Əsas diqqət yetiriləcək məqamlar
Smart müqavilələr müqavilə şərtlərini avtomatlaşdıran və tətbiq edən Ethereum və BNB smart zənciri kimi blokçeynlər üzərində öz-özünə icra olunan rəqəmsal müqavilələrdir.
Smart müqavilələr vasitəçilərdən asılılığı azaldarkən şəffaflıq, təhlükəsizlik, mərkəzdənkənarlıq və səmərəlilik təklif edə bilər.
Smart müqavilələr ənənəvi prosesləri və tranzaksiyaları sadələşdirərək müxtəlif sənaye sahələrində səmərəliliyi artırmaq üçün güclü vasitə ola bilər.
Smart müqavilə nədir?
Smart müqavilə kodla yazılmış və blokçeyndə saxlanılan, öz-özünə icra olunan rəqəmsal müqavilədir. Vasitəçilərə ehtiyac duymadan fəaliyyət göstərə bilir, daha çox təhlükəsizlik və şəffaflıq üçün blokçeyn texnologiyasından istifadə edə bilir, istifadəçilərə müqavilələri tətbiq etmək və müxtəlif prosesləri sadələşdirmək üçün metod təqdim edir.
Müqavilənin alıcı və satıcı tərəfindən yerinə yetirilməsini təmin etmək üçün üçüncü tərəf cəlb edilmədən onların bir-biri ilə əməliyyat aparması üçün smart müqavilələr faydalıdır. Tutaq ki, rəqəmsal sənət əsəri almaq istəyirsiniz. Ənənəvi olaraq, bu tranzaksiyada vasitəçi kimi fəaliyyət göstərmək üçün incəsənət qalereyası tələb oluna bilər.
Smart müqavilə vasitəçiyə güvənmək əvəzinə müqavilənin şərtlərini yerinə yetirmək və tətbiq etmək üçün kompüter kodundan istifadə edir. Bunu virtual "əgər-onda" funksiyası kimi düşünə bilərsiniz. Məsələn, əgər alıcı razılaşdırılmış məbləği göndərirsə, onda smart müqavilə icra olunur və rəqəmsal sənət əsərinin mülkiyyət hüququ satıcıdan alıcıya transfer edilir.
Smart müqavilələr nə üçün istifadə olunur?
Smart müqavilələrdə sadə tranzaksiyalardan daha çox funksiyaya malik tətbiqlər var. Ənənəvi sistemlərin dəstəkləyə bilmədiyi yeni istifadə hallarına imkan verməklə blokçeynin əsas mənimsənilmə potensialını artıra bilər. Cari istifadə hallarına daxildir:
Maliyyə tranzaksiyaları
Müzakirə edildiyi kimi, kriptovalyutadakı smart müqavilələr avtomatlaşdırılmış və təhlükəsiz maliyyə tranzaksiyaları (məsələn, rəqəmsal valyutaların transferi, ödəniş etmək və daha mürəkkəb maliyyə müqavilələrinin fərdlərarası şəkildə icrası) üçün istifadə edilə bilər.
Mərkəzləşdirilməmiş tətbiqlər
Smart müqavilələr bir çox mərkəzləşdirilməmiş tətbiqin (Dapp-lər) əsasını təşkil edir. Bu Dapp-lər borc verməyi, borc almağı və treydinqi asanlaşdıran mərkəzdənkənar maliyyə (DeFi) plaformaları, eləcə də oyundaxili aktivlər və rəqəmsal kolleksiyalar üçün dəyişdirilə bilməyən tokenləri (NFT-lər) birləşdirən oyun platformaları da daxil olmaqla geniş funksiyaları əhatə edir.
Smart müqavilə üzrə NFT token platformaları blokçeyn şəbəkələrində smart müqavilələrin proqramlaşdırılması və təhlükəsizliyindən istifadə edərək unikal rəqəmsal aktivlərin tokenləşdirilmiş elemenlər kimi yaradılmasına, mülkiyyətə çevrilməsinə və treydinqinə imkan verir.
Sığorta
Smart müqavilələr tələb əməliyyatlarını avtomatlaşdıraraq, uyğunluğu doğrulayaraq və əvvəlcədən müəyyənləşdirilmiş şərtlər əsasında ödəmələri asanlaşdıraraq sığorta proseslərini sadələşdirə bilər. Bu, sənədləşməni azalda, səmərəliliyi artıra və sığorta sənayesində şəffaflığı artıra bilər.
