Əsas diqqət yetiriləcək məqamlar
PPP müxtəlif ölkələrdə əmtəə səbətinin dəyərinə baxmaqla valyutaları müqayisə etməyə kömək edir və hansı valyutanın sizə daha çox alıcılıq qabiliyyəti qazandırdığını görməyinizi asanlaşdırır.
PPP ÜDM-i tənzimləməyin və pulun müxtəlif yerlərdəki effektivliyini başa düşməyin açarıdır. Dünya miqyasında yaşayış standartları və iqtisadi vəziyyət haqqında daha aydın təsəvvür yaradır.
PPP dolayı yolla kriptovalyuta aləmi ilə əlaqəli ola bilər. O, daha zəif valyutaları olan ölkələrdə insanların alıcılıq qabiliyyətlərini qorumaq üçün kriptovalyutalardan və stabil koinlərdən necə istifadə edə biləcəyinə dair fikirlər təqdim edir.
Giriş
ABŞ-də dəyəri 10 $ olan məhsulun başqa ölkədə niyə daha ucuz ola biləcəyini heç düşünmüsünüz? Alıcılıq qabiliyyəti pariteti (PPP) anlayışından məhz burada istifadə olunur. PPP iqtisadçıların dünyadakı müxtəlif valyutaların alıcılıq qabiliyyətini müqayisə etmək üçün istifadə etdiyi termindir.
Sadə sözlərlə desək, PPP pulumuzla müxtəlif yerlərdə nə qədər məhsul ala biləcəyimizi anlamağımıza kömək edə bilər. İstər Braziliyada bir fincan qəhvə, istərsə də Almaniyada bir cüt idman ayaqqabısı olsun, PPP bizə ölkələr arasında bu qiymət müqayisələrini etməyin yolunu təqdim edir.
Gəlin bunun necə işlədiyini və qlobal iqtisadiyyatı anlamaq üçün niyə bu qədər vacib olduğunu öyrənək.
PPP necə işləyir?
Beləliklə, alıcılıq qabiliyyəti paritetinin ideyası bir qiymət qanunu adlandırılan prinsipə əsaslanır. Bu qanunda deyilir ki, maneələr olmasaydı, məzənnəni nəzərə alandan sonra eyni əmtəənin qiyməti hər yerdə eyni olmalıdır.
Təsəvvür edin ki, yeni telefon alırsınız. Əgər ABŞ-də eyni telefonun qiyməti 500 $, Yaponiyada isə 55 000 yendirsə, PPP-yə əsasən hər ABŞ dolları üçün xarici valyuta məzənnəsi 110 yen olmalıdır. Sadədir, elə deyilmi?
Təbii ki, həyat o qədər sadə deyil. Vergilər, çatdırılma xərcləri və yerli tələbat kimi məhsulların bir yerdə daha baha, başqa yerdə isə daha ucuz olmasına səbəb olan amillər mövcuddur. Odur ki, iqtisadçılar sadəcə bir elementə baxmaq əvəzinə, müxtəlif ölkələrdə insanların almağa meylli olduğu qida, geyim, mənzil və enerji kimi məhsulların qarışığından ibarət olan əmtəə səbətindən istifadə edirlər. Bu səbətin qiymətlərini müqayisə etməklə müxtəlif valyutaların nisbi gücünü anlamaq mümkündür.
PPP nə üçün vacibdir?
PPP yalnız iqtisadçılar üçün nəzərdə tutulmayıb. O, xüsusilə bir ölkənin iqtisadiyyatını və yaşayış dəyərini qiymətləndirmək baxımından real dünyada da xüsusi əhəmiyyətə malikdir. Bir ölkənin ümumi daxili məhsulu (ÜDM), yəni onun nə qədər məhsul istehsal etdiyi haqqında danışarkən çox vaxt ölkələr arasında qiymət fərqlərini tənzimləmək üçün PPP-dən istifadə edirik. Bu yolla insanların əslində nə qədər qazandığı və xərclədiyi barədə daha yaxşı təsəvvür əldə edirik.
Məsələn, Hindistanı götürək. Normal valyuta məzənnələrindən istifadə etsək, kağız üzərində adambaşına düşən ÜDM aşağı görünə bilər. Ancaq yaşayış minimumunu nəzərə alan PPP-yə uyğunlaşdırdığımız halda, mənzərə dəyişir. Bu halda orta gəlir digər ölkələrin gəliri ilə daha müqayisə oluna bilən olur və ümumi həyat səviyyəsini daha yaxşı başa düşürük.
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi təşkilatlar qlobal sərvətin bölüşdürülməsi ilə bağlı daha aydın təsəvvür formalaşdırmaq üçün PPP-yə uyğunlaşdırılmış ÜDM-dən istifadə edir.
Yaşayış standartlarının müqayisə edilməsi
PPP-nin ən faydalı xüsusiyyətlərindən biri onun yaşayış standartlarını müqayisə etməyə kömək etməsidir. Yerli qiymətlərə uyğunlaşdırmaqla əmək haqqınızın müxtəlif ölkələrdə nə qədərə çata biləcəyini görə bilərsiniz. İldə 50 000 $ sizin üçün bir yerdə rahat həyat tərzi təmin edə bilər, ancaq başqa bir yerdə yaşamaq üçün zorla kifayət edər.
