Əsas diqqət yetiriləcək məqamlar
M2 (pul tədarükü) iqtisadiyyatda nə qədər pulun dövr etdiyini ölçmək üsuludur. Buraya insanların gündəlik istifadə etdiyi pullar, məsələn, nağd və cari hesablardakı pullar daxildir.
M2-yə eyni zamanda əmanət hesabları və pul bazarı vəsaitləri kimi tez-tez istifadə olunmayan, ancaq kifayət qədər tez xərclənə bilən pullar da daxildir.
M2 iqtisadçı və siyasətçilərin xərcləmək və investisiya qoymaq üçün nə qədər pulun əlçatan olduğunu anlamalarına kömək etdiyi üçün mühüm iqtisadi göstərici hesab olunur.
M2 (Pul tədarükü) nədir?
M2 iqtisadiyyatda dövriyyədə olan ümumi pulu ölçmək üsuludur. Buraya həm nağd pul və çek depozitləri (M1) kimi yüksək likvidliyə malik pullar, həm də əmanət hesabları, müddətli depozitlər və pul bazarı vəsaitləri kimi daha az likvidliyə malik aktivlər daxildir.
İqtisadçılar, hökumət rəsmiləri və investorlar iqtisadiyyatın nə qədər sağlam olduğunu anlamaq üçün M2-yə istinad edirlər. Pul çox olduğu halda, insanların və müəssisələrin daha çox xərcləmə ehtimalı yüksək olur. Pul az olduğu halda isə xərcləmə təbii olaraq azalacaq.
M2 nədən ibarətdir?
ABŞ Federal Ehtiyat Sistemi M2-ni nağd, eləcə də cari hesablarda və əmanət hesablarında olan pullar daxil olmaqla çox sayda komponentdən istifadə etməklə hesablayır. Buraya eyni zamanda depozit sertifikatları (CD) və asanlıqla nağd pula konvertasiya edilə bilən digər aktivlər daxildir.
1. Nağd pul və cari hesablar (M1 olaraq da adlandırılır)
Bu, pulun ən əsas və likvid formasıdır. Buraya daxildir:
Fiziki valyuta (koin və kağız pul).
Cari hesablarda olan və debet kartı və ya çeklərlə istifadə oluna bilən pullar
Səyahət çekləri (bu gün daha az istifadə olunsa da, M1-ə daxildir).
Digər çekləşdirilə bilən depozitlər (OCD-lər). Çek və ya debet kartı ilə ödəniş etmək üçün istifadə edilə bilən yüksək likvidliyə malik hesablardır.
2. Əmanət hesabları
İnsanların təcili lazım olmayan pulları saxladıqları bank hesablarıdır. Əmanət hesabları adətən faiz ödəsə də, pul çıxarma tezliyi ilə bağlı məhdudiyyətləri ola bilər.
3. Müddətli depozitlər
Depozit sertifikatları (CD) da adlanır. Pulunuzu müəyyən müddət ərzində bankda saxlamağa razılıq verirsiniz və bank bunun müqabilində sizə faiz ödəyir. Bu depozitlər adətən 100 000 $-dan aşağı olur.
4. Pul bazarı vəsaitləri
Təhlükəsiz, qısamüddətli investisiyalar qoyan qarşılıqlı vəsaitlər növüdür. Onlar adətən əmanət hesablarından daha yüksək faiz təklif etsələr də, pulunuzu necə istifadə edə biləcəyinizlə bağlı bəzi məhdudiyyətləri var.
M2-nin iş prinsipi necədir?
M2 asanlıqla nağd pula konvertasiya edilə bilən vəsaitlər də daxil olmaqla iqtisadiyyatda olan ümumi pulu əks etdirir. M2-nin artması dövriyyədə daha çox pul olduğunu göstərir. İnsanlar daha çox qənaət edə, borc ala və ya gəlir əldə edə bilirlər. Bu, çox vaxt daha çox alış-veriş, investisiya qoyuluşu və biznes fəaliyyəti ilə nəticələnir.
M2-nin azalması və ya çox artmaması insanların daha az xərclədiyini və ya daha çox qənaət etdiyini göstərə bilər. Dövriyyədə daha az pul olduqda iqtisadiyyat yavaşlamağa başlayır. Müəssisələr daha az qazana və işsizlik arta bilir.
M2-ni nə dəyişir?
1. Mərkəzi bankın qərarları
Mərkəzi banklar pul-kredit siyasəti vasitəsilə faiz dərəcələrini tənzimləyir və bankların ehtiyatda saxlamalı olduqları vəsait miqdarı ilə bağlı qaydalar təyin edir. FED faiz dərəcəsini aşağı saldıqda borc almaq ucuzlaşır, yəni insanlar və müəsssisələr daha çox kredit götürməyə meyilli olur və nəticədə M2-yə pul əlavə olunur.
2. Dövlət xərcləri
Hökumət yardım çekləri təqdim etdiyi və ya dövlət xərclərini artırdığı halda, pul tədarükü arta bilər. Hökumət xərcləri azaltdığı və ya vergiləri artırdığı halda, bunun əksi baş verir.
3. Bank kreditləri
Banklar daha çox kredit verdikdə pul yaranır və iqtisadiyyata əlavə olunur. Bu isə M2-ni artırır. Banklar daha az kredit verdikdə M2 daha yavaş arta və ya hətta azala bilər.
4. İstehlakçı və müəssisələrin davranışı
İnsanlar və şirkətlər daha çox qənaət edib daha az xərcləmək qərarına gəldikləri halda, pul dövriyyəyə daxil olmaq əvəzinə əmanət hesablarında qalır. Bu, M2-nin artımını yavaşlada bilər.
