Əsas diqqət yetiriləcək məqamlar
2009-cu ildə yaradıldığı vaxtdan Bitcoin-in performansı dəyişkən olub və çox zaman siyasi, iqtisadi və tənzimləyici hadisələrdən asılı olaraq qiymət dalğalanmaları ilə xarakterizə olunub.
Bitcoin-in qiyməti 2011-ci ilin əvvəlində 0,30 $ olub və 2025-ci ildə ən yüksək səviyyə olan 111 980 $-a yüksəlib. Bu, 14 ildən az müddətdə 37 000 000%-dən çox artım deməkdir.
Bitcoin 2020-ci ildəki ən aşağı səviyyə olan 3880 $-dan 2025-ci ildəki ən yüksək səviyyə olan 111 980 $-a qədər dəyişərək 2 700%-dən çox bahalaşıb.
2011-ci ildən 2025-ci ilə qədər Bitcoin-in qiyməti ildə təxminən 142% illik gəlir əldə edib. 10 iyun 2025-ci il tarixinə Bitcoin-in bazar dəyəri təxminən 2,18 trilyon $, kriptovalyuta bazarında dominantlığı isə təxminən 64% təşkil edir.
Giriş
Bitcoin (BTC) 2009-cu ildən dəyərinin kəskin artması ilə dünyanın diqqətini cəlb edib. Ancaq bu proses hər zaman asan olmayıb. Bitcoin ucuzlaşmalara və uzunmüddətli ayı bazarlarına da məruz qalıb.
Dəyişkənliyə baxmayaraq kriptovalyuta indiyə qədər bütün ənənəvi aktivləri üstələyib. Çoxsaylı amillər birlikdə Bitcoin-in qiymət tarixçəsini formalaşdırır. Onları müxtəlif üsul və nöqteyi-nəzərlərlə öyrənə bilərsiniz.
Bitcoin-in qiymət tarixçəsinin təhlili
Məlumatlara keçməzdən əvvəl Bitcoin-in qiymət tarixçəsini necə təhlil edə biləcəyinizi nəzərdən keçirək. Bunun üçün üç əsas üsul mövcuddur: texniki təhlil, fundamental təhlil və əhvali-ruhiyyə təhlili. Hər üsulun güclü və zəif tərəfləri var, ancaq daha aydın təsəvvür formalaşdırmaq üçün onları birləşdirmək olar.
1. Texniki təhlil (TA)
Texniki təhlil dedikdə gələcək bazar davranışını proqnozlaşdırmaq üçün keçmiş qiymət və həcm məlumatlarından istifadə etmək nəzərdə tutulur. Məsələn, son 50 gün üzrə qiymətlərin ortalamasını hesablamaqla 50 günlük sadə dəyişkən ortalama (SMA) yarada bilərsiniz. SMA-nı aktivinizin qiymət qrafikinə tətbiq edərək nəticələr çıxara bilərsiniz. Təsəvvür edin ki, Bitcoin ilə bir neçə həftə 50 günlük SMA-dan aşağı qiymətlə ticarət edilir, ancaq sonra ondan yuxarı qalxır. Bu hərəkət mümkün bərpa olunma əlaməti kimi qəbul edilə bilər.
2. Fundamental təhlil (FA)
Fundamental təhlil dedikdə şirkətin və ya kriptovalyuta layihəsinin fundamental, daxili dəyərini təmsil edən məlumatların istifadə edilməsi nəzərdə tutulur. Bu tip tədqiqat aktivin faktiki dəyərini müəyyənləşdirmək üçün xarici və daxili amillərə diqqət yetirir. Məsələn, şəbəkənin populyarlığını və layihənin uzunmüddətli potensialını qiymətləndirmək üçün layihənin gəlirliliyinə, gündəlik fəal istifadəçilərə və ya gündəlik Bitcoin tranzaksiyalarına nəzər sala bilərsiniz.
