Solidity

Orta
Solidity Ethereum blokçeynində smart müqavilələr yazmaq və həyata keçirmək üçün xüsusi olaraq hazırlanmış proqramlaşdırma dilidir. O, 2014-cü ildə Qevin Vud tərəfindən təklif edilmiş və Kristian Raytvaysner və digər blokçeyn tərtibatçıları tərəfindən yaradılmışdır.
Solidity dili tərtibatçılara Ethereum-da proqram və tətbiqləri daha sürətli və səmərəli yazmağa kömək etmək üçün yaradılmışdır. Solidity tərtibatçıların mərkəzdənkənar tətbiqləri (Dapp olaraq da bilinir) idarə edən qaydaları müəyyən etməsinə imkan verir.

Solidity Ethereum Foundation tərəfindən maliyyələşdirilən baza komanda tərəfindən idarə olunan açıq mənbəli icma layihəsidir.

Blokçeyn və kriptovalyutalar aləmi ilə tanış deyilsinizsə, sizə maraqlı gələ bilər: "Smart müqavilə nədir?" Smart müqavilə blokçeyn kimi tanınan mərkəzləşdirilməmiş şəbəkədə saxlanan kod hissəsidir. Sadə dillə desək, əvvəlcədən təyin olunmuş şərtlərə cavab verdikdən sonra smart müqavilə tapşırıq və tranzaksiyaları avtomatik icra edir.

Məsələn, müqavilədə belə bir şərt qoya bilərsiniz ki, müəyyən məbləğdə kriptovalyuta müəyyən tarixdə A adlı şəxsdən B adlı şəxsə transfer olunsun. Bu smart müqavilələrin üstün cəhəti odur ki, onlar tranzaksiyalarla bağlı etibar, şəffaflıq və təhlükəsizlik təmin edərək vasitəçilərə ehtiyacı arada qaldıra bilir.

Məşhur smart müqavilə proqramlaşdırma dili olan Solidity isə JavaScript and C++ kimi dillərdən o qədər də fərqlənmir. Əvvəllər xüsusilə də JavaScript-də skriptləşdirmə və proqramlaşdırma təcrübəniz olubsa, Solidity sizə bir qədər tanış gələcək.

Solidity-nin müəyyənedici xüsusiyyətlərindən biri müxtəlif səhmdarlarla olan kompleks müqavilə razılaşmalarını müəyyən etmək qabiliyyətidir. Bu çoxşaxəli dil təkcə tokenlərin yaradılmasında deyil (ən açıq-aşkar istifadə), həm də kraudfandinq kampaniyaları, möhürlənmiş təklif hərracları, çoximzalı pul kisələri və hətta səsvermə sisteminin yaradılmasında istifadə olunur.

Lakin Solidity-nin statik bir dil olduğunu nəzərə almaq vacibdir. Solidity-nin rəsmi veb-saytına əsasən, Solidity "Ethereum-da işləyən smart müqavilələrin yaradılması üçün hazırlanmış statik tipli fiqurlu mötərizəli proqramlaşdırma dilidir".

Bu o deməkdir ki, siz dəyişənin növlərini (tam ədədlər, məntiqi dəyərlər, sətirlər və ya istifadəçi tərəfindən müəyyən edilən növlər olmasından asılı olmayaraq) müəyyən etməlisiniz, çünki o, tərtibetmə zamanı növ yoxlanışı aparır. Başqa sözlə, statik tipli dillər dəyişənlərin tərtibetmə zamanı məlum olduğu dillərdir (Java, C və ya C++ kimi). Fiqurlu mötərizələr kod bloklarını (burada dəyişənlər müəyyən oluna bilər) ifadə edən mötərizələrdir.

Blokçeyn tərtibatı ilə maraqlanır və ya mərkəzdənkənar maliyyə dünyasını kəşf etmək istəyirsinizsə, Solidity-ni öyrənmək əla başlanğıc ola bilər. Bununla belə, bütün proqramlaşdırma dilləri kimi Solidity-nin də özünəməxsus çətinlikləri var. Solidity-də smart müqavilələr hazırlayarkən tərtibatçılar əhəmiyyətli maliyyə itkiləri ilə nəticələnə biləcək səhvlərin və ya zəifliklərin qarşısını almaq üçün çox diqqətli olmalıdırlar. Blokçeyn texnologiyasının və smart müqavilələrin davam edən inkişafı Solidity-ni texnoloji sənayedə yüksək qiymətli və tələb olunan bacarıq halına gətirməyə davam edir.

Postları paylaşın
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.