Uzunmüddətli məzənnə proqnozları
Valyuta məzənnələri siyasət, birjalar və s. kimi müxtəlif səbəblərə görə qalxa və düşə bilər. Ancaq onlar zaman keçdikcə PPP-nin göstərdiyi həddə yaxın olur. İqtisadçılar ondan valyutaların mümkün davranışları ilə bağlı uzunmüddətli proqnozlar vermək üçün istifadə edirlər.
İqtisadi hiylələrin ifşa edilməsi
Bəzən hökumətlər öz valyutalarını olduğundan daha güclü göstərmək üçün rəsmi məzənnələri dəyişdirirlər. Belə vəziyyətlərdə PPP ölkənin valyutasının real dəyərini əks etdirmədiyini aşkar etmək üçün faydalı vasitə ola bilər.
PPP üçün real dünya nümunələri: Big Mac və iPad-lər
Yəqin ki, Big Mac İndeksi haqqında eşitmisiniz. O, PPP-ni başa düşmək üçün The Economist qəzətinin yaratdığı əyləncəli və asan üsuldur. İdeyası sadədir: McDonald's Big Mac-ları, demək olar ki, hər yerdə eyni olduğundan onların müxtəlif ölkələrdəki qiymətlərini müqayisə etmək hər bir valyutanın alıcılıq qabiliyyətinə qısa nəzər salmağınıza imkan verir. Əgər Big Mac-ın dəyəri ABŞ-də 5 $, Hindistanda isə cəmi 3 $-dırsa, bu fakt hər bir ölkənin valyutasının dəyəri haqqında məlumat vermiş olur.
İllər ərzində iPad İndeksi və ya KFC İndeksi kimi digər oxşar müqayisələr də meydana çıxıb. Bu vasitələr PPP-nin real həyatda necə istifadə edildiyini görməyi asanlaşdırmaq üçün gündəlik məhsullardan istifadə edir.
PPP ilə bağlı çətinliklər və məhdudiyyətlər
PPP nə qədər faydalı olsa da, mükəmməl deyil. Ümumi problem məhsulların keyfiyyəti ilə bağlıdır. Məsələn, bir ölkədə bir məhsul görünüşü eyni olsa da, daha keyfiyyətli olduğu üçün daha yüksək qiymətə satıla bilər. Beləliklə, qiymətləri müqayisə etmək həmişə "alma almaya bənzər" prinsipinə əsaslanmır.
Digər potensial məhdudiyyət satılmayan əmtəə ilə əlaqədardır. Daşınmaz əmlak və ya yerli xidmətlər (saç kəsimi və ya elektrik enerjisi kimi) kimi bəzi məhsullar beynəlxalq səviyyədə satılmır. Bu məhsulların qiymətləri yerli şəraitdən asılı olaraq çox fərqlənə bilər.
İnflyasiya və zamandan asılılıq da çətinliklər yarada bilər. PPP qiymətlərin zaman keçdikcə nisbətən sabit qaldığını nəzərə alır, ancaq hamımız bilirik ki, inflyasiya bu planı poza bilər. Bu gün mənalı olan qiymət müqayisəsi bir neçə ay sonra köhnəlmiş sayıla bilər.
PPP və Kriptovalyutalar
Alıcılıq qabiliyyəti pariteti və kriptovalyuta bazarları ənənəvi forex bazarları kimi birbaşa əlaqəli olmasa da, PPP müxtəlif ölkələrdə insanların kriptovalyutaları necə qavradıqları və onlarla necə rəftar etdikləri barədə fikirlər təmin edə bilər.
Bitcoin və digər kriptovalyutalar qlobal aktivlərdir, yəni heç bir ölkə ilə bağlı deyillər. Ancaq daha zəif valyutaları olan ölkələrdə (PPP əsasında) insanlar kriptovalyuta almağı daha bahalı hesab edə bilər, bu da onu valyuta devalvasiyasına qarşı potensial maneəyə çevirir. Bu, xüsusilə hiperinflyasiya ilə üzləşmiş ölkələr üçün xarakterikdir.
Daha zəif valyutalara və ya yüksək inflyasiyaya malik ölkələrdə stabil koinlər insanlara alıcılıq qabiliyyətlərini qorumaq üçün yol təklif edə bilər və bu, onları müəyyən regionlarda praktiki maliyyə vasitəsinə çevirə bilər. Stabil koinlər də riskli olsa da, PPP belə hallarda yerli valyutanı stabil koinə çevirməyin sərfəli olub-olmadığını müəyyən etməkdə rol oynaya bilər.
Yekun qeydlər
Bir sözlə, alıcılıq qabiliyyəti pariteti qlobal qiymətləri, mənfəətləri və iqtisadiyyatları anlamağa imkan verən güclü vasitədir. O, mükəmməl olmasa da, ölkələrin iqtisadi güclərini müqayisə edərək bərabər zəmin yaratmağa imkan verir.
Valyuta məzənnələrini proqnozlaşdırmağa çalışan iqtisadçı və ya qiymət strategiyalarını müəyyənləşdirən şirkət, yaxud da xaricdə hər şeyin niyə daha ucuz (yaxud daha baha) olduğunu başa düşmək istəyən həvəsli səyahətçi olmağınızdan asılı olmayaraq, PPP hər kəsə nəsə təklif edir.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir və bu məlumatların məqsədi hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək deyil. Məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Ətraflı məlumat üçün burada məsuliyyətdən imtina bölməsinin tam mətnini oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baş çəkin.