Əsas diqqət yetiriləcək məqamlar
Kriptovalyuta vasitəçiləri istifadəçilərin vəsaitlərini tam şəkildə saxladıqlarını sübut etmək üçün Ehtiyatlar sübutu (PoR) auditlərindən istifadə edirlər.
Binance daxili auditləri həyata keçirir və onları ictimaiyyətə açıqlayır. Bu auditlərin doğrulanması üçün üçüncü tərəf auditorları kriptoqrafik üsullardan istifadə edərək istifadəçilərin vəsaitlərinin şirkətin ehtiyatlarında təhlükəsiz şəkildə saxlanıldığını doğrulamağa kömək edirlər.
Binance istifadəçiləri həmçinin öz hesablarında olan qalıqların həmin auditlərə daxil edilib-edilmədiyini müstəqil şəkildə doğrulama imkanına malikdirlər.
Giriş
Blokçeyn texnologiyası ilə təmin edilmiş kriptoqrafik sübutlar kriptovalyuta birjalarının maliyyə tranzaksiyalarının şəffaflığını təmin edir. Ehtiyatlar sübutu (PoR) kriptovalyuta vasitəçiləri üçün audit aparmaq məqsədilə icazəli struktur yaratmaqla şəffaflığı daha da artırır.
Ehtiyatlar sübutu (PoR) nədir?
PoR auditi vasitəçilərin 100% və ya daha çox müştəri vəsaitlərini saxlamalarını təmin etməyi hədəfləyən audit növüdür. Web3 sahəsində kriptovalyuta birjaları və digər vasitəçi bizneslər depozitlərin balanslarla uyğunluğunu əmanətçi və ictimaiyyətə sübut etmək üçün PoR auditlərindən istifadə edirlər. Adətən bu auditlər ehtiyat məlumatlarının saxtalaşdırılması ehtimalını aradan qaldırmaq məqsədilə müstəqil üçüncü tərəflər tərəfindən aparılır.
PoR bir çox səbəbə görə vacibdir. Birincisi, istifadəçilərin kriptovalyuta birjasında saxladıqları balansların mütləq aktiv dəstəyinə sahib olduğunu doğrulamalarına imkan verir. İkincisi, biznesləri şəffaflıq standartlarına cavab verməyə sövq edir və bu, şübhəli və ya qeyri-qanuni maliyyə fəaliyyəti olan biznesləri filtrləməyə kömək edir.
İdeal halda PoR həm istifadəçilər, həm də biznes üçün faydalı olmalıdır. O, təhlükəsizlik riskini minimal səviyyəyə endirmək və zərərli iştirakçılardan qorunmaqla istifadəçiləri mühafizə edir. Eyni zamanda bizneslərin etibarlılığını artırmaqla onların istifadəçiləri saxlamalarına kömək edir.
Kriptovalyuta birjalarında audit aparmaq imkanı vasitəsilə daha şəffaf kriptovalyuta ekosistemi yaradılır. Məsələn, PoR birjaların depozit qoyulmuş aktivləri üçüncü tərəflərə kredit verən banklar kimi fəaliyyət göstərməsinin qarşısını alır.
Eyni şəkildə, birjalar istifadəçi depozitlərindən digər protokol və ya bizneslərə investisiya qoymaq üçün istifadə edə bilməzlər. Başqa sözlə, PoR şirkətlərin müştəri aktivlərindən gəlir və digər mümkün qazanclar əldə etmək məqsədilə istifadə etmək riskini aradan qaldırır.
PoR vasitəsilə istənilən qurum kriptovalyuta birjasının istifadəçi depozitlərinin hamısını saxladığını sübut edə bilər. Odur ki, birjalar bu balansları düzgün idarə etməyə təşviq olunurlar. Əks halda, istifadəçilərin etibarı sarsıla və onların nüfuzuna mənfi təsir göstərilə bilər.
PoR doğrulaması nə edir?
PoR doğrulaması zamanı auditor hər bir hesabın balansının daxil edilməsini kriptoqrafiya vasitəsilə doğrulayır. Bu proses bir neçə əsas addımdan ibarətdir.
Əvvəlcə auditor bütün hesab balanslarının snepşotunu çəkir. Daha sonra vəsaitlərə dair məlumatlar Merkle ağacına konvertasiya edilir; bu isə böyükhəcmli məlumatların daha sadə emal üçün strukturlaşdırılması məqsədilə istifadə olunur.
İstifadəçi balans məlumatları heşlənərək "yarpaq" formasına salınır. Bu "yarpaqlardan" ibarət bir qrup heşlənərək "budaq" əmələ gətirir, daha sonra "budaqlar" qrupu da heşlənərək "kökü" formalaşdırır.
