Əsas diqqət yetiriləcək məqamlar
Maliyyə siyasəti hökumətlərin işsizlik, inflyasiya və iqtisadi inkişaf da daxil olmaqla iqtisadi şəraitə təsir etmək üçün vergitutma və dövlət xərclərindən necə istifadə etdiyini müəyyən edir.
Bu, hakimiyyət orqanlarına vergi və digər xərclərin ödənilməsindən sonra fərdlərin və müəssisələrin qalan gəlirlərinə təsir etməklə iqtisadiyyatı əlverişli istiqamətə yönəltməyə imkan verən bir vasitədir ki, bu da öz növbəsində maliyyə bazarlarına təsir göstərir.
Maliyyə siyasəti vasitəsilə hökumətlər təhsil və səhiyyə kimi müxtəlif dövlət xidmətlərini maliyyələşdirir. O həmçinin iqtisadi sabitliyin qorunmasına kömək edir və həm iqtisadi partlayışların, həm də tənəzzüllərin mənfi təsirlərini azaldır.
Giriş
İqtisadi sabitlik və inkişaf xalqların rifahının açarıdır. Hökumətlər iqtisadi şəraitə təsir göstərmək üçün müxtəlif vasitələrdən istifadə etməklə bu məqsədlərə çatmağa kömək edə bilər. Maliyyə siyasətinin əsas məqsədləri iqtisadi sabitliyə nail olmaq, iqtisadi inkişafı təşviq etmək və sərvəti yenidən bölüşdürməkdir.
Bu məqalədə maliyyə siyasətinin iş prinsipini, onun kriptovalyuta bazarlarına necə təsir edə biləcəyini və bəzi üstünlük və çətinliklərini araşdıracağıq.
Maliyyə siyasəti nədir?
Maliyyə siyasəti iqtisadiyyata təsir etmək üçün vergilərin və dövlət xərclərinin istifadəsini nəzərdə tutur. Vergiləri və dövlət xərclərini tənzimləməklə hökumətlər inflyasiyaya nəzarət edə, iş yerləri yarada və iqtisadi inkişafı təşviq edə bilərlər.
Maliyyə siyasətinin iş prinsipi nədir?
Maliyyə siyasətinin üç növü var: neytral, genişləndirici və daraldıcı.
Neytral maliyyə siyasəti
Neytral maliyyə siyasəti dövlət büdcəsini balanslı, yəni hökumətin xərclədiyi məbləği onun qazandığı məbləğə bərabər saxlamağı nəzərdə tutur. O, adətən iqtisadiyyatı sabit saxlamaq və hər hansı əlavə müdaxilənin qarşısını almaq üçün istifadə olunur.
Təsəvvür edin ki, A ölkəsi Alisa və Bob tərəfindən idarə olunan bir evdir. Yalnız qazandıqlarını xərclədiklərinə əmin olmaq üçün aylıq gəlir və xərclərini diqqətlə idarə edirlər. Alisa 1000 $, Bob isə 1000 $ qazanırsa, onlar aylıq xərclərini 2000 $ kimi planlaşdırırlar. Bu, neytral maliyyə siyasəti dövründə hökumət xərclərinin və gəlirlərinin necə balanslaşdırıla biləcəyini, bununla da iqtisadi sabitliyin təmin edilməsini əks etdirir.
Nümunə
2019-cu ildə Almaniya balanslaşdırılmış büdcəni saxlayaraq neytral maliyyə siyasəti həyata keçirdi. O, yeni borcların qarşısını almaqla yanaşı, iqtisadi sabitliyi qorumaq üçün nəzərdə tutulmuşdu.
Genişləndirici maliyyə siyasəti
Genişləndirici maliyyə siyasəti iqtisadi inkişafı stimullaşdırmaq üçün dövlət xərclərinin artırılmasını və vergilərin azaldılmasını nəzərdə tutur. Bu, adətən tənəzzül və ya yüksək işsizlik dövrlərində həyata keçirilir. Məqsəd istehlakçı və biznes xərclərini artırmaqdır ki, bu da iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın artmasına səbəb ola bilər.
