Çox uzundur, oxumadım
Binance hesabınızda kriptovalyuta nağdlaşdırarkən və ya depozit qoyarkən düzgün şəbəkəni diqqətlə seçdiyinizə əmin olun. BNB Smart Chain-i (BEP-20) Ethereum (ERC-20) ilə səhv salmaq asandır və bu da tokenlərinizi təsadüfən yanlış blokçeynə göndərməyinizə səbəb ola bilər.
Əgər depozit qoyduğunuz kriptovalyuta pul kisəsi BEP-20 və ERC-20 tokenlərini dəstəkləyirsə, kriptovalyutanızı bir neçə sadə addımda Binance-ə geri göndərə bilərsiniz.
Pul kisəniz yalnız ERC-20 və ya BEP-20-ni dəstəkləyirsə, onun şəxsi açarını hər iki blokçeyni dəstəkləyən yeni pul kisəsinə idxal etməlisiniz.
Binance hesabınızda, başqa bir kriptovalyuta birjasında və ya saxlanc pul kisəsində səhv blokçeynə depozit qoymaq problemini həll etmək daha çətin ola bilər. Bu halda, kömək edə bilib-bilməyəcəklərini öyrənmək üçün pul kisəsinin dəstək komandası ilə əlaqə saxlayın.
Giriş
Binance-dən nağdlaşdırma əməliyyatı icra etmisinizsə, yəqin ki, bəzi koinlərin müxtəlif transfer şəbəkələri seçimləri təklif etdiyini görmüsünüz. Hətta təcrübəli HODL investorları da bəzən tranzaksiyaları üçün düzgün blokçeyni seçməkdə çətinlik çəkə bilər. Kriptovalyutanı başqa pul kisəsinə çəkərkən düzgün blokçeyni necə seçməli?
Qısacası, siz vəsaitləri alan pul kisəsinin istifadə etdiyi şəbəkə ilə eyni şəbəkəni seçməlisiniz. Texniki cəhətdən bu, ERC-20, BEP-20 və ya BEP-2 kimi hansı token standartından istifadə etdiyinizdən asılı olacaq.
Kriptovalyutanızı yanlış blokçeynə göndərmisinizsə, onu göndərdiyiniz pul kisəsinin növünü anlamaq vacibdir. Şəxsi açara və ya toxum frazasına daxil ola bilirsinizsə, sizin qeyri-saxlanc pul kisəniz var. Bunları edə bilmirsinizsə, pul kisəniz saxlanc pul kisəsidir. Bu məlumatla siz üç mümkün həllimizi sınaya bilərsiniz.
Vəsaitləri yanlış şəbəkəyə göndərmişəm. Nə etməliyəm?
Əvvəla, təşvişə düşməyin. BNB Smart Chain-dən (BSC) istifadə edərək ERC-20 tokenlərini (ETH kimi) göndərmisinizsə və ya Ethereum şəbəkəsi vasitəsilə BEP-20 tokenlərini göndərmisinizsə, onları geri ala bilərsiniz. Üç fərqli vəziyyət və hər birinin öz həlli var:
1. Fərz edək ki, tokenləri BSC və Ethereum-u dəstəkləyən pul kisəsinə göndərmisiniz.
Tokenləri Binance-də düzgün şəbəkəyə geri göndərə bilərsiniz.
2. Fərz edək ki, tokenləri yalnız BSC və ya Ethereum-u dəstəkləyən pul kisəsinə göndərmisiniz.
Hər ikisini dəstəkləyən pul kisəsinə idxal etmək üçün şəxsi açara daxil olmalısınız.
3. Fərz edək ki, tokenləri saxlanc pul kisəsinə və ya kriptovalyuta birjasına göndərmisiniz.
Pul kisəsi provayderinizdən və ya birjanın müştəri xidmətindən kömək istəyin. Vəsaitlərinizi bərpa etmək mümkün olmaya bilər.
Problemi həll etməzdən əvvəl gələcəkdə yenidən baş verməməsi üçün nə baş verdiyini anlamaq vacibdir.
BEP-20 ilə ERC-20 arasındakı fərq nədir?
ERC-20 və BEP-20 tokenlər üçün xüsusi qaydaları və texniki təlimatları təsvir edən token standartlarıdır. Onlar tranzaksiyaların, depozitlərin və nağdlaşdırmaların necə edildiyini idarə edir. Həm ERC-20, həm də BEP-20 tokenin müxtəlif pul kisələri, layihələr və smart müqavilələrlə necə interaksiya etdiyini standartlaşdırır.
Hər iki standart oxşar şəkildə işləyir, lakin ERC-20 Ethereum-a, BEP-20 isə BNB Smart Chain-ə xasdır. Sadə dillə desək, bunlar hər biri fərqli blokçeynə aid olan token standartlarıdır.
Kriptovalyutanız yanlış şəbəkədədirsə, sizə lazım olan məqsəd üçün istifadə olunmaya bilər. Məsələn, BSC-yə göndərilən ETH Ethereum Dapp və smart müqavilələrdə istifadə olunmayacaq.
