Əsas diqqət yetiriləcək məqamlar
Kriptovalyuta vergiləri dünyada müxtəlif formalarda tətbiq edilir. Bəzi ölkələr kriptovalyutanı əmlak kimi qəbul edir və kapital mənfəəti vergisi alır, digərləri isə gəlir vergisi tətbiq edir. Ümumiyyətlə kriptovalyuta vergisi tətbiq edilməyən ölkələr də var.
Vergi tətbiq edilən hallara sadəcə satış daxil deyil. Mayninq və steykinq vasitəsilə kriptovalyutaların treydinqi, xərclənməsi və ya qazanılması vergilərin tətbiq edilməsi ilə nəticələnə bilər. Adətən saxlama və ya şəxsi pul kisələri arasında transferə vergi tətbiq edilmir.
Qaydalar təkmilləşdirilməkdədir. Hökumətlər daha aydın vergi qaydaları və daha ciddi hesabatlılıq tələbləri təqdim etdiyi üçün kriptovalyuta treyderləri və investorların yeniliklərdən xəbərdar olması vacibdir.
Giriş
Kriptovalyuta vergiləri yaşadığınız yerdən asılı olaraq fərqli şəkildə tətbiq edilir. Bəzi ölkələr kriptovalyutaya yüksək vergilər tətbiq etsə də, bəziləri ümumiyyətlə vergi tətbiq etmir. Hər hökumətin kriptovalyutaları təsnif etmək üçün fərqli qaydaları var və bu, ödəməli olduğunuz vergi məbləğinə təsir edir.
Kriptovalyutalar hansı formada vergiyə cəlb olunur?
Əksər ölkələr kriptovalyutaya istifadə edilmə formaları əsasında vergi tətbiq edir. Əksər yerlərdə ona əmlak və ya investisiya aktivi kimi baxılır, yəni satıldıqda və ya ticarət edildikdə (səhmlər kimi) kapital mənfəəti vergisi tətbiq edilir. Mayninq, steykinq və ya mal və xidmətlər üçün ödəniş kimi kriptovalyuta qazandığınız halda, gəlir vergisi tutan ölkələr də var.
Kriptovalyutaya vergi tətbiqetmə qaydaları regiona görə dəyişəcək. Müxtəlif ölkələri ayrı-ayrılıqda müzakirə etməzdən əvvəl bəzi ümumi qaydaları müzakirə edəcəyik, ancaq burada təqdim olunan məlumatların yalnız maarifləndirmə məqsədləri üçün nəzərdə tutulduğunu unutmayın. Kriptovalyuta vergisi ilə bağlı vəziyyətinizi dəqiq bilmədiyiniz halda, regionunuzdakı lisenziyalı vergi məsləhətçisi ilə danışmağı tövsiyə edirik.
Kriptovalyuta vergilərini nə vaxt ödəmək lazımdır?
Kriptovalyuta ilə ticarət edərkən və ya investisiya qoyarkən ümumi vergi tutulan hallara aşağıdakılar daxildir:
Kriptovalyutanın nağd pul qarşılığında satılması – Bitcoin və ya digər kriptovalyutanı nağd pul qarşılığında satdığınız halda, əldə etdiyiniz istənilən mənfəətdən vergi ödəməli ola bilərsiniz.
Bir kriptovalyutanın digəri ilə treydinq edilməsi – Bir kriptovalyutanın digəri ilə svop edilməsi adətən vergi tutulan haldır (məsələn, SOL ilə ETH treydinqi).
Kriptovalyuta ilə satın almaq – Mal və ya xidmətlər üçün kriptovalyuta ilə ödəniş etmək onun satışı kimi olduğu üçün vergi ödəməli ola bilərsiniz.
Kriptovalyuta ilə ödəniş qəbul etmək – Mayninq, steykinq etdiyiniz və ya kriptovalyuta ilə ödəniş qəbul etdiyiniz hallarda adətən gəlir kimi vergi tətbiq edilir.
Kriptovalyutaya görə vergi ödəməli olmadığınız hallar
Kriptovalyutanın alınması və saxlanılması – Kriptovalyuta aldığınız, ancaq satmadığınız halda, adətən vergi tutulmur.
Pul kisələriniz arasında transfer – Ümumilikdə şəxsi pul kisələri arasında kriptovalyuta köçürməyə görə vergi tətbiq edilmir.