Təchizat zəncirinin idarə edilməsi
Smart müqavilələr təchizat zənciri boyunca malların hərəkətini izləyə və doğrulaya, şəffaflığı, izlənilməyi təmin edə və saxtakarlığı azalda bilər. Onlar sifarişin yerinə yetirilməsi, ödəniş yerləşməsi və keyfiyyətə nəzarət kimi təchizat zəncirinin idarə edilməsi proseslərini avtomatlaşdıra bilər.
Əqli mülkiyyət
Smart müqavilələr çox vaxt NFT-lər vasitəsilə musiqi, incəsənət və ya yazılı məzmun kimi əqli mülkiyyətlərə sahib olunmasını və onların paylanmasını idarə edə bilər. Smart müqavilələr yaradıcılara lisenziya şərtlərini müəyyən etməyə, qonorar ödənişlərini avtomatlaşdırmağa və rəqəmsal aktivlərin bərabər şəkildə paylanmasını təmin etməyə imkan verir.
Səsvermə sistemləri
Smart müqavilə səslərin tamlığını təmin etməklə, saxtakarlığın qarşısını almaqla və nəticələrin dərhal cədvəl halına salınmasına imkan verməklə təhlükəsiz və şəffaf səsvermə sistemlərini asanlaşdıra bilər. Bu, demokratik proseslərdə etimadın və şəffaflığın artırılmasına kömək edə bilər.
Smart müqavilələrin iş prinsipi necədir?
Smart müqavilələrin düzgün fəaliyyət göstərməsi blokçeyn texnologiyası, kod icrası və mərkəzləşdirilməmiş konsensusun birləşməsinə əsaslanır. Smart müqavilələrin necə işlədiyinə dair sadələşdirilmiş izah belədir:
1. Yaradılma və yerləşdirilmə
Smart müqavilə developeri blokçeyn platformasına (məsələn, Ethereum üçün Solidity və Solana üçün Rust) uyğun olan proqramlaşdırma dilindən istifadə edərək smart müqavilə yaradır. Müqavilə daha sonra blokçeyn şəbəkəsinə yerləşdirilir və blokçeynin mərkəzləşdirilməmiş ekosisteminin bir hissəsinə çevrilir.
2. Kod və şərtlər
Smart müqavilədə müəyyən müqavilənin, proqramın və ya tranzaksiyanın şərtlərini və qaydalarını müəyyən edən kod mövcuddur. Bu şərtlər bir ödəniş qədər sadə və ya çoxlu iştirakçı və məlumat nöqtəsi tələbləri olan çoxmərhələli proses qədər mürəkkəb ola bilər.
3. Müqavilə imzalanması
Yerləşdirildikdən sonra blokçeynə girişi olan hər kəs onunla interaksiya yaradaraq smart müqaviləyə müraciət edə bilər. Smart müqaviləyə müraciət etmək adətən müqavilə daxilində xüsusi funksiyaların çağırılmasını və lazımi məlumatları təqdim etməyi əhatə edir.
İstifadəçilər MetaMask və ya Phantom kimi kriptovalyuta pul kisələrindən istifadə edərək DeFi xidmətləri və Dapp-lər ilə interaksiya yaratdıqda onların interaksiyasının əksəriyyəti smart müqavilələrin işinə əsaslanır.
4. Təsdiqləmə və icra
Smart müqavilə işə salındıqda tranzaksiya blokçeyn şəbəkəsi tərəfindən doğrulanacaq və təsdiqlənəcək. Müqavilədə göstərilən şərtlər yerinə yetirildikdə tapşırıq avtomatik icra olunur.
5. Dəyişməz qeyd
Şərtlər və tranzaksiya təsdiq edildikdən sonra o, blokçeyn verilənlər bazasında dəyişməz daxiletmə kimi qeydə alınır. Tipik olaraq bu daxiletməyə tranzaksiyanın bütün müvafiq məlumatları daxildir və onu şəffaf, yoxlanıla bilən və doğrulana bilən hala gətirir.
6. Yekun
Mərkəzdənkənar və müdaxiləyədavamlı verilənlər bazasında (blokçeyn hesab dəftəri) saxlanıldığı üçün smart müqavilənin icrası yekundur və geri qaytarıla bilməz. Bu, fırıldaqçılıq və ya icazəsiz dəyişikliklər riskini azaldaraq tranzaksiyanın tamlığını və təhlükəsizliyini təmin edir.
