İstehlakçı qiyməti indeksi (CPI) nədir?
Əsas səhifə
Məqalələr
İstehlakçı qiyməti indeksi (CPI) nədir?

İstehlakçı qiyməti indeksi (CPI) nədir?

Başlanğıc
Yenilənib Aug 3, 2024
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • İstehlakçı qiyməti indeksi (CPI) müəyyən mal və xidmətlərin qiymətlərinin ortalama dəyişməsini əks etdirən iqtisadi göstəricidir.

  • CPI müəyyən müddət ərzində qiymətlərin nə qədər artdığını göstərən əsas inflyasiya ölçüsüdür. Siyasətçilər, müəssisələr və istehlakçılar ondan daha əsaslandırılmış qərarlar qəbul etmək üçün istifadə edirlər.

  • İnvestorlar CPI tendensiyalarına nəzarət etməklə iqtisadi mühiti daha yaxşı başa düşə və investisiyaları ilə bağlı daha əsaslandırılmış qərarlar qəbul edə bilərlər.

Giriş

İstehlakçı qiyməti indeksi (CPI) müəyyən mal və xidmətlərin qiymətlərinin ortalama dəyişməsini qiymətləndirən mühüm iqtisadi göstəricidir. CPI yaşayış minimumundan valyuta siyasəti qərarlarına qədər hər şeyə və istehlakçılardan siyasətçilərə qədər hər kəsə təsir edir. Bu məqalədə CPI-ın nə olduğu, iş prinsipi və kriptovalyuta bazarları ilə potensial əlaqəsi izah olunacaq.

CPI nədir?

İstehlakçı qiyməti indeksi (CPI) yaşayış minimumu ilə bağlı qiymət dəyişikliklərini qiymətləndirmək üçün istifadə edilən göstəricidir. CPI istehlak malları və xidmətləri səbətinin qiymət səviyyəsindəki dəyişiklikləri əks etdirir. O, mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin alıcılıq qabiliyyətini azaldan artma sürətini ifadə edən və ən çox istifadə olunan inflyasiya göstəricilərindən biridir.

CPI-ın iş prinsipi necədir?

CPI ABŞ-də Əmək Statistikası Bürosu (BLS) kimi yerli statistika agentlikləri tərəfindən hesablanır. Gəlin onun adətən necə işlədiyinə nəzər salaq.

1. Mal və xidmətlərin seçilməsi

Mal və xidmətlərdən ibarət nümunə səbət seçilir. Bu səbətə yemək, geyim, nəqliyyat, tibbi xidmət və əyləncə kimi adətən ailələrin aldığı məhsullar daxil olur. Seçimin məqsədi orta statistik istehlakçının xərcləmə vərdişlərini əks etdirməkdən ibarətdir.

2. Məlumatların toplanması

Səbətə daxil olan məhsulların qiymətləri vaxtaşırı toplanır. Bu məlumatlar pərakəndə satış mağazaları, xidmət təminatçıları və onlayn platformalar daxil olmaqla müxtəlif mənbələrdən toplanır. Coğrafi dəyişkənliyi nəzərə almaq üçün müxtəlif regionlardakı qiymətlər qeydə alınır.

3. Çəki

Səbətə daxil olan hər bir məhsul üçün orta statistik istehlakçının büdcəsindəki əhəmiyyətinə uyğun olaraq bir çəki təyin olunur. Məsələn, əgər istehlakçılar mənzilə əyləncədən daha çox pul xərcləyirlərsə, indeksdə mənzilin çəkisi daha yüksək olacaq.

4. İndeksin hesablanması

Səbətə daxil olan məhsulların qiymətləri baza dövrü ilə müqayisə edilir və indeks hesablanır. Baza dövrü adətən 100 olaraq təyin edilir və sonrakı dövrlər üçün CPI dəyəri bu baza dövrünə nəzərən qiymətlər üzrə faiz dəyişikliyini göstərir. Məsələn, CPI-ın 105 olması baza dövründən bəri qiymətlərdə 5% artım olduğunu göstərir.

CPI-dan istifadə halları 

CPI məlumatları bir neçə vacib funksiyanı yerinə yetirir:

1. İnflyasiya göstəricisi

CPI müəyyən müddət ərzində qiymətlərin nə qədər artdığını göstərən əsas inflyasiya ölçüsüdür. Siyasətçilər, müəssisələr və istehlakçılar ondan daha əsaslandırılmış qərarlar qəbul etmək üçün istifadə edirlər.

2. Yaşayış minimumu üzrə tənzimləmələr (COLA)

CPI inflyasiya ilə ayaqlaşmaq məqsədilə Sosial Müdafiə müavinətləri kimi gəlir ödənişlərini tənzimləmək üçün istifadə olunur. O bu ödənişlərin alıcılıq qabiliyyətinin illər boyu nisbətən sabit qalmasını təmin edir.

3. İqtisadi təhlil

İqtisadçı və siyasətçilər CPI-dan iqtisadi vəziyyətləri təhlil etmək və valyuta siyasəti ilə bağlı qərarlar qəbul etmək üçün istifadə edirlər. Məsələn, mərkəzi banklar inflyasiyaya nəzarət etmək üçün CPI məlumatları əsasında faiz dərəcələrini tənzimləyə bilərlər.

