Əsas diqqət yetiriləcək məqamlar
HODL "Hold on for Life" ("Ömür boyu saxla") deməkdir və bu strategiya hətta bazar çökdükdə belə kriptovalyutanızı saxlamağı nəzərdə tutur.
Bu, bir orfoqrafik səhv kimi başladı, lakin o vaxtdan kriptovalyuta dünyasında bir hərəkata çevrildi.
HODL strategiyası uzunmüddətli mənfəətlərin xeyrinə qısamüddətli dəyişkənliyə məhəl qoymamaqdan ibarətdir.
Strategiya kriptovalyutaların və blokçeyn texnologiyasının gələcəyinə olan inamı əks etdirir.
HODL kriptovalyutada nə deməkdir?
Artıq kriptovalyuta dünyasına qoşulmusunuzsa, yəqin ki, HODL termini ilə rastlaşmısınız. Bu, sadəcə memə çevrilmiş bir orfoqrafik səhv deyil, bu, indi kriptovalyuta həvəskarlarının etibar etdiyi və geniş şəkildə qəbul edilmiş investisiya strategiyasıdır. Bəs HODL əslində nə deməkdir və sadə bir səhv necə bu qədər əhəmiyyətli bir hadisəyə çevirildi? Gəlin onun arxasındakı hekayəni və hələ də niyə bu qədər populyar olduğunu araşdıraq.
HODL-ın mənşəyi
2013-cü ildə Bitcoin bir çox enmə və qalxmalar yaşayırdı. Cəmi bir gündə 39% nəhəng enmədən sonra GameKyuubi adlı məyus bir istifadəçi öz məyusluğunu ifadə etmək üçün BitcoinTalk forumuna getdi. Viskinin təsiri altında GameKyuubi "I AM HODLING" (MƏN BITCOIN-LƏRİMİ SAXLAYIRAM) başlıqlı postunda yazırdı:
İlk dəfə səhv oldğunu bildiyim üçün bu balşığı iki dəfə yadzım. Yenə də səhvdir. Nə isə. Rəfiqəm lezbiyan barındadır, Bitcoin çökür və mən BITCOIN-LƏRİMİ NİYƏ SAXLADIĞIMI düşünürəm. NİYƏSİNİ İZAH EDƏRƏM. Çünki mən pis treyderəm və MƏN PİS TREYDER OLDUĞUMU BİLİRƏM.
O, yazı səhvlərini düzəltməyə cəhd də göstərmədi və "I AM HODLING" (MƏN BITCOIN-LƏRİMİ SAXLAYIRAM) dedikdən bir neçə saat sonra "HODL" termini sürətlə yayıldı.
GameKyuubi-nin sözləri təkcə gülməli deyildi, bu, bir çox insana təsir etdi. Onun mesajı nə idi? İşlər çətinləşəndə aktivlərinizi satmayın. Bunun əvəzinə dözümlü olun (HODL) – kriptovalyutanızı qoruyub saxlayın və çətinliklərə tab gətirin. Sadə bir səhv kimi başlayan hadisə qiymət dəyişkənliyinə baxmayaraq, aktivləri saxlamağın uzunmüddətli perspektivdə faydalı olacağına inanan kriptovalyuta investorları üçün tez bir zamanda məşhur devizə çevrildi.
Niyə HODL? Burda söhbət uzun oyundan gedir
HODL konsepsiyası sadədir: bazar çökəndə panikaya düşərək aktivlərin satışından çəkinin. Artıq kriptovalyuta ilə məşğul olmusunuzsa, qiymətlərin kəskin şəkildə dəyişə biləcəyini bilirsiniz. Bu günün ən yüksək göstəricisi sabahın ən aşağı göstəricisi ola bilər və vəziyyət qeyri-müəyyən olmağa başlayanda pulunuzu nağdlaşdırmaq istəyə bilərsiniz. Ancaq HODL strategiyasının tərəfdarları fərqli düşüncə tərzinə malikdir. Onlar inanır ki, enmə və qalxmalarda möhkəm dayanmaq bazarın bərpası zamanı əhəmiyyətli mükafatlarla nəticələnəcək.
Bitcoin-in çılğın tarixi bunu sübut edir. 2017 və 2021-ci illərdəki yüksək qiymətlərdən tutmuş qorxulu "kriptovalyuta qışına" qədər onu saxlayanlar (və satmayanlar) zaman keçdikcə dəyərin yenidən yüksəldiyini gördü. Əsas məsələ günəşin əvvəl-axır çıxacağını bilərək fırtına zamanı sakit qalmaqdır.
Bazar dəyişkənliyi vasitəsilə HODL strategiyası
Kriptovalyuta bazarı həddindən artıq dəyişkənliyi ilə məşhurdur. 2017 və 2021-ci illərdə Bitcoin-in rekord səviyyələrindən tutmuş 2018-ci ildəki kəskin enmələrə və "kriptovalyuta qışı" adlanan dövrə qədər investorlar kəskin qiymət dəyişiklikləri ilə üzləşiblər. HODL-ın arxasında duran prinsip sadədir: enmə zamanı panika ilə satışdan qaçın və uzunmüddətli qiymət artımını gözləyərək aktivləri qoruyub saxlayın.