Məşhur smart müqavilə platformaları
Ethereum (ETH): Ethereum smart müqavilələrə öncülük etdi və ən böyük developerlər birliyinə malik ən dominant platforma olaraq qalır. Lakin yüksək tranzaksiya ödənişləri var.
BNB smart zənciri (BSC): BSC-nin proqramlaşdırma dili Ethereum-un dilinə bənzədiyi üçün layihələrini bir platformadan digərinə köçürmək istəyən developerlər arasında məşhurdur. Komissiyaları da nisbətən aşağıdır.
Solana (SOL): yüksək tranzaksiya sürəti və aşağı komissiyaları ilə tanınan Solana ən məşhur smart müqavilə platformalarından birinə çevrildi.
Cardano (ADA): Cardano təhlükəsizlik və davamlılığa xüsusi diqqət yetirməklə inkişaf ilə bağlı daha peşəkar yanaşma tətbiq edir.
Polkadot (DOT): qarşılıqlı fəaliyyəti ilə tanınan Polkadot müxtəlif blokçeynlərin bir-biri ilə əlaqə saxlamağına və məlumat paylaşmağına imkan verir.
Smart müqavilələrin mənfi cəhətləri nələrdir?
Smart müqavilələrin çoxsaylı üstünlükləri olsa da, bir sıra çatışmazlıqları da mövcuddur. Bəzi mənfi cəhətləri aşağıdakılardır:
1. Xarici datadan asılılıq
Smart müqavilələr, adətən, xarici dünyadan məlumat əldə etmək üçün oracle adlanan xarici data mənbələrinə əsaslanır. Smart müqavilələrin özləri müdaxiləyədavamlı olsa da, bu oracle-lar mərkəzləşdirilmiş, dəyişikliyə həssas ola biləcəyi və ya hətta kəsintilərə məruz qala biləcəyi üçün potensial həssaslıqlar və ya qeyri-dəqiqliklər ortaya çıxa bilər
2. Kod həssaslıqları
Hər hansı proqram təminatı kimi smart müqavilə kodunda da zərərli tərəflər tərəfindən istismar edilə bilən həssaslıqlar və ya baqlar ola bilər. Kodun tətbiqi və ya dizaynındakı xətalar maliyyə itkisi və ya digər mənfi hallarla nəticələnə bilən təhlükəsizlik həssaslıqlarına səbəb ola bilər. İstifadəçiləri bu təhlükələrə məruz qoymamaq üçün tətbiq edilməzdən əvvəl smart müqavilə ciddi sınaqdan keçməlidir.
3. Miqyaslılıq
Blokçeyn şəbəkələrinin ölçüsü və istifadəsi artarsa, miqyaslılıq və performans problemləri yarana bilər. Blokçeyn şəbəkələrindəki məhdudiyyətlər xüsusilə tələbatın yüksək olduğu hallarda smart müqavilələrin icrasının sürətinə və səmərəliliyinə təsir göstərə bilər.
4. Dəyişməzlik
Smart müqavilələrin dəyişməzliyi ikitərəfli qılıncdır. Yerləşdirildikdən və icra edildikdən sonra smart müqavilə dəyişdirilə və ya geri qaytarıla bilməz. Təhlükəsizliyi gücləndirə bilsə də, kodda xətalar və ya baqlar olduqda və ya dəyişən şərtlərə görə müqavilənin yenilənməsi lazım olduqda problem yarada bilər.
Smart müqavilə problemləri necə həll edilir?
Kriptovalyuta icması smart müqavilələr ilə bağlı çatışmazlıqları və çətinlikləri yaxşı bilir və onların həlli üçün fəal işləyir:
Xəta mükafatı proqramları
Bir çox kriptovalyuta platforması etik hakerləri, developerləri və tədqiqatçıları istifadə edilməzdən əvvəl smart müqavilə kodundakı həssaslıqları müəyyən edib hesabat verməyə təşviq etmək üçün böyük mükafatlarla xəta mükafatı proqramları həyata keçirir. Belə proqramlar həssaslıqların məsuliyyətlə açıqlanmasını təşviq etməklə smart müqavilə təhlükəsizliyini gücləndirə bilər.
Smart müqavilə auditləri
Smart müqavilələrdəki həssaslıqları müəyyən etmək və aradan qaldırmaq məqsədilə hərtərəfli təhlükəsizlik auditi aparmaq üçün xidmətlər təklif edən smart müqavilə auditi firmaları da mövcuddur. Onların məqsədi sınaq, kodun nəzərdən keçirilməsi və formal smart müqavilə doğrulaması texnikaları da daxil olmaqla təhlükəsiz kodlaşdırma standartlarını təmin etmək üçün ən yaxşı təcrübələrə əməl etməkdir.