3. Əhvali-ruhiyyə təhlili (SA)
Əhvali-ruhiyyə təhlili dedikdə tendensiyaları və qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün bazar əhvali-ruhiyyəsi məlumatlarının istifadə edilməsi nəzərdə tutulur. Bazar əhvali-ruhiyyəsinə investorların şirkət və ya aktivlə bağlı fikirləri və əhvali-ruhiyyəsi daxildir. Onları əsasən yüksəlmə və ya enmə əhvali-ruhiyyələri olaraq təsnif edə bilərsiniz. Məsələn, Bitcoin-in alınması ilə bağlı trenddə olan Google axtarışlarının əhəmiyyətli dərəcədə artması müsbət bazar əhvali-ruhiyyəsi formalaşdıra bilər.
Erkən Bitcoin treydinqi
2009-cu ildə Bitcoin aşağı likvidliyə malik olan, son dərəcə niş aktiv idi. Bitcoin-i mərkəzdənkənar valyuta kimi qiymətləndirən BitcoinTalk və digər forumlarda istifadəçilər arasında birjadankənar (OTC) qaydada ticarətlər icra edilirdi. Bu gün müşahidə etdiyimiz fərziyyələr o vaxt daha az rol oynayırdı.
Satoşi Nakamoto 3 yanvar 2009-cu il tarixində ilk bloku zərb etdi. Həmin dövrdə zərb edilən hər blok üçün 50 Bitcoin mükafat əldə edilirdi. Satoşi bundan doqquz gün sonra Hel Finniyə 10 BTC göndərdi və bu, tarixdəki ilk Bitcoin tranzaksiyası oldu.
22 may 2010-cu ildə Bitcoin-in qiyməti hələ də 0,01 $-dan aşağı idi. Həmin gün eyni zamanda ilk kommersiya məqsədli Bitcoin tranzaksiyası da baş tutdu – Laszlo Hanyecz 10 000 BTC ödəyərək iki pizza aldı. Bu alış-veriş kiçik Bitcoin icması üçün inqilabi an oldu.
2011-ci ildə Bitcoin-in qiymətinin 0,30 $-a yüksəlməsi şəbəkə istifadəçilərinin sayının artmasına səbəb oldu. Kiçik, tənzimlənməyən sahə getdikcə tranzaksiyaların və treydinqin asanlaşdırılmasında daha yaxından iştirak edirdi. Bunlara kriptovalyuta birjaları və dərin veb-bazarlar daxildir. Bu bazar və birjaların tez-tez heklənməsi və ya bağlanması Bitcoin-in qiymətinə təsir edirdi. Bəzi heklənmiş birjalarda böyük qiymət dəyişikliklərinə və bazarda inamın azalmasına səbəb olacaq qədər çox Bitcoin tədarükü vardı.
Bitcoinin qiymətini nə müəyyənləşdirir?
Qısa desək, qiymətləri tələb və təklif dinamikası müəyyən edir. Ancaq hazırda Bitcoin ilkin dövrlərinə nisbətən ənənəvi aktivlərlə daha çox oxşarlığa malikdir. Pərakəndə satış, maliyyə və siyasət sahələrində qəbul etmənin artması bazar əhvalİ-ruhiyyəsinə və qiymət hərəkatına təsir edən amillərin sayının artdığını göstərir.
Təklif və tələb
Bitcoin-in 21 milyon koinlə məhdudlaşdırılmış təklifi və yarılama hadisələri qıtlıq yaradır. Qıtlıq pərakəndə satış, maliyyə və siyasət sahələrində qəbul etmənin artması ilə birlikdə uzunmüddətli tələbi artırır.
Məsələn, Maykl Seylorun Strategy şirkəti və bir çox başqa şirkətlər Bitcoin xəzinədarlıq strategiyalarını araşdırır. Bəziləri bunu daha passiv şəkildə edir, digərləri isə BTC hissələrindən istifadə edərək çevrilə bilən borc və Bitcoin-in qiymətinə bağlı gəlir gətirən alətlər kimi innovativ maliyyə aktivləri yaradır.
