Virtual Maşın (VM) nədir?

Virtual Maşın (VM) nədir?

Orta
Yenilənib Jul 9, 2025
7m

Əsas diqqət yetiriləcək məqamlar

  • Virtual maşınlar (VM) əlavə avadanlıq olmadan eyni cihazda müxtəlif əməliyyat sistemlərini və ya tətbiqləri işlətməyinizə imkan verir. 

  • VM-lər yeni proqram təminatının təhlükəsiz şəkildə test edilməsi, digər sistemlərin yoxlanılması və ya riskli ola biləcək proqramların təcrid edilməsi üçün mükəmməl vasitədir.

  • Ethereum virtual maşını (EVM) kimi VM-lər smart müqavilə və mərkəzdənkənar tətbiqlərin (Dapp-lər) qlobal kompüterlər şəbəkəsində etibarlı şəkildə işləmələrinə imkan verir.

  • VM-lər çeviklik və nəzarət təklif etsə də, performans, resurs istifadəsi və mürəkkəblik baxımından kompromisləri ola bilər.

virtual maşın cta banneri

Giriş

Heç əməliyyat sisteminizi dəyişmədən və ya ayrıca kompüter almadan MacBook-da Windows işlətmək və ya Linux tətbiqi test etmək istəmisiniz? VM-lər müxtəlif əməliyyat sistemləri və tətbiqlərin təhlükəsiz şəkildə işləyə biləcəyi təcrid edilmiş mühit yaratmaqla bunu etməyinizə imkan verir. Onlar eyni zamanda smart müqavilə və mərkəzdənkənar tətbiqləri (Dapp-lər) dəstəkləmək üçün blokçeyn şəbəkələrində də geniş istifadə olunur.

VM nədir?

VM bir neçə kliklə quraşdıra biləcəyiniz kompüter kimidir və heç bir əlavə avadanlıq tələb etmir. Əməliyyat sistemini quraşdıra, faylları yadda saxlaya, tətbiqləri işlədə və internetə qoşula və bütün bunları eyni zamanda host da adlandırılan mövcud kompüterinizdə edə bilərsiniz.

Səhnə arxasında əsas işi host sisteminiz görür, virtual maşının problemsiz işləməsi üçün yaddaşını, prosessor gücünü və yaddaş yerini təqdim edir. Bu, xüsusən də, istifadə etmək istədiyiniz proqram təminatı yalnız başqa əməliyyat sistemində əlçatan olduğu halda, faydalı olur. 

VM-lər əslində necə işləyir?

Pərdə arxasında bütün bunları hipervizor adlanan proqram təminatı hissəsi idarə edir. Hipervizor kompüterinizin Mərkəzi emal qurğusu, Operativ yaddaş qurğusu (RAM) və yaddaş yeri kimi fiziki resurslarını götürərək bir neçə virtual maşının eyni anda istifadə edə bilməsi üçün bölüşdürür.  

Hipervizorların iki əsas növü var:

  • Növ 1 (Birbaşa metal): bu hipervizorlar birbaşa aparat təminatında quraşdırılır və əsasən data mərkəzlərində və ya bulud platformalarında istifadə olunur. Onlar performans və səmərəlilik üçün yaradılıb.

  • Növ 2 (Hostlaşdırılmış): bu hipervizorlar adi əməliyyat sisteminizin (tətbiqlər kimi) üzərində işləyir və test etmək, eləcə də yaratmaq üçün uyğundur.

VM quraşdırıldıqdan sonra onu real kompüter kimi işə sala və proqram təminatı quraşdıra, internetdə axtarış apara və ya tətbiqlər yarada bilərsiniz.

VM nə üçün istifadə edilir?

1. Yeni əməliyyat sistemlərini test etmək 

VM ilə əsas kompüterinizə heç bir dəyişiklik etmədən müxtəlif əməliyyat sistemlərini test edə bilərsiniz. Bu, təhlükəsiz, ayrı bir yerdə yeni sistem sınaqdan keçirmək kimidir.

2. Riskli proqram təminatını təcrid etmək

Əmin olmadığınız faylı açmaq və ya tanış olmayan tətbiqi test etmək lazımdır? Onu VM-də işlətməklə kompüterinizi qoruya bilərsiniz. Bu halda zərərli proqramla qarşılaşmağınız və ya sistemin çökməsi əsas kompüterinizə təsir etmir.

3. Köhnə və ya əlçatan olmayan proqram təminatını işlətmək

Bəzi proqramlar yalnız Windows XP kimi köhnə sistemlərdə işləyir. VM həmin mühiti yarada bilər və bunun sayəsində bugünkü cihazlarda işləməyən proqram təminatından istifadə etməyə davam edə bilərsiniz.

4. Müxtəlif platformalarda kod yazmaq və test etmək

VM-lər proqramçıların kodu müxtəlif əməliyyat sistemlərində test etmələrini və yeni tətbiqlərin müxtəlif mühitlərdə necə davranacağını simulyasiya etmələrini asanlaşdırır.

