Texniki təhlil nədir?

Texniki təhlil nədir?

Başlanğıc
Dərc edilmişdir Mar 14, 2019Yenilənib Apr 14, 2025
7m

Əsas diqqət yetiriləcək məqamlar

  • Texniki təhlil (TA) bazar tendensiyalarını proqnozlaşdırmaq üçün qiymət tarixçəsi və həcmə əsaslanan üsuldur.

  • TA sadə dəstək və müqavimət səviyyələri və ya dəyişkən ortalamalar, RSI, MACD və Bollinger Zolaqları kimi qrafik göstəricilərinin kombinasiyası ilə aparıla bilər.

  • Treydinq siqnalları alış və satış imkanlarını müəyyənləşdirməyimizə kömək edə bilər, ancaq TA göstəriciləri, xüsusən daha aşağı vaxt çərçivələrində və ya aşağı likvidliyə malik bazarlarda yalnış siqnallar da yarada bilər. 

  • Riskləri azaltmaq üçün risklərin idarə edilməsini təşkil etmək və digər metodlarla qarşılıqlı təsdiqləmək vacibdir.

Giriş

Texniki təhlil (TA) keçmiş qiymət məlumatlarını və treydinq həcmlərini təhlil etməklə aktivlərin qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün istifadə edilən qrafik yaratma metodudur. Aktivin qiymətinə təsir edən bir çox amili nəzərə alan fundamental təhlildən (FA) fərqli olaraq TA ancaq keçmiş qiymət hərəkatına və qrafik modellərinə əsaslanır. Treyderlər tendensiyaları, dəstək və müqavimət səviyyələrini və ticarət üçün potensial giriş və çıxış nöqtələrini müəyyənləşdirmək üçün TA-dan istifadə edirlər.​

TA nə vaxt yaradılıb?

Texniki təhlilin ilkin formaları 17-ci əsrdə Amsterdamda və 18-ci əsrdə Yaponiyada meydana gəlsə də, müasir TA əsasən Çarlz Dounun əsəri ilə əlaqələndirilir.

Maliyyə üzrə jurnalist və The Wall Street jurnalının təsisçisi olan Dou fərdi aktiv və bazarların tez-tez seqmentlərə bölünə və təhlil edilə bilən tendensiyalarla hərəkət etdiyini müşahidə edən ilk şəxslərdən biri olub. Onun əsəri sayəsində sonradan texniki təhlil sahəsinin inkişafına təkan verən Dou nəzəriyyəsi meydana gəlib.

İlk mərhələlərdə TA-nın sadə variantı əllə hazırlanmış cədvəllərə və əllə aparılmış hesablamalara əsaslansa da, texnologiyanın və müasir hesablama sistemlərinin inkişafı ilə geniş yayılaraq hazırda bir çox investor və treyder üçün vacib vasitəyə çevrilib.

Texniki təhlilin iş prinsipi necədir?

TA bütün bilinən məlumatların artıq aktivin qiymətində əks olunduğunu əsas götürməklə işləyir. Beləliklə, treyderlər qiymət modellərini və treydinq həcmlərini öyrənməklə gələcək qiymət dəyişikliklərini təxmin edə bilərlər.​

TA mahiyyət etibarilə tələb və təklif üzrə bazar qüvvələrinin təhlilidir və ümumi bazar əhval-ruhiyyəsini əks etdirir. Başqa sözlə, aktivin qiyməti alış və satış qüvvələrinin qarşı-qarşıya gəlməsinin əksidir və bu qüvvələr treyder və investorların emosiyaları ilə (əsasən qorxu və acgözlük) sıx əlaqədardır. 

TA normal şəraitdə yüksək həcm və likvidliklə fəaliyyət göstərən bazarlarda daha etibarlı və effektiv vasitə hesab olunur. Böyük həcmli bazarlar qiymət manipulyasiyasına gətirib çıxara, eləcə də yanlış siqnallar yarada və TA-nın yararsız olmasına səbəb ola bilən anormal xarici təsirlərə qarşı daha az həssasdır.

Ən çox istifadə olunan TA göstəriciləri

Treyderlər qiymət dəyişikliklərini təhlil etmək və potensial treydinq imkanlarını müəyyənləşdirmək üçün müxtəlif texniki göstəricilərdən istifadə edirlər. Ən çox istifadə olunan göstəricilərdən bəziləri aşağıdakılardır:​

1. Dəyişkən ortalamalar (MA)

  • Sadə dəyişkən ortalama (SMA): qısamüddətli dalğalanmaları aradan qaldırmaqla müəyyən müddət üzrə orta qiyməti hesablayır.​

  • Eksponensial dəyişkən ortalama (EMA): son qiymətlərə daha çox əhəmiyyət verir və nəticədə, yeni məlumatlara qarşı daha həssas olur.​

Dəyişkən ortalamalar tendensiyanın istiqamətini və potensial dəstək və ya müqavimət səviyyələrini müəyyənləşdirməyə kömək edir. Məsələn, ümumi strategiya potensial alış və ya satış imkanlarına işarə etmək üçün qısamüddətli və uzunmüddətli dəyişkən ortalamaların kəsişməsini müşahidə etməyi əhatə edir.​

2. Nisbi güc indeksi (RSI)

RSI qiymət hərəkətlərinin sürətini və dəyişməsini 0-dan 100-ə qədər şkala ilə ölçən impuls ossilyatorudur. Adətən 70-dən yuxarı RSI artıq alış, 30-dan aşağı RSI isə artıq satış şəraitini göstərir.​

