Unichain nədir?

Unichain nədir?

Orta
Yenilənib Sep 16, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Unichain Ethereum üçün daha sürətli və daha ucuz tranzaksiyalar təqdim etmək məqsədilə optimist rollaplardan istifadə edən, DeFi-yə yönəlmiş 2-ci qat miqyaslandırma həllidir.

  • Uniswap Labs tərəfindən yaradılan və OP Stack əsasında qurulan bu platforma çoxsaylı blokçeynlərdə mərkəzdənkənar maliyyə (DeFi) fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.

  • Məlumatlara görə, şəbəkə ilkin olaraq 1 saniyəlik blok vaxtları ilə işə salınıb və sonradan təxminən 200 millisaniyə ərzində tranzaksiyaların təsdiqlənməsini təmin edən Flashblocks texnologiyasını təqdim edib.

unichain cta banner

Unichain nədir?

Unichain Ethereum üçün daha sürətli və daha ucuz tranzaksiyalar təqdim etmək məqsədilə optimist rollaplardan istifadə edən, DeFi-yə yönəlmiş 2-ci qat miqyaslandırma həllidir. Unichain hər tranzaksiyanı birbaşa Ethereum-da həyata keçirmək əvəzinə, zəncirxarici şəkildə emal edir və xülasələri vaxtaşırı əsas zəncirə təqdim edir. Bu, təhlükəsizlikdən yararlanmağa davam etməklə yanaşı Ethereum-da sıxlığı azaldır. 

Unichain mərkəzdənkənar kriptovalyuta mübadiləsi Uniswap-ın arxasındakı komanda olan Uniswap Labs tərəfindən yaradılıb. Məlumatlara görə, şəbəkə ilkin olaraq 1 saniyəlik blok vaxtları ilə işə salınıb və sonradan təxminən 200 millisaniyə ərzində tranzaksiyaların təsdiqlənməsini təmin edən Flashblocks texnologiyasını təqdim edib. 

OP Stack əsasında yaradılan Unichain infrastrukturu paylaşan və çarpaz zəncir kommunikasiyasını dəstəkləyən qarşılıqlı əlaqəli rollaplardan ibarət Optimism Superchain-in bir hissəsidir. 

Unichain-in iş prinsipi necədir

Optimist rollaplar 

Unichain tranzaksiyaların zəncir xaricində emal olunduğu optimist rollaplardan istifadə edir. Yalnız xülasələnmiş data Ethereum-a-a geri paylaşılır. Bu yanaşma xərcləri azaldır və yüklənməni aradan qaldırır, eyni zamanda təhlükəsizlik üçün Ethereum-a əsaslanmağa davam edir. Yeddi günlük sınaq müddəti ərzində etiraz edilmədiyi halda, dizayn tranzaksiyaların defolt olaraq etibarlı olduğunu hesab edir.

Müəyyən tranzaksiyanın etibarlı olduğu şübhəlidirsə, hər kəs saxtakarlıq sübutu təqdim edə bilər. Bu, tranzaksiyanın düzgün icra olunub-olunmadığını yoxlamaq üçün onu Ethereum-da təkrar icra etməyi əhatə edir. Saxtakarlıq sübutu uğurlu olarsa, etibarsız tranzaksiya aradan qaldırılır və şəbəkənin vəziyyəti düzəldilir.

Bu mexanizm səbəbindən Unichain-dən Ethereum-a vəsait nağdlaşdırmaq adətən təxminən yeddi gün çəkir. Zəruri olduqda gecikmə müddəti hər hansı saxtakarlıq etirazlarının təqdim olunması üçün kifayət qədər vaxt təmin edir. Gecikmə bəzən narahatlıq yarada bilər, lakin bu, Unichain-in təhlükəsizliyi pozmadan miqyaslana bilməsi üçün vacib qoruyucu tədbirdir.

Sıralayıcı və təsdiqləmə şəbəkəsi

Unichain istifadəçilərdən tranzaksiyaları toplamaq, onları sıralamaq və şəbəkəyə yaymaq üçün sıralayıcıya əsaslanır. Bu dizayn aşağı gecikmə və sürətli təsdiqləmələrə imkan verir, lakin hazırda Uniswap Labs adlı vahid qurum tərəfindən idarə olunur və bu, fasilələr və potensial senzura kimi mərkəzləşdirmə riskləri yaradır. Bunu balanslaşdırmaq üçün Unichain validator şəbəkəsi təqdim edib.

Validatorlar sıralayıcının nəticələrini nəzərdən keçirən və tranzaksiyaların protokol qaydalarına uyğun olduğunu təmin edən müstəqil qovşaqlardır. Şəbəkəyə qoşulmaq üçün qovşaq operatorları Ethereum əsas şəbəkəsində Uniswap protokolunun idarəetmə tokeni olan UNI-ni steykinq etməlidirlər

Paylar Unichain-də yerli körpüdən yeniləmələr alan smart müqavilə vasitəsilə qeydə alınır. Bu əlavə doğrulama qatı bir operatora olan asılılığı azaldır, habelə daha şəffaf və məsuliyyətli sistemə töhfə verir.