Tənzimləmə
İndi tənzimləmə əvvəlki dövrlərə nisbətən daha geniş yayılıb. Hökumətlər kriptovalyutaları və blokçeyn texnologiyalarını daha yaxşı anlamağa başladıqca onların nəzarəti və tənzimləyici müdaxiləsi artır. Tənzimləmələrin həm sərtləşdirilməsi, həm də yumşaldılması qiymətə təsir edir.
Makroiqtisadiyyat
Qlobal iqtisadiyyatın vəziyyəti Bitcoin-in qiymətinə təsir edə biləcək digər bir amildir. Pul siyasəti, maliyyə siyasəti, pul təklifi və faiz dərəcələri hamısı bazar əhvali-ruhiyyəsinə təsir edə bilər. Yerli iqtisadi şərait də rol oynaya bilər. Məsələn, hiperinflyasiya olan ölkələrdə yaşayan insanlar Bitcoin-dən dəyər saxlama vasitəsi və inflyasiyaya qarşı hedcinq kimi istifadə ediblər.
İstehsal dəyəri (mayninq)
Mayninqin dəyəri (əsasən elektrik enerjisi və ixtisaslaşdırılmış avadanlıq) Bitcoin-in qiyməti üçün baza təyin edir. Xüsusilə yarılamadan sonra blok mükafatları azaldıqda mənfəət əldə etməyə davam etmək üçün maynerlərə istehsal xərclərindən yüksək qiymətlər lazımdır. Enerji xərclərinin artması və ya mayninqin səmərəliliyinin təkmilləşdirilməsi bu səviyyəyə və nəticə etibarilə bəzən bazar qiymətlərinə təsir edə bilər.
Bitcoin-in qiymət tarixçəsi
2009-cu ildən Bitcoin-in qiymətində böyük dəyişkənlik müşahidə olunur. Yüksəlmə və enmələrə baxmayaraq qiymət başlanğıcla müqayisədə kəskin artıb.
Bitcoin-in qiyməti 2011-ci ilin əvvəlində 0,30 $ olub və 2025-ci ildə ən yüksək səviyyə olan 111 980 $-a yüksəlib. Bu, 14 ildən az müddətdə 37 000 000%-dən çox artım deməkdir.
Bitcoin 2020-ci ildəki ən aşağı səviyyə olan 3880 $-dan 2025-ci ildəki ən yüksək səviyyə olan 111 980 $-a qədər dəyişərək 2 700%-dən çox bahalaşıb.
2011-ci ildən 2025-ci ilə qədər Bitcoin-in qiyməti ildə təxminən 142% illik gəlir əldə edib. 10 iyun 2025-ci il tarixinə Bitcoin-in bazar dəyəri təxminən 2,18 trilyon $, kriptovalyuta bazarında dominantlığı isə təxminən 64% təşkil edir.
2016-cı ildən sonrakı ümumi gəlirlər: Bitcoin – Qızıl – NASDAQ 100
Bitcoin-i NASDAQ 100 və qızılla müqayisə etdikdə BTC-nin hər ikisini xeyli geridə qoyduğunu görə bilərsiniz. Bitcoin-in illik itkiləri faiz nisbətinə görə qızıl və ənənəvi aktivlərlə müqayisədə daha yüksək olduğu üçün onun dəyişkənliyini də görə bilərsiniz.
Mənbə: Çarli Bilello
Uzunmüddətli təhlil
Uzunmüddətli perspektivdə daha kiçik və əhəmiyyətsiz hadisələrin qiymətə təsiri az olur. Beləliklə, Bitcoin-in ümumi müsbət trayektoriyasını izah etməyin başqa yollarına nəzər salmaq maraqlıdır. Variantlardan biri analitik modelləri öyrənməkdir.
