Əsas diqqət yetiriləcək məqamlar
P/E nisbəti investorların şirkətin qazandığı hər dollar üçün nə qədər ödəməyə hazır olduğunu göstərir və bu, aktivin həddindən yuxarı və ya aşağı qiymətləndirilə biləcəyini sürətli şəkildə təyin etməyə imkan verir.
Geriyə doğru, irəliyə doğru, mütləq və nisbi kimi müxtəlif P/E nisbəti növləri mövcuddur. Bu növlər müxtəlif baxış bucaqları təqdim edir, ancaq hamısı üçün sahə standartları və şirkətin inkişaf potensialı kimi kontekst tələb olunur.
Kriptovalyutaların çoxu şirkətlər kimi qazanc əldə etmədiyi və maliyyə hesabatları təqdim etmədiyi üçün P/E nisbəti onlar üçün effektiv deyil. Ancaq mərkəzdənkənar maliyyənin (DeFi) bəzi sahələrində sınaqdan keçirilən oxşar qiymətləndirmə üsulları mövcuddur.
Giriş
Nə vaxtsa səhmlərin alınması ilə maraqlanmısınızsa, böyük ehtimalla, P/E nisbəti termini ilə rastlaşmısınız. O, Qiymət-Qazanc nisbəti (P/E) ifadəsinin qısaldılmış formasıdır və investorların səhmi almağın məqsədəuyğun olub-olmadığını müəyyənləşdirmək üçün istifadə etdikləri ən geniş yayılmış alətlərdən biridir. Bəs əslində nə deməkdir və necə istifadə olunur?
P/E nisbəti nədir?
P/E nisbəti şirkət səhminin qiymətini qazandığı pulun miqdarı ilə müqayisə edir. O, şirkət səhminin hazırkı qiymətini hər səhmə düşən qazancla (EPS) müqayisə etməklə investorların səhmin dəyərinin həddindən yuxarı, aşağı və ya düzgün qiymətləndirildiyini müəyyən etmələrinə kömək edir.
Başqa sözlə, investorların şirkətin qazancının hər dolları üçün nə qədər ödəməyə hazır olduğunu göstərir.
P/E düsturu
P/E nisbəti = (Səhmin qiyməti / Səhm üzrə qazanc)
Hər səhmə düşən gəliri (EPS) hesablamaq üçün şirkətin ümumi mənfəətini (vergilər və seçilmiş dividendlər çıxıldıqdan sonra) götürüb müəyyən müddət ərzində insanlar tərəfindən alınması mümkün olan ümumi səhmlərin hesablanmış ortalama sayına bölürük.
P/E nisbətlərinin növləri
P/E nisbətinə nəzər salmağın bir neçə yolu var. Hər versiya sizdə bir qədər fərqli təsəvvür formalaşdırır:
Geriyə doğru P/E: şirkətin son 12 aydakı qazanclarına əsaslanır. O, hesabatlarda ən çox göstərilən rəqəmdir və real performansı əks etdirir.
İrəliyə doğru P/E: qarşıdan gələn 12 ay üçün proqnozlaşdırılan qazanclardan istifadə edir. O, analitiklərin təxminlərinə və gözləntilərinə əsaslanır.
Mütləq P/E: sadəcə əsas P/E hesablamasıdır – cari qiymət başqa heç nə ilə müqayisə edilmədən ən son EPS-ə bölünür.
Nisbi P/E: şirkətin P/E nisbətini onun sahə üzrə orta göstəricisi və ya keçmiş performansı kimi bençmark ilə müqayisə edir.
P/E nisbətinin şərh edilməsi
P/E nisbətinin nə demək olduğunu başa düşmək üçün kontekst tələb olunur. Yüksək P/E nisbəti investorların gələcəkdə yüksək qazanc artımı gözlədiklərini və gözlənilən mənfəətlər üçün ödəniş etməyə hazır olduqlarını göstərə bilər. Digər tərəfdən, aşağı P/E nisbəti səhmin həddindən aşağı qiymətləndirildiyini və ya şirkətin problemlərlə üzləşdiyini göstərə bilər.
Ancaq "yuxarı" və ya "aşağı" P/E nisbəti sektor və ya sahədən asılı olaraq fərqlənə bilər. Məsələn, texnologiya şirkətləri inkişaf potensialına görə çox zaman kommunal xidmət şirkətləri ilə müqayisədə daha yuxarı P/E nisbətlərinə malik olurlar.
P/E nisbətinin əhəmiyyəti
P/E nisbəti investorların səhmi qiymətləndirməsi üçün sürətli üsuldur. Xüsusilə eyni sahədəki şirkətləri müqayisə etmək baxımından faydalıdır. Məsələn, iki şirkət eyni sektorda fəaliyyət göstərir, ancaq biri daha yuxarı P/E nisbətinə malikdirsə, investorlar bu fərqin daha güclü inkişaf gözləntiləri və ya digər amillərlə əsaslandırılıb-əsaslandırılmadığını araşdıra bilərlər.
