Qabaqlama nədir?

Qabaqlama nədir?

Orta
Yenilənib Jan 29, 2025
8m

Məsuliyyətdən imtina: bu bənd yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl mütəxəssislə məsləhətləşin. Bu bənddə qeyd olunan məhsullar sizin regionda əlçatan olmaya bilər.

Əsas diqqət yetiriləcək məqamlar

  • Qabaqlama böyük tranzaksiya həyata keçirilməzdən əvvəl bazar hərəkətlərindən mənfəət əldə etmək üçün daxili məlumatlara əsaslanan ticarətlərin həyata keçirilməsidir.

  • Kriptovalyuta bazarlarında qabaqlamaya treyder və ya botların tranzaksiyaların görünməsi və yayınma tolerantlığından sui-istifadə etdiyi mərkəzdənkənar birjalarda (DEX-lər) tez-tez rast gəlinir.

  • Qabaqlamanın qarşısını almaq üçün DeFi treyderləri yayınma tolerantlığını azalda, məxfi tranzaksiya metodlarından və MEV blokerləri kimi MEV qoruma alətlərindən istifadə edə bilərlər.

Giriş

Qabaqlama maliyyə aləmində qeyri-qanuni və qeyri-etik treydinq təcrübəsini təsvir etmək üçün istifadə edilən termindir. Qabaqlama dedikdə şəxsi mənfəətlər əldə etmək üçün treyderin gözlənilən tranzaksiyası haqqında ictimaiyyət üçün açıq olmayan məlumatlardan sui-istifadə etmək nəzərdə tutulur. Bu məqalədə qabaqlamanın nə olduğu, necə işlədiyi, bazarlara təsiri və kriptovalyuta treydinqinə necə tətbiq olunduğu izah ediləcək.

Qabaqlama nədir?

Broker, treyder və ya maliyyə mütəxəssisi daxili məlumatlar əsasında hərəkət etdikdə qabaqlama baş verir. Qabaqlamanı icra edən şəxsin hədəfi gözlənilən böyük sifarişdən əvvəl öz ticarətlərini etmək və daha böyük tranzaksiya həyata keçirildikdən sonra bazarın öz xeyrinə hərəkət etməsini gözləməkdir. Bu davranış şəxsi mənfəət üçün müştərinin məxfi məlumatlarından sui-istifadə etməyə əsaslandığına görə maliyyə bazarlarında etibar və dürüstlüyün pozulması halı hesab olunur.

Ənənəvi bazarlarda qabaqlama adətən böyük ticarət ərəfəsində baş verir. Ancaq o, kriptovalyuta bazarlarında, xüsusən də aşağı likvidliyə malik bazarlarda da baş verə bilər (məsələn, mərkəzdənkənar mübadilələr zamanı mem koinləri ilə treydinq etdikdə).

Qabaqlama necə baş verir?

Qabaqlamanın necə baş verdiyini başa düşmək üçün ənənəvi bazarlarda baş verə biləcək tipik qabaqlama ssenarisindən başlayaq.

1. Daxili məlumatlara çıxış imkanı əldə etmək

Qabaqlama adətən böyük tranzaksiya haqqında məlumat əldə etmək imkanı olan broker və ya treyder tərəfindən icra edilir. Məsələn, müştəri çox sayda səhm, istiqraz və ya digər aktivləri almaq və ya satmaq üçün sifariş yerləşdirə bilər.

2. Qabaqlayıcı şəxsi ticarət

Tranzaksiyanın aktivin qiymətinə təsir edəcəyini bilən broker müştərinin sifarişini icra etməzdən əvvəl eyni aktivi öz hesabına alır və ya satır. Müştəri çox sayda səhm almağı planlaşdırdığı halda, broker müştəridən gələn böyük alış sifarişinin qiyməti artıracağını gözlədiyi üçün səhmləri cari qiymətə ala bilər.

3. Bazarın hərəkətindən mənfəət əldə etmək

Müştərinin tranzaksiyası həyata keçirildikdən və qiymət gözlənildiyi kimi dəyişdikdən sonra broker öz səhmlərini mənfəətlə satır (və ya mövqeyini bağlayır). Müştərinin sifarişi bazarın reaksiyası ilə nəticələnir, digər bazar iştirakçılarından əvvəl məlumat əsasında hərəkət edən broker isə bundan faydalanmış olur.

Ənənəvi bazarlarda qabaqlama nümunəsi

Qabaqlamanın necə işlədiyini göstərmək üçün hipotetik nümunəyə nəzər salaq:

  • Böyük təşkilati investor X şirkətinin 1 milyon səhmini almaq qərarına gəlir.

  • İnvestor bu sifarişi öz brokeri vasitəsilə yerləşdirir.

  • Bu böyük alışın səhmin qiymətini artıracağını bilən broker müştərinin sifarişini icra etməzdən əvvəl X şirkətinin 10 000 səhmini özü üçün alır.

  • Müştərinin sifarişi tamamlandıqdan sonra səhmin qiyməti gözlənildiyi kimi artır. Broker daha sonra özünün 10 000 səhmini daha yüksək qiymətə satır və sürətli mənfəət əldə edir.