Stok-axın modeli
Stok-axın modeli Bitcoin-in məhdud tədarükünü qiymətin mümkün göstəricisi kimi istifadə edir. Əsas səviyyədə Bitcoin qızıl və ya brilyantlara bir qədər bənzəyir. Vaxt keçdikcə bu iki əmtəənin qiyməti onların nadirliyi səbəbilə artıb. Bu amil investorların onları dəyər saxlama vasitəsi kimi istifadə etmələrinə imkan verir.
Ümumi dövriyyədə olan qlobal tədarükü (stok) il üzrə istehsal olunan ümumi məbləğə (axın) böldüyünüz halda, bu nisbətdən Bitcoin-in qiymətini vaxt üzrə modelləşdirmək üçün istifadə edə bilərsiniz. Maynerlərin istehsal edəcəyi yeni Bitcoin-lərin dəqiq miqdarını və onları təxminən nə vaxt əldə edəcəklərini artıq bilirik. Sadə formada desək, mayninq gəlirləri azalır və bu, stok-axın nisbətinin artması ilə nəticələnir.
Stok-axın modeli indiyədək Bitcoin-in qiymət tarixçəsini modelləşdirməkdəki dəqiqliyinə görə populyarlıq qazanıb. Aşağıda 365 günlük SMA, eləcə də Bitcoin-in keçmiş qiymət məlumatları və gələcəyə dair proqnoz təqdim olunub.
Metkalf qanunu
Metkalf qanunu Bitcoin şəbəkəsinə də tətbiq edə biləcəyiniz ümumi hesablama prinsipidir. Bu qanuna görə şəbəkənin dəyəri qoşulmuş istifadəçilərin sayının kvadratı ilə mütənasibdir. Bu, tam olaraq nə deməkdir? Asan başa düşülən nümunə kimi telefon şəbəkəsi nəzərdən keçirilə bilər. Nə qədər çox insanın telefonu olarsa, şəbəkə o qədər dəyərli olur.
Bitcoin halında aktiv Bitcoin pul kisəsi ünvanlarının sayından və blokçeyndəki digər ictimai məlumatlardan istifadə etməklə Metkalf dəyərini hesablaya bilərsiniz. Metkalf dəyərini qiymətlə müqayisə etdiyiniz halda, kifayət qədər uyğunluq müşahidə edilə bilər. Eyni zamanda Timoti Petersonun 2020-ci ildən aşağıdakı qrafikdə etdiyi kimi mümkün gələcək qiymətləri proqnozlaşdırmaq üçün tendensiyaya əsaslana bilərsiniz. O vaxt Bitcoin-in Metkalf dəyəri onun qiymətinin 2025-ci ilə qədər 100 000 $-dan yuxarı ola biləcəyini göstərirdi (təxminən 5 il əvvəlcədən).
Yekun qeydlər
Aydındır ki, Bitcoin-in qiymət tarixçəsini izah etməyə çalışan bir çox nəzəriyyə mövcuddur. Ancaq cavabdan asılı olmayaraq Bitcoin-in kütləvi şəkildə bahalaşması rəqəmsal valyutalarda inanılmaz yüksəliş olduğunu göstərdi. Hətta minlərlə kriptovalyuta arasında da Bitcoin 2025-ci ilin iyun ayı üzrə təxminən 2,18 trilyon $ bazar dəyəri ilə bazarda təxminən 65%-dən bir qədər aşağı dominantlıq nümayiş etdirir.
Bu möhtəşəm artımın səbəblərinə kriptovalyutanın əsas göstəriciləri, bazar hissiyatı və iqtisadi hadisələr daxildir. Keçmiş performans gələcək nəticələrin göstəricisi olmasa da, Bitcoin 16 yaşında olan bir aktivə görə inanılmaz yaxşı nəticələr əldə edib.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.