Çox uzundur, oxumadım
Satoşi Nakamoto kimdir? Satoşi Nakamoto Bitcoin-in yaradıcısı və orijinal Bitcoin ağ kağızının müəllifi tərəfindən istifadə edilən təxəllüsdür. Bitcoin-in məhşur yaradıcısı ilə bağlı müəmma onun əsl kimliyi ilə bağlı fərziyyələrə, eləcə də bəzi şəxslərin yalandan Satoşi Nakamoto olduqlarını iddia etmələrinə səbəb oldu.
Bitcoin-in yaradıcısının kimliyi on ildən artıqdır ki, sirr olaraq qalır. Bununla belə, bu naməlum yaradıcı ilə bağlı müəmmaya baxmayaraq, blokçeyn texnologiyasının şəffaflığı Satoşi Nakamotonun hələ də bitcoin-lərə sahib olduğunu göstərir, çünki onun ictimai açarları Satoşinin yaratdığı başlanğıc blokuna qədər gedib çıxır.
Giriş
Satoşi Nakamoto 2008-ci ildə Bitcoin ağ kağızını nəşr edən naməlum yaradıcıdır. Ağ kağız Bitcoin: fərdlərarası elektron pul sistemi adlanır (bitcoin.org saytında əlçatandır). Satoşi Nakamoto blokçeyni icad etməyib, lakin blokçeyn texnologiyasına əsaslanan mərkəzləşdirilməmiş valyutanı ilk o yaradıb.
Bitcoin rəsmi olaraq 2009-cu ildə istifadəyə verildi. Lakin bundan çox əvvəl bu müəmmalı ad artıq e-poçt kommunikasiyalarında və forum postlarında istifadə olunurdu.
2011-ci ildə Satoşinin xarici dünya ilə bütün əlaqəsi kəsildi və o qeybə çəkildi. O vaxtdan bəri Bitcoin-in yaradılması ilə bağlı sirr qızğın müzakirələrdən və ittihamlardan biri oldu.
Bəs Satoşi Nakamoto kimdir? Bizi 21-ci əsrin ən inqilabi texnologiyalarından biri ilə təmin edən bu şəxs və ya qrup kimdir? Gəlin bunu araşdıraq.
Satoşi Nakamoto kimdir?
Bu suala cavab verməzdən əvvəl ilk növbədə özümüzə bu sualı verməliyik: "bu tək bir şəxsdir, yoxsa bir qrup insan?". Təəssüf ki, bunu sübut etmək üçün əlimizdə çox az dəlil var. Satoşinin tək bir şəxs olmasına dair fikirlər üstünlük təşkil etsə də, bzəi insanlar Satoşinin kompüter alimləri, kriptoqrafiya mütəxəssisləri və şifropanklar komandasından ibarət bir qrup olduğuna inanır.
Satoşi 2011-ci ilin aprelində xarici aləmlə bütün ünsiyyətini kəsənə qədər onun kişi, yapon olduğu və 5 aprel 1975-ci ildə anadan olduğu iddia edilirdi. Bununla belə, insanlar Satoşinin ingilis dilini o qədər yüksək səviyyədə bildiyini müşahidə ediblər ki, onun ingilisdilli ölkədən olduğu güman edilir. Bundan əlavə, o, əsasən Avropa iş saatları ərzində ünsiyyətdə olurdu ki, bu da onun Yaponiyada yaşamaması ilə bağlı fərziyyələrə səbəb olurdu.
Satoşi Nakamoto artıq xarici dünya ilə əlaqəni kəsdiyi üçün onun həqiqi kimliyi ilə bağlı çoxlu fərziyyələr yayılıb. Çox sayda insan və qrupun həqiqi Satoşi Nakamoto olduğu iddia edildi, lakin bunlardan cəmi bir neçəsinin həqiqi olma ehtimalı var idi.
Hel Finni
Satoşi Nakamoto ola biləcək bütün namizədlər arasında ən çox ehtimal olunanlardan biri Hel Finnidir. Hel Bitcoin-in ilk istifadəçilərindən biri və ilk Bitcoin tranzaksiyasının alıcısı idi. O, həmçinin proqram təminatı tərtibatçısı kimi fəaliyyət göstərib və 1990-cı illərdə ilk şifropanklardan biri olub.
