FUD ifadəsinin ənənəvi mənası etibarlılıqlarına xələl gətirmək məqsədi ilə müəyyən şirkətin rəqibləri haqqında mənfi məlumatların yayılmasını əhatə edən zərərli marketinq strategiyasını ifadə edir. İdeya müştərilərin rəqib bizneslərin məhsul və ya xidmətlərinə olan etibarını itirməsi üçün onlar haqqında mənfi rəy və fərziyyələr irəli sürməkdən ibarətdir.
FUD qeyri-etik təcrübə kimi qəbul edilsə də, ona biznes mühitində olduqca tez-tez rast gəlinir. Təsis edilmiş bir çox şirkət müştərilərini saxlamaq və ya daha çox bazar payı əldə etmək üçün rəqibləri ilə bağlı FUD yaymağa çalışır. Məsələn, böyük bir şirkət bazarda mövcud olan alternativlər haqqında şübhəli məlumatlar yaymaqla müştəriləri öz məhsullarından başqa məhsul seçməkdən çəkindirə bilər.
Başqa sözlə, FUD məhsul və ya xidmətlərin həqiqi dəyərini nəzərə almayan strategiyadır. O, texniki göstəricilərdən, istifadə baxımından rahatlıq və keyfiyyətdən asılı olmayaraq mənfi əhval-ruhiyyə yaymaqdan ibarətdir. Əsasən hədəf olaraq müştərilərin emosiyalarını (adətən qorxu) seçir.
Kriptovalyuta layihələrinin özləri də FUD-dan sığortalanmayıb. Rəqiblər və ya pisləyən tərəflər investorların etibarlılığına xələl gətirmək üçün blokçeynin təhlükəsizlik qüsurları, inkişaf problemləri və ya liderlik konfliktləri haqqında yalan məlumatlar yaya bilərlər. Bəzən hətta həqiqi narahatlıqlar da səbəbsiz şəkildə güclənir və lazımsız qorxu yaradır. Buna görə investor və treyderlərin həqiqi risklərlə əsassız spekulyasiyaları fərqləndirməyi öyrənmələri tələb olunur.
"Qorxu, qeyri-müəyyənlik və şübhə" ifadəsi 1920-ci illərə aiddir, ancaq onun qısa versiyası olan "FUD" təxminən 1975-ci ildə geniş şəkildə istifadə olunmağa başlayıb. Populyar FUD nümunəsi olaraq Cin Amdalın IBM şirkətindən çıxaraq öz şirkətini qurmağa çalışdığı zaman FUD hədəfinə çevrilməsini göstərmək olar. Amdal bir çoxları tərəfindən kompüter sənayesində FUD strategiyalarını təsvir edən ilk şəxs kimi qəbul edilir.
FUD ictimai qavrayış formalaşdıra, bazar davranışını idarə edə, eləcə də biznes və sənayelərə təsir edə bilən güclü alətdir. Dəyişkənliyin yüksək olduğu və investor əhval-ruhiyyəsinin böyük rol oynadığı kriptovalyuta sahəsində FUD kəskin qiymət dəyişikliklərinə səbəb ola bilər.
Bəzi hallarda FUD real narahatlıqlara əsaslansa da, əsasən rəqiblərin, tənzimləyicilərin və ya nüfuzlu şəxslərin gizli məqsədləri ilə idarə olunur. FUD-un necə işlədiyini başa düşmək və tənqidi düşüncə tərzini inkişaf etdirmək investor və treyderlərin sakit olmalarına, təlaşdan qaçmalarına və daha yaxşı qərarlar qəbul etmələrinə kömək edə bilər.