Təsəvvür edin ki, B ölkəsinin hökuməti vergiləri azaltmaqla iqtisadiyyatı stimullaşdırmağı planlaşdırır. B ölkəsinin sakinləri olan Alisa və Bob qəfildən başa düşürlər ki, onların xərcləmək üçün daha çox vəsaiti var. Alisa əlavə vəsaitdən evini təmir etmək üçün, Bob isə yeni kompüter almaq üçün istifadə edir. Əmtəə və xidmətlərə tələbat artır, daha çox iş yerləri açılır və iqtisadi fəallıq inkişaf edir.
Nümunə
2008-ci il maliyyə böhranı zamanı ABŞ hökuməti iqtisadiyyatı canlandırmaq üçün genişləndirici maliyyə siyasəti həyata keçirdi. Bir çox ev təsərrüfatlarının vergi yükünü azaltmaq üçün vergi güzəştləri tətbiq edildi. Bu, insanlara daha çox gəlir əldə etməyə imkan verdi və nəticədə xərclərin artmasına səbəb oldu.
Artan xərclər əmtəə və xidmətlərə tələbatın artmasına səbəb oldu və bu, müəssisələri işə daha çox işçi götürməyə sövq etdi. Məşğulluq artdıqca daha çox insanın xərcləməyə pulu oldu ki, bu da iqtisadi fəallığı daha da artırdı və iqtisadiyyatın bərpasını dəstəklədi.
Daraldıcı maliyyə siyasəti
Daraldıcı maliyyə siyasəti iqtisadi inkişafı yavaşlatmaq və inflyasiya ilə mübarizə aparmaq üçün dövlət xərclərinin azaldılmasını və vergilərin artırılmasını nəzərdə tutur. Tədavüldə olan pulun həcmini azaltmaqla hökumət ümumi tələbatı azaltmağı hədəfləyir ki, bu da qiymətlərin aşağı düşməsinə kömək edə bilər.
Təsəvvür edin ki, C ölkəsinin hökuməti vergiləri artırmaqla inflyasiyanı yavaşlatmaq istəyir. Nəticədə, C ölkəsinin sakinləri olan Alisa və Bob daha az pul xərclədiklərini görürlər. Alisa yeni avtomobil almaq planlarını təxirə salmaq qərarına gəlir, Bob isə planlaşdırdığı alışları ləğv edir. İstehlakçı tələbatı azalır və müəssisələr satışlarda azalma ilə üzləşir. Bu, iqtisadiyyatı yavaşlatmağa və artan qiymətlərə nəzarət etməyə kömək edir.
Nümunə
1980-ci illərin əvvəllərində ABŞ hökuməti inflyasiya ilə mübarizə aparmaq üçün daraldıcı maliyyə siyasətindən istifadə etdi. İqtisadiyyatı yavaşlatmaq üçün vergiləri artırdılar və dövlət xərclərini azaltdılar. Ümumi tələbatın azalması qiymətlərin sabitləşməsinə kömək etdi. Bununla belə, bu həm də işsizliyin müvəqqəti artmasına səbəb oldu, çünki müəssisələr daha yüksək vergilər və aşağı istehlak xərcləri ilə üzləşdi.
Kriptovalyutada maliyyə siyasəti
Maliyyə siyasəti kriptovalyuta bazarı da daxil olmaqla maliyyə bazarlarına da təsir edə bilər. Kriptovalyutalar ənənəvi bazarlardan asılı olmayaraq fəaliyyət göstərsə də, maliyyə siyasətindəki dəyişikliklər kritpo aktivlərin dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Genişləndirici maliyyə siyasətinin təsiri
Hökumət genişləndirici maliyyə siyasətindən istifadə etdikdə dövriyyəyə daha çox pul daxil olur. Bu əlavə pul daha yüksək istehlak xərcləri və investisiya ilə nəticələnir, çünki insanlar vergi və digər xərclərin ödənilməsindən sonra daha çox qalıq gəlirə malik olur. Kriptovalyuta kontekstində bu o deməkdir ki, insanların kriptovalyutaları almaq ehtimalı daha yüksək olur və bu, qiymətləri yüksəldə bilər.