Kriptovalyuta icmasında bir çoxları iddia edir ki, bazar vaxtını təyin etmək – alış üçün aşağı və satış üçün yüksək göstəriciləri proqnozlaşdırmaq olduqca çətindir və çox vaxt itkilərlə nəticələnir. HODL strategiyasının tərəfdarları həm öküz, həm də ayı bazarlarında mövqe tutaraq, fırtınalara dözməyi və bazarın yenidən yüksəlişi zamanı potensial mükafatları əldə etməyi hədəfləyir.
HODL: bir strategiyadan daha çoxu
Bu məqamda HODL təkcə pul qazanmaq məsələsi deyil, bütöv düşüncə tərzidir. Çoxları üçün bu, Bitcoin və blokçeyn texnologiyası kimi kriptovalyutaların gələcəyinə inamla bağlıdır. HODL strategiyasının qatı tərəfdarları (həmçinin Bitcoin maksimalistləri kimi tanınır) kriptovalyutanın pulun gələcəyi olduğuna və nəticədə ənənəvi valyutaları əvəz edəcəyinə inanır. Bu inam onları bazarın nə qədər çətin vəziyyətə düşməsindən asılı olmayaraq aktivlərini saxlamağa sövq edir.
HODL termini FUD (Fear, Uncertainty, and Doubt – Qorxu, Qeyri-müəyyənlik və Şübhə) kimi bir çox digər kriptovalyuta jarqonu ilə müşayiət olunur ki, bu da investorları aktivlərini satmağa sövq edə biləcək mənfi xəbərlərə və şayiələrə deyilir. HODL strategiyasının tərəfdarları diqqəti yayındıran amillərə məhəl qoymamaq və uzunmüddətli qazanclara diqqət yetirməkdən qürur duyur.
Nə vaxt HODL strategiyasını tətbiq etməlisiniz?
HODL strategiyası üçün ümumi qayda nədir? Həmişə, ya da ən azı bir dəfə HODL strategiyasının ən qızğın tərəfdarları sizə bunu deyəcək. Əsas ideya qiymətlərin sürətlə artmasından-azalmasından asılı olmayaraq, kriptovalyutanı saxlamaqdır. Ancaq gəlin real olaq, hər kəsin satış düyməsini basmadan investisiyalarının kəskin şəkildə aşağı düşməsini izləyəcək qədər möhkəm əsəbləri yoxdur.
Əgər kriptovalyutanın uzunmüddətli uğuruna əminsinizsə və onun sonda yenidən yüksələcəyinə inanırsınızsa, HODL strategiyası ağıllı bir seçimdir. Ancaq bu yanaşma risk etməyə hazır olmayanlar üçün deyil. Yadda saxlamaq lazımdır ki, HODL strategiyası təkcə sərvətə gedən sürətli yol deyil; bu, səbr və uzun müddət çətin anlara dözmək bacarığıdır.
HODL və Ənənəvi investisiya
HODL birjada ənənəvi "al və saxla" strategiyaları ilə müqayisədə daha gözlənilməz bir yanaşma kimi görünə bilər, lakin konsepsiya mahiyyətcə eynidir. İnsanlar səhmləri alır və hətta tənəzzül zamanı da onları saxlayır, çünki onların dəyərinin zamanla artacağına inanırlar. Fərq ondadır ki, kriptovalyuta bazarları daha dəyişkəndir və bu, xaos dövründə HODL strategiyasını tətbiq edərək kriptovalyutanı saxlamağı çətinləşdirir.
Terminologiya: Almaz Əllər, Kağız Əllər və s.
HODL dünyasında müxtəlif növ investorları təsvir etmək üçün bütöv bir lüğət var. Əgər "almaz əlləriniz" varsa, siz bazar vəziyyətinin nə qədər pis olmasından asılı olmayaraq, buna dözən investorsunuz. Digər tərəfdən, "kağız əllər" çətinliyin ilk əlamətində panikaya düşərək kriptovalyutalarını satanlardır. Bütün bunlar HODL strategiyası mədəniyyətinin bir hissəsidir, burada ən güclülər sağ qalır (yaxud heç olmasa buna ümid edirlər).
Yekun qeydlər
Qurumlar və hökumətlər kimi daha böyük oyunçular kriptovalyuta məkanına daxil olduqda HODL strategiyasının gələcəyi parlaq görünür – ən azı onun tərəfdarlarının gözündə. Bitcoin Birja ticarət fondlarının və tənzimləyici qaydaların tətbiqi ilə HODL strategiyasının uzunmüddətli tərəfdarları öz strategiyalarına daha çox etibar edirlər.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir və bu məlumatların məqsədi hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək deyil. Məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Ətraflı məlumat üçün burada məsuliyyətdən imtina bölməsinin tam mətnini oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baş çəkin.