Müxtəlif ölkələrin kriptovalyutaya vergi tətbiq etmək formaları
Birləşmiş Ştatlar
Daxili Gəlir Xidməti (IRS) kriptovalyutaya əmlak kimi yanaşır. Bu o deməkdir ki, kriptovalyuta satıldıqda, onunla ticarət edildikdə və ya xərcləndikdə kapital mənfəəti vergisi tətbiq edilir. Vergi dərəcəsi kriptovalyutanın saxlanılma müddətindən asılıdır:
Qısamüddətli mənfəətlər (bir ildən az saxlanılır) – Daimi gəlir kimi vergi tətbiq edilir (10%-dən 37%-ə qədər).
Uzunmüddətli mənfəətlər (bir ildən artıq saxlanılır) – Gəlirinizdən asılı olaraq 0%, 15% və ya 20% vergi tətbiq edilir.
Kriptovalyuta mayninq və ya steykinq yolu ilə gəlir kimi qazanıldığı halda, ona şəxsin adi vergi dərəcəsi ilə gəlir vergisi tətbiq edilir. IRS eyni zamanda 2025-ci ildən kriptovalyuta brokerlərindən tranzaksiyalar barədə 1099-DA forması üzrə hesabat vermələrini tələb edir.
Kriptovalyuta itkiləri mənfəətləri kompensasiya etmək üçün istifadə edilə bilər və investorlar adi gəlirdən ildə 3000 $-a qədər çıxa bilərlər.
Kanada
Kanada kriptovalyutanı əmtəə kimi qəbul edir və vergilər onun necə istifadə edilməsindən asılıdır:
Kriptovalyutanın satışı və ya treydinqi – Kapital mənfəəti vergisi tətbiq edilir, ancaq gəlirin yalnız 50%-i vergiyə cəlb edilir.
Kriptovalyutaların qazanılması – Biznes gəliri hesab edilir və federal səviyyədə maksimum 33% vergi və əyalət vergiləri tətbiq edilir.
Kriptovalyuta ticarətləri nəticəsində meydana gələn itkilər gələcək illərdə vergi tətbiq ediləcək gəlirinizi azaltmağa kömək edə bilər.
Birləşmiş Krallıq
Birləşmiş Krallıq kriptovalyutaya əmlak kimi yanaşır. Kapital mənfəəti vergisi tətbiq edilir və gəlir kateqoriyasına görə dəyişir:
Əsas dərəcə ilə vergi ödəyən vergi ödəyiciləri – İllik normadan yuxarı olan mənfəətlərə görə 10% vergi (2024-cü ildən 3000 £).
Daha yüksək dərəcə ilə vergi ödəyən vergi ödəyiciləri – mənfəətlərə görə 20% vergi.
Mayninq, steykinq və ya ödəniş yolu ilə kriptovalyuta qazandığınız halda, ona gəlir kimi vergi tətbiq edilir. Eyni zamada itkilərdən vergi tətbiq edilən mənfəətlərinizi azaltmaq üçün də istifadə edə bilərsiniz.
Avstraliya
Avstraliyada Avstraliya Vergi İdarəsi (ATO) kriptovalyutanı əmlak kimi qəbul edir və satdığınız və ya ticarət etdiyiniz zaman kapital mənfəəti vergisi tətbiq edir:
Qısamüddətli mənfəətlər (bir ildən az) – Daimi gəlir kimi vergi tətbiq edilir (45%-ə qədər).
Uzunmüddətli mənfəətlər (bir ildən artıq) – 50% vergi endirimi əldə edir.
Kriptovalyutaların qazanılması gəlir kimi qəbul edilir və vergi dərəcələri şəxsin qazanclarından asılı olur. Gələcək mənfəətləri kompensasiya etmək üçün kriptovalyuta itkilərindən də istifadə edilə bilər.
Yaponiya
Yaponiyada kriptovalyuta üzrə dünyanın ən yüksək vergi dərəcələri tətbiq edilir. Hökumət kriptovalyuta mənfəətlərini digər gəlirlər kimi təsnif edir, yəni:
Vergi dərəcələri gəlirdən asılı olaraq 15%-dən 55%-ə qədərdir.
Digər vergi tətbiq edilən gəlirləri azaltmaq üçün itkilərdən istifadə edilə bilməz.
Yaponiya vergi strukturu səbəbindən kriptovalyuta investorlarını daha az cəlb edir. Ancaq sistemin uzunmüddətli investorlar üçün daha əlverişli olması məqsədilə bəzi islahatlar müzakirə edilməkdədir.