P/E nisbəti eyni zamanda aşağıdakı proseslərdə də istifadə olunur:
Skrininq: investorlar potensial olaraq həddindən aşağı qiymətləndirilən səhmləri filtrləmək üçün P/E nisbətindən istifadə edə bilərlər.
Keçmiş tendensiyaların qiymətləndirilməsi: şirkətin cari P/E nisbətini keçmiş göstəricilərlə müqayisə etmək bazarın həmin şirkətə münasibətinin necə dəyişdiyini göstərə bilər.
Bençmarkinq: P/E nisbətini sahə üzrə ortalamalar və ya daha böyük bazarla müqayisə etmək səhmin qiymətinin münasibliyini dəyərləndirmək üçün kontekst təmin etməyə kömək edə bilər.
P/E nisbətinin məhdudiyyətləri
P/E nisbəti nə qədər faydalı olsa da, mükəmməl deyil və tək istifadə edilməməlidir. Yadda saxlamalı olduğunuz bir neçə məhdudiyyət var:
Qazanclar mənfi olduqda işləmir. Şirkət pul itirdiyi halda, P/E nisbəti tətbiq edilmir.
Artım fərqlərini göstərmir. Yüksək artım potensialına malik olan şirkət üçün daha yuxarı P/E nisbəti qəbuledilən ola bilər, ancaq sabit qazancları olan yetkin şirkət üçün daha aşağı nisbət uyğun sayılır. Kontekst vacibdir.
Manipulyasiya edilə bilər. Şirkətlər bəzən işləri olduğundan daha yaxşı göstərmək üçün qazancları barədə hesabat vermək formalarını dəyişə bilərlər.
Digər amilləri nəzərə almır. P/E nisbəti üçün borc səviyyələri, pul vəsaitlərinin hərəkəti və ya digər əsas amillər nəzərə alınmır.
Odur ki, P/E nisbəti faydalı olsa da, həmişə gəlir, mənfəət marjaları və şirkətin borcları kimi digər göstəricilərə də baxmaq lazımdır.
Sahələr üzrə P/E nisbətlərinin müqayisəsi
P/E nisbətləri baxdığınız şirkət növündən asılı olaraq çox fərqlənə bilər. Buna görə də eyni sahə daxilindəki müəssisələri müqayisə etmək vacibdir. Məsələn:
Texnologiya sektoru: sürətlə inkişaf etməsi gözlənildiyi üçün çox vaxt daha yuxarı P/E nisbətlərinə malik olur.
Kommunal xidmətlər sektoru: sabit, proqnozlaşdırıla bilən qazancları olduğu üçün adətən daha aşağı P/E nisbətlərinə malik olur.
Texnologiya şirkəti ilə kommunal xidmət şirkətini yalnız P/E nisbətləri əsasında müqayisə etdiyiniz halda, səhv nəticəyə gələ bilərsiniz.
P/E nisbətləri və kriptovalyuta
P/E nisbətinin Bitcoin və ya digər kriptovalyutalar üçün effektiv olub-olmadığı ilə maraqlana bilərsiniz. Qısa cavab: effektiv deyil. Nisbəti hesablamaq üçün qazanc tələb olunduğundan P/E nisbətləri aydın mənfəət hesabatları hazırlayan şirkətlər üçün nəzərdə tutulub. Əksər kriptovalyutalar müəssisələr kimi qazanc hesabatları hazırlamır.
Ancaq komissiya qazanan mərkəzdənkənar maliyyə (DeFi) platformaları kimi bəzi kriptovalyuta sahələrində analitiklər bəzən oxşar ideyalardan istifadə edirlər. Məsələn, kriptovalyutanın qiymətini platformanın komissiyalardan əldə etdiyi qazanc əsasında təyin edə bilərlər. Bu üsullar hələ eksperimentaldır və geniş istifadə olunmur, ancaq insanların tanış maliyyə anlayışlarını kriptovalyuta sahəsinə gətirməyə çalışdıqlarını göstərir.
Yekun qeydlər
Qiymət-Qazanc (P/E) nisbəti səhmin cari qiymətini qazancları ilə müqayisə etməklə onun qiymətləndirilməsi ilə bağlı təsəvvür formalaşdıran və geniş istifadə olunan göstəricidir. O, investorların səhmin mənfəət potensialına əsaslanmaqla münasib qiymətləndirilib-qiymətləndirilmədiyini anlamalarına kömək edir. P/E nisbəti mükəmməl olmasa və tək istifadə edilə bilməsə də, səhmləri qiymətləndirmək istəyənlər üçün əla başlanğıc nöqtəsidir.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.