Qabaqlama nə üçün qeyri-qanuni hesab olunur?

Qabaqlama aşağıdakı səbəblərdən bir çox ölkələrdə qeyri-qanuni hesab olunur:

  1. Məxfi məlumatlardan sui-istifadə edir: maliyyə mütəxəssislərinə müştərilərinin maraqlarına uyğun davranmaları üçün etibar edilir. Şəxsi mənfəət üçün məxfi məlumatlardan istifadə etmək nəticəsində bu etibar pozulmuş olur.

  2. Bazarın bütövlüyünü sarsıdır: qabaqlama bazarda ədalətliliyə xələl gətirir və informasiyaya çıxışı olanlara ədalətsiz üstünlük qazandırır.

  3. İnvestorlara zərər vurur: müştərilər və digər bazar iştirakçıları qabaqlamanın səbəb olduğu qiymət manipulyasiyası səbəbindən maliyyə itkilərinə məruz qala bilərlər.

Qabaqlamanın qarşısını almaq üçün ABŞ-dəki Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kimi tənzimləyici orqanlar ciddi qayda və cəzalar tətbiq edir.

Qabaqlamanın növləri

Qabaqlama aşağıdakılar daxil olmaqla müxtəlif kontekstlərdə baş verə bilər:

1. Fond bazarları

Birja ticarətində brokerlər şəxsi ticarətlər etmək üçün böyük alış və ya satış sifarişləri ilə bağlı biliklərdən istifadə edə bilərlər. Bu, qabaqlamanın ən geniş yayılmış formalarından biridir.

2. Əmtəə və foreks bazarları

Əmtəə və ya xarici valyuta (foreks) bazarlarında treyderlər gözlənilən böyük tranzaksiyalar haqqında məlumat əldə edə bildikləri halda, qabaqlama həyata keçirə bilərlər.

3. Kriptovalyuta bazarları

Kriptovalyuta treydinqi inkişaf etdikcə qabaqlama sektorun problemi olaraq meydana çıxır. O, xüsusən mərkəzdənkənar treydinq platformalarında geniş yayılıb. Bunu növbəti bölmədə ətraflı şəkildə araşdıracağıq.

Kriptovalyuta bazarlarında qabaqlama

Kriptovalyuta sahəsində qabaqlama necə baş verir?

Kriptovalyuta kontekstində qabaqlama adətən mərkəzdənkənar maliyyə (DeFi) platformasındakı blokçeyn tranzaksiyalarını əhatə edir. O, xüsusən tranzaksiyaların smart müqavilələr tərəfindən emal edildiyi və təsdiqlənmədən əvvəl blokçeyndə göründüyü mərkəzdənkənar mübadilə (DEX) və avtomatlaşdırılmış marketmeyker (AMM) protokollarında geniş yayılıb.

Bu, adətən aşağıdakı kimi işləyir:

  1. Gözlənilən tranzaksiyaların müşahidə edilməsi. Ethereum, SolanaBNB zənciri kimi açıq blokçeyn şəbəkələrində tranzaksiyalar təsdiqlənməzdən əvvəl görünür. Pisniyyətli treyder və ya botlar şəbəkədə gözlənilən böyük tranzaksiyaları izləyə bilər.

  2. Prioritet tranzaksiyanın təqdim edilməsi. Ethereum və BNB zəncirində botlar tranzaksiyalarını daha əvvəl emal etdirmək üçün daha yüksək qaz ödənişi ödəyə bilərlər. Solana-da qabaqlama adətən prioritet komissiyalarından istifadə etməklə və ya tranzaksiya məlumatlarına çıxışı olan validatorlar tərəfindən həyata keçirilir.

  3. Pisniyyətli treyder daha yüksək qaz ödənişi ödəməklə tranzaksiyasının hədəf tranzaksiyadan əvvəl emal edilməsini təmin edə bilər. Bu onun ilkin tranzaksiyanın təsdiqləndiyi zaman səbəb olduğu qiymət dəyişikliklərindən faydalanmasına imkan verir.

  4. Qiymət dəyişikliklərindən mənfəət əldə etmək. Məsələn, gözlənilən tranzaksiyaya çox sayda token almaq daxil olduğu halda, əvvəlcə qabaqlama icra edən şəxs tokeni cari qiymətə alır. İlkin tranzaksiya qiyməti yüksəltdikdən sonra qabaqlamanı icra edən şəxs tokeni mənfəətlə satır.

Qabaqlama icra edən şəxslər böyük ticarətləri hədəf olaraq seçməklə yanaşı, aşağı likvidliyə malik bazarlardan və Uniswap, PancakeSwap və ya Raydium kimi mərkəzdənkənar birjalarda yüksək yayınma tolerantlığı təyin edən treyderlərdən də sui-istifadə edirlər.