Kriptovalyutaya vergi tətbiq etməyən ölkələr
Bəzi ölkələr kriptovalyutaya vergi tətbiq etmədiyi üçün investorlar arasında populyardır. Onlara misal olaraq Birləşmiş Ərəb Əmirlikləri, Malta və Kayman adalarını göstərmək olar.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
BƏƏ kriptovalyutadan şəxsi gəlir vergisi və ya kapital mənfəəti vergisi tutmur. Buna baxmayaraq, kriptovalyuta ilə məşğul olan müəssisələrə 9% korporativ vergi tətbiq edilə bilər.
BƏƏ bir çox blokçeyn həvəskarlarını və şirkətləri cəlb etməklə kriptovalyuta mərkəzi kimi mövqeyini möhkəmləndirib.
Malta
Malta uzunmüddətli kriptovalyuta mənfəətləri üçün 0% vergi dərəcəsi təklif etsə də, qısamüddətli ticarətlər üçün gəlir vergisi (15%–35%) tətbiq edir. Ölkə kriptovalyuta bizneslərini yurisdiksiyası daxilində fəaliyyət göstərməyə təşviq edən aydın normativ bazası ilə tanınır.
Kayman adaları
Kayman adalarında kriptovalyuta ilə bağlı heç bir gəlir, kapital mənfəəti vergisi və ya korporativ vergi yoxdur və bu səbəbdən investorlar üçün vergi cənnəti hesab olunur. Region kriptovalyuta hedcinq vəsaitləri və blokçeyn startapları üçün populyar məkana çevrilib.
Kriptovalyuta vergiləri ilə bağlı nələr gözlənilir?
Hökumətlər sahə ilə ayaqlaşmağa çalışdıqca kriptovalyuta vergiləri dəyişir. Bir sıra əsas tendensiyalara aşağıdakılar daxildir:
Daha aydın qaydalar – Getdikcə daha çox ölkə kriptovalyuta investorları üçün aydın vergi qaydaları müəyyən edir.
Daha güclü hesabatlılıq tələbləri – Bir çox hökumət kriptovalyuta birjalarından istifadəçi tranzaksiyaları barədə vergi orqanlarına hesabat vermələrini tələb edir.
Qlobal vergi standartları – Gələcəkdə vergidən yayınmanın qarşısını almaq üçün beynəlxalq təlimatlar ola bilər.
Qaydalar dəyişdikcə cərimələrdən yayınmaq üçün ölkənizin vergi qanunları barədə məlumatlı olmaq vacibdir.
Yekun qeydlər
Kriptovalyuta vergiləri yaşadığınız yerdən asılı olaraq xeyli fərqli ola bilər. Bəzi yerlərdə vergilər yüksəkdir, digərlərində isə kriptovalyutaya ümumiyyətlə vergi tətbiq edilmir. Kriptovalyutaya investisiya qoyur və ya ticarət edirsinizsə, ölkənizin vergi qaydalarını bildiyinizdən əmin olun. Tranzaksiyalara nəzarət etmək və vergi eksperti ilə konsultasiya tələblərə uyğunluğu təmin etməyinizə və lazımsız cərimə və cəzalardan yayınmağınıza kömək edə bilər.
Kriptovalyuta vergilərini anlamaq çətin məsələ deyil. Düzgün məlumatlar sayəsində ağıllı maliyyə qərarları qəbul edə və vergi dövrü gəldikdə sürprizlərdən qoruna bilərsiniz.
Tövsiyə olunan ədəbiyyat
İmtina: Binance vergi və ya maliyyə məsləhəti vermir. Ölkənin vergi qaydalarından asılı olaraq əmtəə ticarəti etdiyiniz və kapital mənfəətləri (və ya itkiləri) meydana gələn hallarda vergi ödəməli ola bilərsiniz. Müxtəlif ölkələrdə kriptovalyutalara vergi tətbiq edilməsi ilə bağlı müxtəlif normativ bazalar mövcud olduğuna görə vergi vəziyyətləriniz barədə əlavə məlumat əldə etmək üçün şəxsi vergi məsləhətçinizə müraciət etməyinizi tövsiyə edirik. Sizə uyğun olan düzgün vergi yurisdiksiyasını seçmək üçün özünüz məsuliyyət daşıyırsınız.
Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Akademiyasının fikirlərini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.