RedStone (RED) nədir?
Əsas səhifə
Məqalələr
RedStone (RED) nədir?

RedStone (RED) nədir?

Orta
Yenilənib Feb 26, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • RedStone Web3 və DeFi tətbiqləri üçün fərdiləşdirilə bilən, aşağı qiymətli və təhlükəsiz məlumat lentləri təmin etməyi hədəfləyən modullu blokçeyn oracle-ıdır.

  • O, kriptovalyuta birjaları və digər blokçeyn şəbəkələri daxil olmaqla müxtəlif mənbələrdən məlumat toplayan çoxsaylı məlumat modelləri təklif edir.

  • RedStone təhlükəsizliyi artırmaq, məlumatların dəqiqliyini təmin etmək və manipulyasiyanın qarşısını almaq üçün EigenLayer protokolundan istifadə edir.

  • RedStone-un oracle xidmətləri kreditləşmə, treydinq, steykinq və gəlir farminqi daxil olmaqla DeFi və blokçeyn tətbiqlərinin bir çox sahəsində faydalıdır.

redstone cta banner

Giriş

RedStone real dünya məlumatlarını müxtəlif blokçeynlərdə smart müqavilələrə gətirmək üçün nəzərdə tutulmuş blokçeyn oracle-ıdır. O, düzgün işləməsi üçün etibarlı qiymət məlumatları və digər məlumatlar tələb olunan Web3 və mərkəzdənkənar maliyyə (DeFi) tətbiqləri üçün vacibdir. RedStone onlarla blokçeyn üzrə 1250-dən artıq aktivi dəstəkləyən fərdiləşdirilə bilən, aşağı qiymətli və təhlükəsiz məlumat lentləri təmin etməyi hədəfləyir.

RedStone nədir?

RedStone mərkəzdənkənar tətbiqlərə (Dapp-lər) maliyyə məlumatları təqdim edən sistemdir. Məlumatları birbaşa blokçeyndə saxlayan ənənəvi oracle-lardan fərqli olaraq RedStone məlumatların çatdırılmasını daha sürətli və ucuz şəkildə təmin etmək üçün fərqli yanaşma tətbiq edir. O, Dapp-lərin xüsusi tələblərindən asılı olaraq lazım olan məlumatlara daxil olması üçün bir neçə üsul təklif edir.

RedStone 2021-ci ildə təqdim edildiyi gündən etibarən EtherFi, Ethena, Pendle, Solv, Venus və Puffer daxil olmaqla bir çox DeFi layihəsi tərəfindən qəbul edilib.

RedStone necə işləyir?

RedStone müxtəlif məlumat istifadəsi modelləri vasitəsilə Dapp-lərə məlumat təqdim etməklə müştəri və proqramçıların ən uyğun variantı seçmələrinə şərait yaradır. Məlumatların toplanılması və çatdırılmasını ayrıca idarə edən modullu arxitekturaya malikdir. Bu o deməkdir ki, birdən artıq şəbəkədə daha yaxşı miqyaslana bilir.

1. Məlumat lentləri və mənbələri

RedStone kriptovalyuta birjaları və digər blokçeyn şəbəkələri daxil olmaqla müxtəlif mənbələrdən qiymət məlumatları toplayır. Daha sonra bu məlumatlar smart müqavilələrə təqdim edilməzdən əvvəl dəqiqliyi təmin etmək məqsədilə emal olunur.

2. Məlumat axtarışı modelləri

RedStone məlumatları smart müqavilələrə daxil etmək üçün bir neçə fərqli üsuldan istifadə edir. Əsas üsullar Çıxarma modeli, Ötürmə modeli, X modeli və Hibrid adlanır.

Çıxarma modeli

Bu modeldə Dapp-lər ən son məlumatları yalnız zəruri olduğu zaman əldə edir. Bu üsul davamlı zəncirdaxili yeniləmələr tələb etmədiyi üçün sərfəli hesab olunur. Bunun əvəzinə məlumatlar zəncirxarici olmaqla saxlanılır və yalnız tələb olunduqda smart müqavilələr vasitəsilə alınır.

Ötürmə modeli

RedStone ötürmə modeli ilə blokçeyndəki qiymət məlumatlarını müntəzəm olaraq yeniləyir. Bu model kredit platformaları və treydinq protokolları kimi real vaxtda qiymət yeniləmələri tələb olunan tətbiqlər üçün faydalıdır.

X modeli

X Modeli tranzaksiyada istifadə olunan qiymətin bütün icra müddətində qüvvədə qalmasını təmin edir və qabaqlama hücumlarının qarşısını almaqla əlavə təhlükəsizlik təmin edir.

Hibrid model (Ötürmə + Çıxarma)

RedStone-un Hibrid modeli ERC-7412 standartının tərkib hissəsi kimi təqdim edilib. Bu model həm ötürmə, həm də çıxarma strategiyalarını özündə birləşdirir. O, eyni zamanda Dapp-lər tərəfindən tələb əsasında məlumatların əldə edilməsinə imkan verir və müntəzəm olaraq yenilənən zəncirdaxili məlumatlara çıxış təmin edir.

