Ethereum hesab abstraksiyası haqqında (ERC-4337)

Ethereum hesab abstraksiyası haqqında (ERC-4337)

Orta
Dərc edilmişdir Mar 17, 2023Yenilənib Aug 23, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • ERC-4337 Ethereum-un konsensus protokolunda dəyişiklik etmək tələb olunmadan tətbiq qatında hesab abstraksiyasına imkan verən Ethereum standartıdır. 

  • 2023-cü ilin mart ayında smart müqavilələr vasitəsilə Ethereum mainnet-də yerləşdirilən ERC-4337 token tranzaksiyalarını və müqavilə əlaqələrini bir hesab daxilində idarə edə bilən smart müqavilə pul kisələrindən istifadə etməyə imkan verir. 

  • ERC-4337 standartı istifadəçilər üçün daha rahat kriptovalyuta pul kisəsi dizaynlarının meydana gəlməsinə şərait yaradıb və bu, öz növbəsində kriptovalyutanın daha geniş şəkildə qəbul edilməsini asanlaşdıra bilər.

erc 4337 ethereum hesab abstraksiyası

Giriş 

Ethereum inkişaf təklifləri (EIP) əsas protokol təkmilləşdirmələri və tətbiq səviyyəli standartlar daxil olmaqla Ethereum ekosistemi üçün müxtəlif spesifikasiyalar təyin edir. Ethereum Şərh Sorğusu (ERC) EIP-lərin bir kateqoriyasıdır və smart müqavilələr, eləcə də token interfeysləri kimi tətbiq səviyyəli komponentlər üçün standartları müəyyən edir. Konsensus səviyyəli təkmilləşdirmələrdən fərqli olaraq ERC-lər proqramçılar və sənaye iştirakçıları tərəfindən razılaşdırılmış icma əsaslı standartlardır.

ERC-4337 hesab abstraksiyasını Ethereum mainnet-də yerləşdirilən smart müqavilələr və infrastruktur kimi həyata keçirən son ERC standartıdır. İlk dəfə 2021-ci ildə EIP-4337 olaraq təklif edilən bu standart 2023-cü ildə ERC standartı kimi qəbul edilərək istifadəyə verildi. Bəzi istinadlarda hələ də ilkin EIP nömrəsindən istifadə edilsə də, tanınan ad ERC-4337-dir.

ERC-4337 nədir? 

ERC-4337 hesab abstraksiyasını həyata keçirmək üçün ilk dəfə 2021-ci ildə Vitalik Buterin və Ethereum proqramçı icması tərəfindən təklif edilib. Rəsmi olaraq 2023-cü ilin mart ayında istifadəyə verilmiş ERC-4337, kriptovalyuta pul kisələrinin proqramlaşdırıla bilən smart müqavilə hesabları kimi işləməsinə imkan verən yeni struktur təqdim edir.

Hazırda Ethereum-da iki əsas hesab növü var: şəxsi açarlarla idarə olunan xarici mülkiyyətdə olan hesablar (EOA) və kodu saxlayan smart müqavilə hesabları. ERC-4337 hər iki növün üstünlüklərini birləşdirir və bir smart müqavilə hesabının tranzaksiyaları başlatmağına, tokenlərlə interaksiya etməyinə və müqavilələr yerləşdirməyinə imkan verir. Bu, sosial bərpa, çoxfaktorlu autentikasiya, fərdiləşdirilə bilən tranzaksiya təsdiqi və təkmilləşdirilmə imkanı kimi yeni pul kisəsi xüsusiyyətlərini meydana çıxarır.

ERC-4337 pul kisələrinin proqramlaşdırıla bilən məntiqi birbaşa bir smart müqavilə hesabına daxil etmələrinə imkan verərək istifadəçi təcrübəsini və təhlükəsizlik xüsusiyyətlərini sadələşdirir.

ERC-4337 nə üçün lazımdır? 

Ethereum hesab əsaslı modeldən istifadə edir və burada EOA, eləcə də smart müqavilə hesabları tranzaksiyalar vasitəsilə yenilənən balanslara malikdir. EOA-lar MetaMask kimi mövcud pul kisələrinin əksəriyyətini idarə edir, yalnız şəxsi açarlara əsaslanır və bütün tranzaksiyaların bu açarlarla imzalanmasını tələb edir. Bu model pul kisəsinin bərpa edilməsi proseslərinin çətinliyi və açarın itirilməsi ilə bağlı boşluqlar kimi mürəkkəbliklərə səbəb olur.

Smart müqavilə pul kisələri bu problemləri həll etmək üçün proqramlaşdırıla bilən məntiq təklif edir, lakin əvvəl istifadəçilərdən biri vəsait saxlamaq, digəri isə qaz ödənişləri etmək üçün olmaqla iki ayrı hesabı idarə etmələri tələb olunurdu, bu isə istifadə təcrübəsini mürəkkəbləşdirirdi. Bundan əlavə, mövcud həllər çox vaxt tranzaksiya üçün mərkəzləşdirilmiş relayerlərə əsaslanır.

ERC-4337 tranzaksiyanın təsdiqlənməsi və qaz ödənişi məntiqini vahid smart müqavilə pul kisəsi strukturunda birləşdirərək bu çətinlikləri aradan qaldırır. Bu yanaşma konsensus qatında dəyişiklik tələb etmədən çevik tranzaksiya təsdiqi, qaz abstraksiyası və təkmilləşdirilmiş bərpa seçimləri vasitəsilə pul kisəsinin təhlükəsizliyini və istifadə baxımından əlverişliliyini təkmilləşdirir.