Standartlar və strukturlar
Bundan əlavə, developerlərin smart müqavilə yaratmaq təcrübələrini təkmilləşdirmək üçün alətlər, strukturlar və standartlar yaratmaq məqsədi var. Bunun bir yolu da smart müqavilələr üçün ümumi interfeyslər, protokollar və formatlar yaratmağa yönəlmiş standartlaşdırma səyləridir.
ERC (Şərhlər üçün Ethereum Sorğusu) standartları kimi səylər smart müqavilələr üçün geniş şəkildə qəbul edilmiş interfeyslər yaratmağa kömək edir və beləliklə, müxtəlif blokçeyn platformaları arasında qarşılıqlı fəaliyyəti yaxşılaşdıra bilər, smart müqavilələrin digər protokollara inteqrasiyasını asanlaşdırar və qüsursuz interaksiyanı təmin edər.
2-ci qat həlləri
Daha öncə müzakirə edildiyi kimi blokçeyn şəbəkələri miqyaslılıq və tranzaksiya xərcləri ilə bağlı problemlərlə müzakirə apara bilər. Optimist rollaplar və ZK rollaplar bu cür problemləri aradan qaldıra bilən 2-ci qat həlləridir. 2-ci qat həlləri Ethereum kimi 1-ci qat zəncirləri əsasında fəaliyyət göstərir. Onlar tranzaksiyaları əsas zəncirdən kənarda emal edir, beləliklə yüklənmələri azaldır və ötürmə qabiliyyətini artırır.
Bitcoin-də smart müqavilələr mövcuddur?
Bitcoin-in skript dili sadə smart müqavilələr yaratmağa imkan verir, lakin imkanları Ethereum kimi proqramlaşdırıla bilən smart müqavilə blokçeynlərindən daha məhduddur. Bitcoin-in proqramlaşdırma dili olan Script istifadəçilərə BTC-ni xərcləmək üçün qaydalar və şərtlər təyin etməyə imkan verir, lakin daha mürəkkəb smart müqavilə funksiyaları üçün nəzərdə tutulmayıb.
Lakin Bitcoin Lightning şəbəkəsi (daha sürətli və daha ucuz tranzaksiyalara imkan verə bilir) kimi 2-ci qat protokolları üzərindəki smart müqavilələri və Bitcoin şəbəkəsinin əsasında qurulmuş yan zəncirləri dəstəkləyə bilər. Rootstock (RSK) kimi yan zəncir platformaları Bitcoin şəbəkəsində daha qabaqcıl smart zəncir funksiyalarını asanlaşdıra bilər.
Bitcoin NFT-lərin və Sıraların smart müqavilələrdən necə istifadə etdiyi ilə maraqlana bilərsiniz. Onlar smart müqavilələrdən istifadə etmirlər. Əvəzində fayllar birbaşa fərdi satoşilərə yazılır, sonra onlar Bitcoin blokçeynindəki bloklara daxil edilir.
Yekun qeydlər
Smart müqavilələr müqavilə şərtlərini yerinə yetirən, vasitəçilərə olan ehtiyacı azaldan, öz-özünə icra olunan rəqəmsal müqavilələrdir. Onlar şəffaflıq, təhlükəsizlik və səmərəliliyi təmin etmək üçün blokçeyn texnologiyasından istifadə edirlər.
Smart müqavilələrin prosesləri avtomatlaşdırmaq və vasitəçilərdən asılılığı azaltmaq potensialı danılmazdır. Lakin təhlükəsizlik qüsurları və miqyaslılıq kimi bir neçə problemləri də var. Beləliklə kriptovalyuta icması və fərdi protokollar davamlı sınaq, təhlükəsizlik tədbirləri və davamlı inkişaf səyləri vasitəsilə bu çatışmazlıqları aradan qaldırmaq üçün fəal şəkildə çalışır.
Smart müqavilələrin potensialını nəzərə alsaq, rəqəmsal maliyyə dünyasını nə qədər inkişaf etdirə biləcəklərini görmək heyrətləndirici olacaq.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təqdimat və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə qeyd olunan məhsullar yaşadığınız regionda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Academy-nin mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala bilər və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.