3. Bollinger zolaqları (BB)

Bollinger zolaqları (BB) göstəricisi dəyişkən ortalama xətti ətrafında hərəkət edən iki yan zolaqdan ibarətdir. Bu zolaqlar bazar dəyişkənliyini ölçmək və potensial artıq alış və ya artıq satış şərtlərini müəyyənləşdirmək üçün istifadə olunur.​

4. Dəyişkən ortalama üzrə yaxınlaşma və ayrılma (MACD)

MACD iki EMA (eksponensial hərəkətli ortalama) arasındakı əlaqəni göstərən və tendensiyaya əsaslanan impuls göstəricisidir. O, potensial alış və ya satış siqnallarını müəyyənləşdirməyə kömək edə bilən MACD xətti, siqnal xətti və histoqramdan ibarətdir.​

Treydinq siqnalları

Göstəricilər ümumi tendensiyaları müəyyənləşdirmək baxımından faydalı olmaqla yanaşı, potensial giriş və ya çıxış nöqtələrini göstərən treydinq siqnalları yaratmaq üçün də istifadə edilə bilər:​

  • Artıq alış/Artıq satış şərtləri: RSI kimi göstəricilər aktivin artıq alındığını (potensial satış siqnalı) və ya artıq satıldığını (potensial alış siqnalı) göstərə bilər.​

  • Dəyişkən ortalama krossoverləri: qısamüddətli dəyişkən ortalama uzunmüddətli dəyişkən ortalamanın yuxarısından keçdikdə (qızıl xaç) yüksəlmə siqnalı, aşağısından keçdikdə isə enmə siqnalı (ölüm xaçı) yaranır.​

  • MACD siqnalları: MACD xəttinin siqnal xəttinin üstündən keçməsi yüksəlmə tendensiyasını; altından keçməsi isə enmə tendensiyasını göstərə bilər.​

Texniki təhlil tərəfindən verilən treydinq siqnalları həmişə dəqiq olmur. Xüsusilə qısamüddətli treydinq halında TA göstəriciləri tərəfindən əhəmiyyətli təhrif (yanlış siqnallar) yaradılır. İtkiləri azaltmaq üçün TA göstəricilərini digər təhlil metodları və risklərin idarə edilməsi strategiyaları ilə birlikdə istifadə etmək vacibdir.​

Tənqid

TA bir çoxları tərəfindən mübahisəli və etibarsız metod hesab edilir və çox vaxt yalnız çox sayda insanın baş verəcəyini güman etdiyi üçün baş verən hadisələrə istinad etməklə "özünü doğruldan proqnoz" kimi xarakterizə olunur.

Beləliklə, TA geniş şəkildə istifadə olunsa da, bəzi məhdudiyyətləri mövcuddur:​

  • Özünü doğruldan proqnoz: bəzi tənqidçilər iddia edirlər ki, bir çox treyderin eyni göstəricilərdən istifadə etməsi proqnozlaşdırıla bilən nəticələrə gətirib çıxardığı üçün TA effektiv görünür.​

  • Subyektivlik: qrafik və modellərin şərhi subyektiv ola və fərqli treyderlər üçün fərqli nəticələrin alınması ilə nəticələnə bilər.​

  • Bazar anomaliyaları: TA-nın effektivliyi yüksək dəyişkənlik dövrlərində və ya bazarlar gözlənilməz hadisələrin təsirinə məruz qaldıqda daha az ola bilər.​

Bu tənqidlərə baxmayaraq bir çox treyder TA-nın, xüsusən də digər təhlil formaları ilə birləşdirildikdə dəyərli vasitə olduğunu hesab edir.​ TA tərəfdarları iddia edirlər ki, hər qrafik yaradıcısı qrafikləri təhlil etməyi və mövcud göstəricilərdən istifadə etməyi müəyyən özünəməxsus üsulla həyata keçirir. Bu, çox sayda treyderin eyni strategiyadan istifadə etməsinin faktiki olaraq mümkün olmadığını göstərir.

Texniki təhlillə Fundamental təhlilin müqayisəsi

TA keçmiş qiymət məlumatları və modellərinə əsaslansa da, fundamental təhlil (FA) aktivin daxili dəyərini maliyyə hesabatları, iqtisadi göstəricilər və digər keyfiyyət amilləri əsasında qiymətləndirir.​

  • Texniki təhlil: qısamüddətli treydinq strategiyaları üçün ən uyğun variantdır, optimal giriş və çıxış nöqtələrini müəyyənləşdirməyə kömək edir.​

  • Fundamental təhlil: uzunmüddətli investisiya qərarları üçün daha uyğun variantdır və aktivin ümumi vəziyyətini, eləcə də potensialını qiymətləndirir.​

Bir çox investor hər metodun güclü tərəflərindən istifadə etməklə məlumatlara əsaslanan qərarlar qəbul etmək üçün hər iki yanaşmanın kombinasiyasından istifadə edir.​

Yekun qeydlər

Tənqidlərin və hansı metodun daha yaxşı olduğuna dair uzunmüddətli mübahisələrin olmasından əlavə, bir çox investor TA ilə FA-nın kombinasiyasından istifadə etməyə üstünlük verirlər. FA adətən uzunmüddətli investisiya strategiyalarına aid olsa da, TA qısamüddətli bazar şərtləri ilə bağlı olan və bütün treyder və investorlar üçün faydalı ola biləcək ətraflı məlumatlar təmin edə bilər.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.