3. RedStone-un aktiv şəkildə təsdiqlənmiş xidməti (AVS)

2025-ci ildə RedStone EigenLayer protokolundan və onun təkrar steykinq mexanizmlərindən istifadə etməklə aktiv şəkildə təsdiqlənmiş xidmət (AVS) təqdim etdi. Bu sistem zəncir daxilində dərc edilməzdən əvvəl məlumatların dəqiqliyini yoxlamaq üçün validatorlar şəbəkəsindən istifadə etməklə qiymət lentlərinin təhlükəsizliyini təkmilləşdirir. Bu, manipulyasiyanın qarşısını alır və RedStone-un təqdim etdiyi məlumatlara inamı artırır.

Təhlükəsizlik

Halborn, Codespect, AuditOne, Cantina, PeckShield və ABDK kimi firmalar tərəfindən RedStone platformasında çoxsaylı təhlükəsizlik auditləri aparılıb. Bu auditlər sistemin təhlükəsiz olmasını və zəifliklərin aradan qaldırılmasını təmin etməyə kömək edir.

Bundan əlavə, RedStone kriptoqrafik qaydada imzalanmış qeydləri zəncirxarici formada saxlayır və onları mərkəzdənkənar saxlama şəbəkəsi olan Arweave sisteminə yükləyir. Bu, keçmiş məlumatların müdaxilədən qorunmasını və doğrulana bilən olmasını təmin edir.

RedStone nə üçün istifadə olunur?

RedStone-un oracle xidmətləri kreditləşmə, treydinq, steykinqgəlir farminqi daxil olmaqla DeFi və blokçeyn tətbiqlərinin bir çox sahəsində faydalıdır.

1. Mərkəzdənkənar kreditləşmə

Borc almaq limitləri təyin etmək və riskli kreditlərin qarşısını almaq üçün kredit platformalarına dəqiq qiymət məlumatları lazımdır. RedStone ədalətli kreditləşmə şərtləri təmin etmək üçün real vaxt qiymətləri təqdim edir.

2. Daimi treydinq

Daimi fyuçers bazarlarında treyderlər müqavilə bağlamaq üçün dəqiq qiymətlərə etibar edirlər. RedStone yeni bazar məlumatlarını təqdim edərək mərkəzdənkənar mübadilələrə kömək edir.

3. Steykinq və gəlir farminqi

Steykinq və gəlir farminqi təklif edən protokollar mükafatları hesablamaq üçün dəqiq qiymət lentləri tələb edir. RedStone bu hesablamaların etibarlı məlumatlara əsaslanmasını təmin edir.

4. Stabil koinlər və rəqəmsal aktivlər

Stabil koin layihələrinin öz dəyərlərini qoruması üçün etibarlı valyuta məzənnələri tələb olunur. RedStone onların real dünya qiymətlərini izləmələrinə və dəyərlərini sabit saxlamalarına kömək edir.

5. Çoxzəncirli tətbiqlər

RedStone çoxsaylı blokçeyn şəbəkələrində işlədiyinə görə müxtəlif zəncirlərdə işləyən layihələr üçün faydalıdır. Onun çevik sistemi proqramçılar üçün inteqrasiyanı asanlaşdırır.

RED tokeni

RedStone-un daxili tokeni RED oracle şəbəkəsini mərkəzdən kənarlaşdırmağa kömək etmək və gələcək inkişafını dəstəkləmək üçün istifadəyə verilib. Tokenin maksimal tədarükü 1 milyard RED tokenlə məhdudlaşır və 30%-nin əlçatanlığı buraxılış zamanı təmin edilib. Ethereum-da RED tokenləri ERC-20 standartına uyğundur və eyni zamanda Wormhole adlı çarpaz zəncir sistemi vasitəsilə Solana və Base kimi şəbəkələrdə də istifadə edilə bilər.

RED tokeni əsasən steykinq üçün istifadə olunur və bu, RedStone şəbəkəsinin təhlükəsizliyini təmin etməyə kömək edir. Məlumat provayderləri və token sahibləri EigenLayer protokolunun aktiv şəkildə təsdiqlənmiş xidməti ilə işləyən RedStone sistemi vasitəsilə öz RED tokenlərini pay qoya bilərlər. Bunun qarşılığında RedStone tərəfindən təqdim olunan məlumatlara etibar edən istifadəçilərdən ETH, BTC, SOL və USDC kimi müxtəlif kriptovalyutalarla mükafatlar qazana bilərlər.

Tokenlər icmanı və ekosistemi dəstəkləmək üçün paylanır. Bölgüyə icmanın ilk üzvləri üçün 10%, inkişaf üçün 10%, komanda üzvləri üçün 20%, məlumat tədarükçüləri üçün 28,3% və erkən investorlar üçün 31,7% daxildir. Tokenlərin əksəriyyəti (70%) əvvəlcə kilidli olacaq və dörd il ərzində tədricən buraxılacaq.

Yekun qeydlər

RedStone DeFi və digər blokçeyn tətbiqləri üçün etibarlı, sərfəli qiymət lentləri təmin etməyi hədəfləyən blokçeyn oracle-ıdır. RedStone 70-dən artıq blokçeyn şəbəkəsini dəstəkləməklə məlumatlara daxil olmaq və onlardan istifadə etmək üçün bir çox üsul təklif edir. Onun modullu yanaşması məlumatların səmərəli şəkildə çatdırılmasını təmin edir, EigenLayer protokolunun aktiv şəkildə təsdiqlənmiş xidmətinin inteqrasiyası isə təhlükəsizliyin təmin edilməsinə kömək edir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təqdimat və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə qeyd olunan məhsullar yaşadığınız regionda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Academy-nin mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala bilər və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.