4. Maliyyə alətlərinin indeksləşdirilməsi

İnflyasiyadan Qorunan Xəzinə İstiqrazları (TIPS) kimi müəyyən maliyyə alətləri CPI-a indeksləşdirilir. Bu alətlər alıcılıq qabiliyyətlərini inflyasiyadan qorumaqda investorlara kömək edə bilər.

CPI iqtisadiyyata necə təsir edir?

1. İstehlakçı xərcləri

Artan CPI qiymətlərin daha yüksək olduğunu göstərir və nəticədə insanlar daha az mal və xidmət ala bildiyi üçün istehlak xərcləri azala bilər. Əksinə, sabit və ya azalan CPI insanları daha çox xərcləməyə cəsarətləndirə bilər.

2. Faiz dərəcələri

Federal Rezerv kimi mərkəzi banklar faiz dərəcələrini təyin etmək üçün CPI-a nəzarət edir. Adətən yüksək inflyasiya mərkəzi bankları daha yüksək faiz dərəcələrinin tətbiq edilməsi ilə iqtisadiyyatı soyutmağa təşviq edir. Digər tərəfdən, aşağı inflyasiya biznesi və iqtisadi inkişafı stimullaşdırmaq üçün daha aşağı faiz dərəcələrinin tətbiq edilməsi ilə nəticələnə bilər.

3. Maaşlar və əməkhaqları

İşəgötürənlər işçilərin alıcılıq qabiliyyətlərini qoruyub saxlamalarına kömək etmək üçün maaş və əməkhaqlarını CPI əsasında tənzimləyə bilərlər. Həmkarlar İttifaqları tez-tez əməkhaqqı danışıqlarında CPI məlumatlarından istifadə edirlər.

4. Hökumət siyasətləri

Sosial müavinətlər və vergi kateqoriyaları kimi hökumət proqramları tez-tez CPI-dan istifadə etməklə inflyasiyaya uyğunlaşdırılır. O bu proqramların real olaraq effektiv qalmasını təmin edir.

CPI və kriptovalyuta bazarları

CPI faiz dərəcələri ilə əlaqəsi səbəbindən bütün növ maliyyə bazarlarına, eləcə də kriptovalyutaya təsir göstərə bilər. Onun kriptovalyuta bazarlarına təsiri mürəkkəb və çoxşaxəli olsa da, bir neçə məqamı qeyd etmək lazımdır.

1. İnflyasiya hedci

CPI illər ərzində yüksəldikcə investorlar gəlirlərini və alıcılıq qabiliyyətlərini qoruyub saxlaya biləcək maliyyə aktivləri axtarırlar. Dəyişkən olmasına baxmayaraq, Bitcoin və digər əsas kriptovalyutaların inflyasiyaya qarşı hedc kimi uzunmüddətli investisiya portfelinə əlavə edilməsinə maraq artır.

2. Pul siyasəti və bazar əhval-ruhiyyəsi

Öyrəndiyimiz kimi, CPI dəyişiklikləri mərkəzi bank siyasətlərinə təsir göstərir. Məsələn, CPI məlumatları yüksək inflyasiya olduğunu göstərdiyi halda, mərkəzi banklar faiz dərəcələrini artıra bilər. Daha yüksək faiz dərəcələri ənənəvi investisiyaları daha cəlbedici göstərə və potensial olaraq kriptovalyuta qiymətlərinin azalmasına səbəb ola bilər. Əksinə, aşağı faiz dərəcələri kriptovalyuta bazarlarına müsbət təsir göstərir.

3. Qəbul və istifadə

Kriptovalyutalar yüksəkriskli aktivlər hesab olunur və qısa müddət ərzində dəyişkən ola bilər. Ancaq daha uzun müddət ərzində davamlı yüksək inflyasiya fiat valyutalarına qarşı inamı sarsıda və kriptovalyutaların qəbul və istifadə edilməsinin artmasına səbəb ola bilər.

Yekun qeydlər

Qiymət dəyişikliklərinin iqtisadiyyata və fərdi maliyyə qərarlarına necə təsir etdiyini anlamaq üçün CPI anlayışını başa düşmək çox vacibdir. CPI əsas inflyasiya göstəricisi kimi istehlakçı xərclərinə, faiz dərəcələrinə, əməkhaqlarına və hökumət siyasətlərinə təsir göstərir. O, kriptovalyuta bazarlarına da təsir edir və investorların davranışlarını və bazarın dinamikasını idarə edə bilər.

İnvestorlar CPI tendensiyalarına nəzarət etməklə iqtisadi mühiti daha yaxşı başa düşə və dəyişkən kriptovalyuta bazarlarındakı investisiyalar da daxil olmaqla investisiyaları ilə bağlı daha əsaslandırılmış qərarlar qəbul edə bilərlər.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bəyanat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölmələrimizə baxın.

Postları paylaşın
Əlaqəli məqalələr
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.