Etibarlı icra mühiti (TEE)

Unichain blokların yaradılması və sıralanması rollarını ayıraraq daha şəffaf sistem yaradır. Bloklar tranzaksiyaların sıralanması üçün müəyyən edilmiş və doğrulana bilən qaydaları izləmək məqsədilə nəzərdə tutulmuş təhlükəsiz hesablama mühiti olan Etibarlı icra mühiti (TEE) daxilində yaradılır. 

TEE vasitəsilə Unichain uğursuz və ya ziddiyyətli tranzaksiya riskini azaldır, eləcə də ticarətlərin yenidən sıralanması kimi manipulyasiya imkanlarını məhdudlaşdırır. Bu quruluş blokların yaradılma prosesini istifadəçilər və tətbiqlər üçün daha ardıcıl və proqnozlaşdırıla bilən hala gətirir.

Əsas xüsusiyyətlər

OP Stack 

Unichain Optimism Collective tərəfindən yaradılmış modul və açıq mənbəli struktur olan OP Stack əsasında qurulub. OP Stack rollaplar üçün sıralayıcılar, körpülər və smart müqavilə modulları da daxil olmaqla standartlaşdırılmış quruluş blokları təqdim edir. Bu təməl sayəsində Unichain EVM-ə ekvivalent olacaq şəkildə yaradılıb. Bu sayədə tərtibatçılar mövcud Ethereum smart müqavilələrini Unichain-də minimal səylə təkrar yerləşdirə bilərlər.

OP Stack eyni zamanda Unichain-i ümumi infrastrukturu paylaşan 2-ci qat şəbəkələrinin bir-birinə bağlı ekosistemi olan Optimism Superchain-in bir hissəsinə çevirir. Bu quruluş nəticədə yerli çarpaz zəncir kommunikasiyasını mümkün etmək üçün nəzərdə tutulub. Həmçinin tranzaksiyaların və likvidliyin OP Mainnet və Base kimi fərqli OP Stack zəncirləri arasında problemsiz icrasını təmin edir. Superchain-dən əlavə, Unichain həmçinin digər blokçeynlərlə qarşılıqlı fəaliyyəti yaxşılaşdırmağı hədəfləyir və istifadəçilərin aktivləri fərqli şəbəkələr arasında daha asan köçürmələrini təmin edir.

Flashblocks

Flashblocks təxminən hər 200 millisaniyədə tranzaksiyaların əvvəlcədən təsdiqlənməsini təmin edən sistemdir. Tam blokun yaradılmasını gözləmək əvəzinə, istifadəçilər tranzaksiyalarının qeydə alındığına dair daha sürətli təsdiq alırlar. 

Daha qısa interval tranzaksiya nəticələrini daha proqnozlaşdırıla bilən hala gətirmək və gecikmələri azaltmaq üçün nəzərdə tutulub, bu isə aktual qiymətlərə əsaslanan bazarlarda faydalı ola bilər. 

Flashblocks tranzaksiyaların sıralanmasını və çıxarıla bilən maksimum dəyərin (MEV) təsirlərini öyrənən tədqiqat qrupu Flashbots ilə əməkdaşlıqda hazırlanıb.

Yerli inteqrasiyalar

Unichain Uniswap ekosistemi ilə birbaşa inteqrasiyaya malikdir və əlavə ayarlama tələb etmədən başlamağı sizin üçün asanlaşdırır. Uniswap Pul kisəsi ilə Unichain-ə qoşula, tokenləri dəyişdirə, dəyişdirilə bilməyən tokenlərlə (NFT-lər) ticarət edə və mərkəzdənkənar tətbiqlərlə (Dapp-lər) qarşılıqlı əlaqədə ola bilərsiniz. Eyni zamanda aktivləriniz üzərində də tam nəzarəti qoruyursunuz. 

Vəsait transfer etməlisinizsə, bunu birbaşa Uniswap interfeysi vasitəsilə edə bilərsiniz. Bu interfeys həmçinin aktivləri fərqli şəbəkələr arasında sürətlə transfer etməyə imkan verən körpü alətini əhatə edir.

Yekun qeydlər

Unichain Ethereum-un təhlükəsizliyini qoruyaraq optimist rollaplar vasitəsilə miqyaslanmasına kömək edən, DeFi-yə yönəlmiş 2-ci qatdır. Demək olar ki ani təsdiqləmələr üçün Flashblocks və daha şəffaf tranzaksiya sıralaması üçün TEE əsaslı blok yaradılması kimi xüsusiyyətlər sayəsində Unichain ticarət və likvidlik təminatının səmərəliliyini artırmaq üçün nəzərdə tutulub.

Şəbəkənin EVM-yə bərabərliyi tərtibatçıların tətbiqləri asanlıqla köçürməsinə və ya işə salmasına imkan verir, istifadəçilər isə daha rahat və etibarlı təcrübədən faydalanırlar. Optimism Superchain-in bir hissəsi olaraq Unichain həmçinin çarpaz zəncir qarşılıqlı fəaliyyətini gücləndirir və daha geniş Ethereum ekosisteminin inkişafına töhfə verir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.