Təəssüf ki, Hel Finni 2014-cü ildə ölümündən əvvəl onu bir müddət iflic edən sinir xəstəliyindən əziyyət çəkdikdən sonra vəfat etdi. O, həmişə Satoşi Nakamoto olduğunu inkar edib.
Nik Sabo
Ehtimalı yüksək olan digər namizəd Bitcoin-dən illər əvvəl "rəqəmsal qızıl" (bit gold - ing.) adlı rəqəmsal valyutanı yaratmış məşhur kompüter alimi Nik Sabodur. Onun şifropank icması daxilindəki ünsiyyəti, eləcə də yazı tərzi və ünsiyyət vaxtları Satoşi ilə ciddi şəkildə üst-üstə düşürdü.
Nik Sabo Satoşi Nakamoto olduğunu inkar edib, lakin kriptovalyuta icmasında bir çoxları buna inanmır. Nik və Satoşi arasında təsadüf ola və ya olmaya biləcək çoxlu oxşarlıqlar var.
Dorian Nakamoto
Dorian Nakamoto əsl adı Satoşi Nakamoto olan yapon-amerikalı bir kişidir. O, texnologiya və maliyyə xidmətləri şirkətlərində kompüter mühəndisi kimi işləyib və hətta on ildən çox Kaliforniyada Hel Finni ilə eyni ərazidə yaşayıb.
Dorian Bitcoin-in yaradılmasında iştirak etdiyini iddia edən bir müsahibəyə cavab verib, lakin daha sonra sualı səhv başa düşdüyünü bildirərək iddiasını geri çəkib. O vaxtdan bəri o, layihə üzərində işlədiyini inkar edib və onu əhatə edən media çılğınlığına qədər onun mövcudluğundan belə xəbərdar olmadığını iddia edib.
HBO sənədli filmi
2024-cü ilin oktyabr ayında sənədli filmlərin rejissoru Kallen Hobak və HBO Bitcoin-in yaradıcısı Satoşi Nakamotonun həqiqi kimliyini potensial olaraq ortaya çıxaracağına işarə edən "Money Electric: The Bitcoin Mystery" ("Elektron pul: bitcoin-in sirri") adlı filmlərini elan etdi.
QAnon konspirasiya nəzəriyyəsinin arxasındakı bir neçə müəllifi müəyyən etdiyini iddia etdiyi HBO mini serialı "Q: Into the Storm" ("Q: fırtınaya doğru") ilə tanınan Kallen Hobak bu sənədli filmdə araşdırma obyektivini müəmmalı Satoşi Nakamoto obrazına çevirir.
Satoşi Nakamotonun xalis sərvəti nə qədərdir?
Həqiqi Satoşi Nakamotonun kim olmasından asılı olmayaraq, onun inanılmaz dərəcədə zəngin olduğuna şübhə yoxdur. Məhkəmə ekspertləri Satoşinin bitcoin-lərini saxladığı yerləri izləməyə müvəffəq olub, onun xalis sərvətini meydana çıxardıblar.
2009-cu ilin əvvəlindən bəri Satoşi Nakamoto bir dənə də olsun satoşi xərcləməyib. Satoşinin nə qədər bitcoin-ə sahibi olduğuna dair təxminlər dəyişir, lakin insanların çoxu bunun təxminən 1 milyon bitcoin olduğu fikri ilə razılaşır. Bu, Satoşi Nakamotonu planetin ən varlı milyarderlərindən birinə çevirər. 2024-cü ilin oktyabr ayındakı bazar qiymətlərinə əsasən Satoşi Nakamotonun bitcoin-lərinin dəyəri 61 milyard dollardan çox olacaq.
Yekun qeydlər
Satoşi Nakamotonun həqiqətən kim olduğuna dair çoxlu iddialar var. Bu, tək bir şəxs və ya bir qrup insan ola bilər. O, ölü və ya sağ ola bilər. Ancaq əsaslı, konkret sübutlar olmadan biz Satoşi Nakamotonun kim olduğunu heç vaxt bilməyəcəyik. Bundan əlavə, Bitcoin və kriptovalyuta icmasının bir çox üzvü Satoşi Nakamotonun kimliyinin əbədi olaraq sirr qalmalı olduğunu düşünür.
Nə olursa olsun, əmin ola biləcəyimiz yeganə şey Satoşi Nakamotonun HODL strategiyasını tətbiq edərək çoxlu bitcoin saxlamasıdır.