Aşağı likvidliyə malik bazarlarda yayınmadan sui-istifadə

Yayınma tolerantlığı treyderin tranzaksiyasının uğursuz olmasının qarşısını almaq üçün nə qədər qiymət dəyişikliyini qəbul etməyə hazır olduğunu göstərir. Aşağı likvidliyə malik bazarlarda yayınmanın yüksək təyin edilməsi treyderlərin qabaqlamaya qarşı həssas olmasına səbəb ola bilər.

Məsələn, Bob mərkəzdənkənar birjada likvidliyə malik mem koini almaq istədiyi halda, ticarətinin uğurlu olmasını təmin etmək üçün yüksək yayınma tolerantlığı təyin edə bilər. Qabaqlama botu bunu aşkar edə, əvvəlcə mövcud likvidliyi almaq üçün daha yüksək komissiyalar ödəyə və tokeni təzədən daha yüksək qiymətə Boba sata bilər.

Bobun yayınma tolerantlığı qiymət artımına imkan verdiyi üçün o, bilmədən gözləniləndən artıq ödəniş edir və bu, qabaqlama icra edən şəxs üçün faydalı olur. Bobun sifarişi və yayınma tolerantlığı nə qədər böyük olarsa, qiymətə təsir də bir o qədər böyük olur.

Qabaqlamanın bu forması yayınma parametrləri çox yüksək olduqda hətta yüksək likvidliyə malik bazarlarda da baş verə və botların qiymətləri manipulyasiya etməyinə və ədalətsiz mənfəətlər əldə etməyinə imkan verən bilər. 

MEV və Solana-da qabaqlama

Sürətli və genişlənə bilən blokçeyn olan Solana-da əsasən Maksimal Çıxarıla Bilən Dəyər (MEV) səbəbindən qabaqlama ilə bağlı problemlər mövcuddur. MEV dedikdə validator və ya botların blok daxilində tranzaksiyaların sırasını manipulyasiya etməklə əldə edə bildiyi mənfəət nəzərdə tutulur. Solana-da MEV ilə idarə olunan qabaqlama halları tranzaksiyalar tamamlanmazdan əvvəl göründüyü və treyderlərin bu məlumatlardan sui-istifadə etmələrinə imkan verdiyi üçün baş verir.

Tranzaksiyaların qaz ödənişləri əsasında prioritetləşdirildiyi Ethereum-dan fərqli olaraq Solana treyderlərin tranzaksiyaların əvvəl emal edilməsi üçün prioritet komissiyalarından istifadə etmələrinə imkan verir. Bu o deməkdir ki, bot və validatorlar ənənəvi qabaqlama halı kimi öz tranzaksiyalarını başqalarından əvvələ salmaq üçün daha yüksək komissiya ödəyə bilərlər. Böyük alış və ya satış sifarişi aşkar edildikdə MEV botu gözlənilən qiymət dəyişikliyindən mənfəət əldə etmək üçün tez öz sifarişini təqdim edə bilər.

MEV ilə əlaqəli qabaqlama hallarının öhdəsindən gəlmək üçün proqramçılar məxfi mem hovuzları, ədalətli tranzaksiya sifarişi sistemləri və mənfəəti ədalətli şəkildə təkrar bölüşdürən MEV auksionları kimi həllər üzərində işləyirlər. Solana-nın cəld emal sürətləri bəzi riskləri azaltsa da, MEV davamlı problem olaraq qalmaqdadır.

Kriptovalyuta sahəsində qabaqlamanın qarşısının alınması

Kriptovalyuta treydinqinin böyük hissəsi mərkəzdənkənar platformalarda baş tutur. Bu, qabaqlamanın qarşısını almağı və cəza təmin etməyi çətinləşdirir. Buna baxmayaraq, bəzi tədbirlər həyata keçirilir.

Kriptovalyutada qabaqlamaya məruz qalmamaq üçün treyderlər:

  • Həssaslığı azaltmaq üçün yayınma tolerantlığını aşağı sala bilər.

  • Sifarişlərini botlardan gizlətmək üçün məxfi tranzaksiya üsullarından istifadə edə bilər.

  • Diqqət cəlb etməmək üçün böyük ticarətləri kiçik ticarətlərə bölə bilər.

  • MEV blokerləri, Flashbot-lar (Ethereum) və ya məxfi mem hovuzları (Solana) kimi MEV qoruma alətlərindən istifadə edə bilər.

Treyderlər kriptovalyuta sahəsində qabaqlamanın necə işlədiyini anlamaqla investisiyalarını daha yaxşı qoruya və lazımsız itkilərdən yayına bilərlər.

Yekun qeydlər

Qabaqlama bazar etikası və etibarının ciddi şəkildə pozulması halıdır. Bu təcrübə istər ənənəvi maliyyə bazarlarında, istərsə də kriptovalyuta kimi inkişaf etməkdə olan sektorlarda ədalət və dürüstlüyə xələl gətirir. Qabaqlamanın necə işlədiyini anlamaqla və qabaqlayıcı tədbirlər görməklə treyder, investor və tənzimləyicilər daha şəffaf və ədalətli treydinq mühiti yaratmaq üçün birlikdə işləyə bilərlər.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.