ERC-4337 necə işləyir?

EIP-2938 kimi əvvəlki layihələr hesab abstraksiyasına nail olmaq üçün konsensus qatında dəyişikliklər təklif edirdi. Lakin tamamilə konsensus qatından üstdə işləyən ERC-4337 yanaşmasının xeyrinə bu layihələrdən imtina edilib.

ERC-4337 UserOperation adlı yeni tranzaksiya növü təqdim edir. Bu UserOperation-lar zəncirxarici qaydada idarə olunan ayrıca mempool-a təqdim olunur; burada bundler adlanan xüsusi iştirakçılar onları toplayır və adi Ethereum tranzaksiyalarına çevirir.

Bundler-lər bu birləşdirilmiş tranzaksiyaları zəncirdaxili qaydada daxil etmək üçün qaz ödənişləri ödəyir və UserOperation-lara daxil edilmiş komissiyalardan kompensasiya əldə edirlər. Şəbəkəni qoruyan konsensus validatorlarından fərqli olaraq bundler-lər tranzaksiya vasitəçiləri rolunu oynayır və komissiya prioriteti əsasında hansı UserOperation-ların daxil ediləcəyini seçirlər.

Əsas komponent UserOperation-ları təsdiqləmək və emal etmək üçün təhlükəsiz icra qapısı rolunu oynayan EntryPoint smart müqaviləsidir. Pul kisələri icradan əvvəl fərdi təsdiqləmə məntiqini həyata keçirmək üçün təsdiqləmə funksiyaları (validateUserOp kimi) tətbiq edirlər.

Bu arxitektura Ethereum-un konsensus protokolunda dəyişiklik etməyə ehtiyac olmadan proqramlaşdırıla bilən və çevik pul kisələrindən istifadə etməyə imkan verir.

ERC-4337 hansı məqsədlərə nail olur? 

ERC-4337-nin nail olmaq istədiyi hədəflərə aşağıdakılar daxildir: 

  • Hesab abstraksiyası: EOA və smart müqavilələrin xüsusiyyətlərini birləşdirərək istifadəçilərə vahid, proqramlaşdırıla bilən hesab təqdim etmək.

  • Mərkəzdənkənarlığın təmin edilməsi: bir neçə bundler-in UserOperation-ların emalında sərbəst şəkildə iştirak etmələrinə imkan verərək açıq ekosistemi təbliğ etmək.

  • Konsensus dəyişikliklərindən yayınmaq: Ethereum-un konsensus qatına dəyişiklik etmədən daha sürətli və asan qəbul edilməni təmin etmək.

  • İnnovativ istifadə hallarına imkan vermək: toplanmış imzalar, gündəlik tranzaksiya limitləri, hesabların təcili dondurulması, ağ siyahıya salma və məxfiliyi qoruyan tətbiqlər kimi xüsusiyyətləri dəstəkləmək.

  • Vaxta və qaza qənaət: bundler-lər UserOperation-ları bir tranzaksiyada birləşdirməklə qaz xərclərini azalda və tranzaksiyanın ötürmə qabiliyyətini artıra bilərlər.

ERC-4337 istifadəçilər üçün nə deməkdir?

Gündəlik istifadəçilər üçün ERC-4337 kriptovalyuta pul kisəsi təcrübəsini əhəmiyyətli dərəcədə sadələşdirmək və artırmaq potensialı təklif edir:

  • Sadələşdirilmiş Pul kisəsi tərtibatı: istifadəçilərin toxum frazalarını manual idarə etmələrinə ehtiyac qalmaya bilər və bu, daha sürətli və əlçatan pul kisəsi yaratma imkanı təmin edir.

  • Təkmilləşdirilmiş hesab bərpası: çoxfaktorlu autentikasiya və sosial bərpa mexanizmləri itirilmiş açarlara görə giriş imkanını itirmək riskini azalda bilər.

  • Fərdiləşdirilə bilən pul kisəsi xüsusiyyətləri: avtomatlaşdırılmış ödənişlər, əvvəlcədən təsdiqlənən tranzaksiyalar, toplu əməliyyatlar və digər xidmətlərin həyata keçirilməsi asanlaşır.

  • Təkmilləşdirilmiş təhlükəsizlik: şəxsi açar və ya toxum frazalarının açıqlanması kimi istifadəçi xətası şanslarını azaldır, pul kisəsinin ümumi təhlükəsizliyini təkmilləşdirir.

  • Qaz ödənişləri üzrə çeviklik: istifadəçilər daxili ETH qaz ödənişlərini aradan qaldırmaqla qaz ödənişlərini ERC-20 tokenləri və ya digər aktivlərdən istifadə edərək üçüncü tərəf paymaster-ləri vasitəsilə ödəyə bilərlər.

Yekun qeydlər 

ERC-4337 proqramçıların smart müqavilə məntiqini birbaşa istifadəçi hesablarına daxil etməklə daha intuitiv, təhlükəsiz və funksional pul kisələri yaratmalarına imkan verən texniki struktur təklif edir.  Qəbul edilmə göstəriciləri hələ artmaqda və bəzi texniki və ekosistemlə bağlı çətinliklər qalmaqda olsa da, ERC-4337 kriptovalyuta pul kisələrinin daha geniş auditoriya üçün daha əlçatan və təhlükəsiz olmasını təmin etməyə töhfə verir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.