M2 və inflyasiya
Daha çox pul olduqda insanlar və müəssisələr daha çox xərcləməyə meyilli olurlar. Bu xərcləmələr iqtisadiyyatın mal və xidmətlər istehsal etmək qabiliyyətindən daha sürətlə artdığı halda, qiymətlər yüksələ və inflyasiya ilə nəticələnə bilər.
Digər tərəfdən, M2-nin artımı dayandığı və ya azalmağa başladığı halda, inflyasiya yavaşlaya bilər. Ancaq onun həddindən artıq çox azalması həm də iqtisadiyyatın yavaşlaması və ya hətta tənəzzülə doğru getməsi demək ola bilər.
Buna görə də mərkəzi banklar və siyasətçilər M2-ni diqqətlə izləyirlər. M2-nin çox sürətlə artdığını düşündükləri halda, iqtisadiyyatı yavaşlatmaq üçün faiz dərəcələrini artıra bilərlər. Azalma həddindən artıq çox olduğu halda isə, xərcləməyi təşviq etmək üçün dərəcələri azalda bilərlər.
M2-nin maliyyə bazarlarına təsiri
M2 kriptovalyutalar, səhmlər, istiqrazlar və faiz dərəcələri daxil olmaqla maliyyə bazarlarına əhəmiyyətli dərəcədə təsir göstərir.
Kriptovalyutalar
M2 artdıqda və faiz dərəcələri aşağı olduqda bəzi investorlar daha yüksək gəlirlər əldə etmək üçün pullarını kriptovalyutalara qoya bilərlər. Asan pul dövriyyəsi dövrlərində kriptovalyuta qiymətləri tez-tez yüksəlir. Ancaq M2 müqavilələri və borc almaq bahalaşdığı halda, insanlar kriptovalyuta kimi riskli aktivlərdən uzaqlaşa bilərlər və bu, qiymətlərin enməsinə səbəb ola bilər.
Səhmlər
M2-nin səhmlərə təsiri kriptovalyuta bazarları ilə oxşardır. M2 artdıqda insanların ticarət etmək və ya səhmlərə investisiya qoymaq üçün daha çox pulu olur. Bu, qiymətlərin yüksəlməsi ilə nəticələnə bilər. M2 yavaşladığı və ya azaldığı halda, bazarlarda enmə ehtimalı daha yüksək olur.
İstiqraz bazarı
İstiqraz çox zaman daha təhlükəsiz investisiyalar hesab olunur. M2 artdıqda və faiz dərəcələri aşağı olduqda investorlar daha etibarlı gəlirlər axtardığı üçün istiqrazlar adətən daha cəlbedici olur. M2 azaldığı və faiz dərəcələri yüksəldiyi halda, istiqraz qiymətlərinin enməsi gözlənilə bilər.
Faiz dərəcələri
Faiz dərəcələri çox vaxt M2-nin əksi istiqamətində dəyişir. M2 çox sürətlə artdığı halda, mərkəzi banklar prosesi yavaşlatmaq və inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıra bilərlər. M2 həddindən artıq azaldığı halda isə, xərcləmə və borcalmaları dəstəkləmək üçün faiz dərəcələrini azalda bilərlər.
Real həyat nümunəsi: COVID-19 və M2
COVID-19 pandemiyası zamanı ABŞ hökuməti yardım çekləri payladı, işsizlik müavinətlərini artırdı və Federal Ehtiyat faiz dərəcələrini azaltdı. Bütün bunlar M2-nin olduqca çox artması ilə nəticələndi.
2021-ci ilin əvvəlinə qədər M2 əvvəlki illə müqayisədə təxminən 27% artdı. Bu, rekord səviyyədə yüksək artım idi. Ancaq 2022-ci ildə FED inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırdığından M2-nin artımı yavaşladı və 2022-ci ilin sonunda mənfi oldu. Bu daralma iqtisadiyyatın yavaşladığından və inflyasiyanın potensial olaraq azalacağından xəbər verirdi.
M2 nə üçün vacibdir?
M2 iqtisadiyyatı anlamaq üçün sadə, ancaq güclü vasitədir. Sürətlə artması inflyasiyanın başladığını göstərə bilər. Azalması isə daha yavaş böyümə və ya hətta tənəzzül xəbərdarlığı ola bilər.
Faiz dərəcələri, vergilər və xərcləmələr haqqında qərar qəbul edən insanlar seçimlərini yönləndirmək üçün M2-dən istifadə edirlər. İnvestorlar da bazarların hansı istiqamətə yönələ biləcəyini anlamaq üçün M2-ni izləyirlər.
Yekun qeydlər
M2 sadəcə rəqəm deyil. O, sistemdə nə qədər pulun mövcud və istifadəyə hazır vəziyyətdə olduğunu göstərir. Buraya nağd və cari hesablarda olan pullar kimi gündəlik pullar, eləcə də əmanətlər və depozit sertifikatları kimi pula çevrilə bilən vəsaitlər daxildir.
M2-ni izləmək iqtisadiyyatın istiqamətini anlamağımıza kömək edir. Sürətli artım daha çox iş və xərcləmələr, ancaq eyni zamanda daha yüksək qiymətlərlə nəticələnə bilər. Yavaş artım inflyasiyanı nəzarətdə saxlamağa kömək edə, ancaq eyni zamanda biznesləri yavaşlada bilər.
Tövsiyə olunan ədəbiyyat
İmtina: Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.