn, bazar kapitalizasiyası 50 milyon $ olan layihənin tam tədarükü dövriyyədə olsa, FDV 500 milyon $ ola bilər. Həmin əlavə tokenlər kifayət qədər tələb olmadığı halda bazara daxil olarsa, tokenin qiyməti seyrəldilmə səbəbilə azala bilər.

FDV-ni bazar kapitalizasiyası ilə birlikdə nəzərdən keçirmək layihənin cari dəyəri və potensial uzunmüddətli tədarük riskləri haqqında daha tarazlaşdırılmış təsəvvür formalaşdırır. Kilidlənən ümumi dəyər (TVL), token buraxma qrafikləri və treydinq həcmi kimi digər əlavə göstəricilər də layihənin əsaslarını və uzunmüddətli perspektivlərini qiymətləndirməyə kömək edə bilər.

Yekun qeydlər

Bazar kapitalizasiyası kriptovalyuta layihəsinin ölçüsünü və yetkinliyini ölçmək üçün ən geniş şəkildə istifadə olunan göstəricilərdən biridir. Lakin istənilən göstərici kimi onun da məhdudiyyətləri var və layihənin cari vəziyyəti, eləcə də gələcək potensialı haqqında daha tarazlaşdırılmış təsəvvür formalaşdırmaq üçün onu digər göstəricilərlə birlikdə nəzərdən keçirmək vacibdir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.