5. Buludu dəstəkləmək

Bir çox bulud xidmətləri (AWS, Azure və Google Bulud kimi) VM-lər üzərində qurulub. Bulud instansiyasını işə saldığınız zaman uzaq data mərkəzində yerləşən və veb-saytlar, tətbiqlər və ya verilənlər bazaları üçün host kimi istifadə edilməyə hazır olan VM-i işə salmış olursunuz.

Blokçeyn şəbəkələrinin VM-lərdən istifadə qaydası 

Ənənəvi VM-lər təcrid edilmiş sandbox-lar olsa da, blokçeyn virtual maşınları blokçeyn şəbəkələrində smart müqavilələri işlədən mühərrik rolunu oynayır. Ethereum virtual maşını (EVM) proqramçıların Solidity, Vyper və Yul kimi proqramlaşdırma dillərində smart müqavilələr yazmalarına və onları Ethereum və digər Ethereum virtual maşınına uyğun şəbəkələrdə tətbiq etmələrinə imkan verir. Ethereum virtual maşını smart müqavilələrin yaradılması və ya onlarla interaksiya zamanı şəbəkədəki hər qovşağın eyni qaydalara əməl etməsini təmin edir.

Blokçeyn şəbəkələri dizayn hədəfləri əsasında öz VM növlərini tətbiq edir. Bəziləri sürət və genişləndirilmə imkanına diqqət yetirir, digərləri isə proqramçılar üçün daha təhlükəsiz və ya çevik olmağı hədəfləyir. NEARCosmos kimi şəbəkələr müxtəlif proqramlaşdırma dillərində yazılmış smart müqavilələri dəstəkləyən WebAssembly (WASM) əsaslı VM-lərdən istifadə edir. 

Sui kimi digər blokçeyn şəbəkələri Move dilində yazılmış smart müqavilələri icra edən MoveVM-dən istifadə edir. Solana blokçeyni tranzaksiyaları paralel şəkildə emal etmək və böyük həcmdə şəbəkə fəaliyyətini idarə etmək üçün nəzərdə tutulmuş, əsasən Solana virtual maşını (SVM) adlanan fərdi iş mühitindən istifadə edir.

Virtual maşınların iş prinsipi 

Siz görməsəniz də, hər dəfə mərkəzdənkənar tətbiqlərlə (Dapp-lər) interaksiya etdiyiniz zaman pərdə arxasında VM-lər işləyir.

  • Tokenləri svop etmək üçün Uniswap kimi Mərkəzdənkənar maliyyə (DeFi) tətbiqindən istifadə edirsinizsə, tranzaksiyalarınız Ethereum virtual maşını daxilində işləyən smart müqavilələr tərəfindən idarə olunur.

  • NFT zərb etdiyiniz halda, VM hər NFT-nin kimə məxsus olduğunu izləyən kod işlədir. Alış və ya transfer etdiyiniz zaman NFT sahiblərinin dəqiq qalması üçün VM qeydləri yeniləyir.

  • Qat 2 rollapından istifadə etdiyiniz halda, tranzaksiyalarınız zkEVM kimi ixtisaslaşmış VM tərəfindən icra edilə bilər. zkEVM-lər zk-rollapların smart müqavilələri işlətməsinə imkan verir və bu zaman sıfır məlumat sübutlarından (ZKP) faydalanır.  

VM-lərin məhdudiyyətləri

1. Performans yükü: VM-lər avadanlıqla işlədilən kod arasında əlavə qat yaradır. Bu, əməliyyatları ləngidə və ya tətbiqləri birbaşa fiziki maşında işlətməklə müqayisədə daha çox hesablama resursları tələb edə bilər.

2. Əməliyyatın mürəkkəbliyi: VM-lərin idarə olunması (xüsusilə, bulud infrastrukturu və ya blokçeyn şəbəkələrində), quraşdırılması və yenilənməsi çox zəhmət tələb edir. Bunun üçün vaxt və çox zaman xüsusi alətlər və bilik tələb olunur.

3. Uyğunluq: smart müqavilələr çox vaxt xüsusi VM mühiti üçün nəzərdə tutulur. Ethereum-da smart müqavilə üçün yazılmış kodun yenidən yazılması və ya Solana kimi uyğun olmayan blokçeyn üzərində işləməsi üçün uyğunlaşdırılması lazım gəlir. Bu, o deməkdir ki, proqramçılar eyni tətbiqi bir neçə mühitdə işə salmaq istədikləri halda, əlavə vaxt və səy sərf etməlidirlər.

Yekun qeydlər

VM-lər həm adi kompüterlərin, həm də blokçeyn sistemlərinin işləməsində mühüm rol oynayır. Onlar müxtəlif əməliyyat sistemlərini işlətməyinizə, proqram təminatını təhlükəsiz şəkildə test etməyinizə və bir neçə tapşırıq üçün eyni aparat təminatından istifadə etməyinizə imkan verir. 

Virtual maşınlar eyni zamanda blokçeyn şəbəkələrində smart müqavilə və mərkəzdənkənar tətbiqləri dəstəkləmək üçün də istifadə olunur. Ekspert olmasanız da, VM-lərin iş prinsipini bilmək istifadə etdiyimiz DeFi alətləri və platformalarının çoxunda arxa fonda baş verənləri daha yaxşı anlamağınıza imkan verə bilər.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.