Daha sonra auditor istifadəçi ünvanına sahibliyi doğrulamaq üçün müxtəlif metodlardan istifadə edə bilər. Məsələn, Binance-də auditorun mülkiyyəti müəyyənləşdirmək üçün üç yolu var. Bu məlumatların çıxarılması prosesi birja tərəfindən icra olunduqda həmin proses auditorlar tərəfindən də doğrulanır.
Kriptoqrafik mesaj imzalama: auditor birja üçün əlaqəli şəxsi açar(lar)ından istifadə edərək kriptoqrafik olaraq imzalamaq məqsədilə unikal mesaj təmin edəcək.
Vəsaitlərin təlimat üzrə köçürülməsi: birjaya "vəsaitlərin təlimat üzrə köçürülməsini" həyata keçirmək tapşırılır və burada idarəetmə müəyyən vaxtda ictimai açardan/ünvandən müəyyən məbləği köçürəcək və müvafiq blokçeyndə təlimatlı tranzaksiyanı doğrulamaq üçün tranzaksiya heşini əldə edəcək.
Blokçeyn eksplorerində ünvanları axtarmaq: auditor eyni zamanda ETH və BSC ünvanlarını Etherscan və BscScan kimi eksplorerlərdə axtararaq ünvanların birjaya aid olduğunu teqləyə bilər.
Balanslar uyğun gəldiyi halda, birja PoR-u doğrulamış olur və bütün depozit qoyulmuş aktivləri saxladığını göstərir.
PoR: məhdudiyyətlər və potensial təkmilləşdirmələr
İstifadəçilər aktivlərini daxil edib çıxardıqca kriptovalyuta birjasının balansları dəyişir. PoR-un problemi ondan ibarətdir ki, o, rezerv balansların düzgünlüyünü yalnız audit zamanı təyin edilmiş vaxtda doğrulayır. Hər hansı problem çox gec aşkar edilə biləcəyi və vasitəçi hətta bu fürsətdən istifadə edərək faktları gizlədə biləcəyi üçün bu, problem yarada bilər.
Həmçinin qeyd etmək vacibdir ki, auditləri üçüncü tərəf biznesləri həyata keçirir, yəni audit nəticələri hər bir auditorun səriştəsindən və ya onların kənar maraqların təsirinə məruz qalıb-qalmamasından asılı ola bilər.
Bəs kriptovalyuta birjası istifadəçilərin etibarını qazanmaq və qoruyub saxlamaq üçün PoR auditlərini necə təkmilləşdirə bilər? Dövrlər arasında şübhəli maliyyə fəaliyyətlərinin olmamasını təmin etmək üçün auditlər arasındakı intervalları qısaltmaqla başlaya bilər. Birja eyni zamanda heç bir maliyyə marağı olmayan nüfuzlu üçüncü tərəf firmasından və ya onunla əlaqəli qurumlardan istifadə edə bilər.
Hesabınız üzrə auditin aparılıb-aparılmadığını doğrulamaq
Binance hesabınızın son PoR auditinə daxil edilib-edilmədiyini özünüz doğrulaya bilərsiniz. Sadəcə aşağıdakı təlimatlara əməl edin.
Binance hesabınıza daxil olun və kursorunuzu yuxarı sağ küncdəki pul kisəsi menyusuna gətirin. Sonra "Doğrulama" tabını seçin.
Hesab balansınızın PoR prosesi ilə doğrulandığı bütün son auditləri görəcəksiniz.
Haqqında daha ətraflı məlumat əldə etmək istədiyiniz konkret auditi seçin. Eyni zamanda Merkle ağacını da endirə bilərsiniz.
Eyni zamanda aşağıya doğru sürüşdürməklə öz hissələrinizə, eləcə də Binance-in pul kisələri və onların müvafiq ünvanları haqqında daha ətraflı məlumatlara nəzər sala bilərsiniz.
Ətraflı məlumat üçün rəsmi PoR səhifəsinə istinad edin.
Yekun qeydlər
PoR auditinə daxil olaraq kriptovalyuta vasitəçisinin sizin və digər istifadəçilərin bütün vəsaitlərini saxlayıb-saxlamadığını yoxlaya bilərsiniz. Auditlər kriptovalyuta birjalarını istifadəçi vəsaitlərini düzgün idarə etməməkdən çəkindirməli və kriptovalyuta sahəsində şəffaflığın təkmilləşdirilməsinə kömək etməlidirlər.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.