Nümunə
Tutaq ki, Alisa vergi və digər xərclərin ödənilməsindən sonra ona daha çox gəlir təmin edən vergi güzəşti alır. O, bu əlavə pulun bir hissəsini bitcoin və ether-ə investisiya etmək qərarına gəlir. Alisa kimi daha çox insan vergi və yaşayış xərclərindən sonra qalan əlavə gəlirlərini kriptovalyutalara investisiya etdikcə kritpo aktivlərinə tələbat artır. Tələbat və həcm artdıqca bazar qiymətləri ümumiyyətlə yüksəlir.
Daraldıcı maliyyə siyasətinin təsiri
Hökumət daraldıcı maliyyə siyasəti tətbiq etdikdə pul dövriyyədən çıxarılır, nəticədə istehlak xərcləri və investisiyalar azalır. Bu o deməkdir ki, insanların vergi və yaşayış xərclərindən sonra kriptovalyutalara sərmayə qoymaq üçün daha az gəliri qalır ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
Alisa vergi artımı ilə üzləşərsə, onun xərcləmək və ya investisiya etmək üçün daha az pulu olacaq. Nəticə etibarilə, o daha çox bitcoin və ya ether almaqdan imtina edə bilər. Daha az insan kriptovalyutalara sərmayə qoyduqca tələbat azalır, bu da qiymətlərin düşməsinə və ya sabit qalmasına səbəb ola bilər.
Hökumətin stimullaşdırıcı paketlərinin təsiri
Genişləndirici maliyyə siyasətinin bir forması olan hökumətin stimullaşdırıcı paketləri kriptovalyuta bazarlarına da təsir göstərə bilər. Məsələn, COVID-19 pandemiyası zamanı bir çox hökumət öz vətəndaşlarına maliyyə yardımı təklif etdi. Bəzi alıcılar bu pulu kriptovalyutalara investisiya edərək kriptovalyuta qiymətlərinin artmasına kömək etdi.
Maliyyə siyasətinin faydaları
İqtisadi sabitlik
Maliyyə siyasəti inflyasiyanı idarə etməklə və işsizliyi azaltmaqla iqtisadiyyatı sabitləşdirə bilər. Genişləndirici maliyyə siyasəti iqtisadi tənəzzül zamanı inkişafı stimullaşdıra və iş yerləri yarada bilər, daraldıcı maliyyə siyasəti isə iqtisadi partlayışlar zamanı inflyasiyaya nəzarət etməyə kömək edə bilər.
Təkmilləşdirilmiş infrastruktur
Artan dövlət xərcləri nəqliyyat sistemlərini və telekommunikasiyanı təkmilləşdirərək infrastrukturu yaxşılaşdıra bilər. Məsələn, Çinin Kəmər və Yol Təşəbbüsünə (BRI) sərmayə qoyması onun nəqliyyat infrastrukturunu təkmilləşdirərək ticarət və iqtisadi inkişafı artırıb.
Pulsuz dövlət xidmətləri
Daha yüksək gəlirlərə daha yüksək vergi dərəcələri tətbiq etməklə hökumətlər bir sıra ictimai xidmətləri maliyyələşdirə bilərlər. Məsələn, İsveç pulsuz səhiyyə və ali təhsili təmin etmək üçün qabaqcıl vergitutma siyasəti tətbiq edir və gəlirindən asılı olmayaraq hər kəsin bu xidmətlərdən istifadə edə bilməsini təmin edir.
Yekun qeydlər
Maliyyə siyasəti işsizlik, inflyasiya və iqtisadi inkişaf da daxil olmaqla iqtisadi şəraitə təsir etmək üçün vergitutma və dövlət xərclərindən istifadəni müəyyən edir. Maliyyə siyasəti fərdlərin və müəssisələrin vergilər və əsas xərclərdən sonra əldə etdiyi gəlirlərə təsir etdiyi üçün kriptovalyuta bazarına dolayı təsir göstərir. Onun bəzi üstünlüklərinə iqtisadi sabitlik, təkmilləşdirilmiş infrastruktur və pulsuz ictimai xidmətlər daxildir.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.