Yanlış blokçeynə BEP-20/ERC-20 tokeni göndərdiyim zaman nə baş verir?
BSC-yə ERC-20 tokenini və ya Ethereum-a BEP-20 tokenini göndərsəniz, token seçilmiş şəbəkədə eyni pul kisəsi ünvanına daxil olacaq. BSC və Ethereum pul kisəsi ünvanlarınız eynidir və onlara eyni şəxsi açarla daxil olmaq mümkündür.
Məsələn, BSC-yə ETH göndərirsinizsə, o, BSC şəbəkəsindəki pul kisəsi ünvanınızda Ether-ə bağlanmış BEP-20 tokeni kimi görünəcək. Ethereum şəbəkəsinə BEP-20 tokenlərini göndərdiyiniz zaman bunu tranzaksiya ID-niz və ya Etherscan.io ilə yoxlamaq üçün BscScan.com-dan istifadə edə bilərsiniz.
ERC-20 ETH-ni çəkən və Binance pul kisəsində BSC (BEP-20) transfer şəbəkəsini seçən birisinə aid nümunə (BscScan-dan). Bu tokenlər indi BSC-də eyni pul kisəsi ünvanı altında Binance ilə bağlı Ethereum kimi görünür.
Xoşbəxtlikdən, kriptovalyutanız yox olmayacaq. İndi etməli olduğunuz yeganə şey onu sizə lazım olan düzgün blokçeynə geri göndərməkdir. Aşağıda vəziyyətinizə uyğun olan həll yollarına baxın.
BSC və Ethereum-u dəstəkləyən pul kisəsindən bərpa
Hər iki blokçeyni dəstəkləyən pul kisəsində tokenlərinizi tapmaqda problem yaşamamalısınız. Kriptovalyutanızı görə bilmədiyiniz halda, aktivləşdirmək məqsədilə hər bir şəbəkə üçün tokenlərin keçid siyahısını axtarın.
Məsələn, MetaMask-da bütün mövcud koinləri nəzərdən keçirməyə imkan verən [Token əlavə et] düyməsi var.
Siyahıda koini görə bilmirsinizsə, onun token müqaviləsini pul kisənizə daxil etməlisiniz. Bu prosesi yalnız BSC və ya Ethereum-u dəstəkləyən pul kisəsindən bərpa prosesinin 5-ci addımında görə bilərsiniz.
Tokeninizi orijinal blokçeyninə qaytarmaq istəyirsinizsə, iki seçim var: Binance Bridge və ya manual üsul.
Manual çevirmə
Tokenlərinizi manual şəkildə çevirmək üçün kriptovalyutanızı Binance-ə geri göndərmək tələb olunur. Binance spot pul kisənizdəki depozit şəbəkəsi tokeninizin hazırda aktiv olduğu blokçeynə uyğun olmalıdır. O çatdıqdan sonra onu düzgün şəkildə xarici pul kisənizə göndərə bilərsiniz.
Bu nümunədə Binance ilə bağlı ETH-ni (BEP-20) yenidən ERC-20 ETH-yə konvertasiya edəcəyik. Vəsaitləri göndərdiyiniz pul kisəsində qaz ödənişi etmək üçün BNB olduğundan əmin olun.
1. Binance kriptovalyuta depoziti səhifənizdə ETH seçin və depozit şəbəkəsini BEP-20 (BSC) olaraq təyin edin. Yanlış şəbəkəyə depozit qoysanız, Binance vəsaitlərinizi bərpa edə bilməyəcək.
2. ETH Binance hesabınıza qayıtdıqdan sonra onu Ethereum-u dəstəkləyən pul kisəsinə çəkərək və transfer şəbəkəniz kimi Ethereum (ETH) ERC20-ni seçərək onu ERC-20-yə konvertasiya edin.
İndi vəsaitləriniz təhlükəsiz şəkildə xarici pul kisənizdəki düzgün blokçeynə göndəriləcək.
Yalnız BSC və ya Ethereum-u dəstəkləyən pul kisəsindən bərpa
Bu vəziyyətdə tokenlərinizi bərpa etmək üçün pul kisənizin şəxsi açarını hər iki blokçeyni dəstəkləyən yeni pul kisəsinə idxal etməlisiniz. İdxal edilən pul kisəsindən asılı olaraq, şəxsi açarınızın əvəzinə toxum frazasından da istifadə edə bilərsiniz.
Şəxsi açarın idxalı
Pul kisəsinin şəxsi açarını başqa pul kisəsinə idxal etdiyiniz zaman hətta başqa pul kisəsindən istifadə edərkən belə həmin şəxsi açarla bağlı vəsaitlərə giriş əldə edirsiniz.
Başqa sözlə, pul kisəsinin şəxsi açarının idxalı vəsaitləri idxal edilən pul kisəsinə göndərməyəcək. Bu, sadəcə olaraq xarici pul kisəsini başqa bir tətbiqdən əlçatan edəcək. Nəzərə alın ki, saxlanc pul kisələrində adətən bu seçim olmur, çünki onlar sizə şəxsi açar təqdim etmir.
Bunu etmək üçün ən çox istifadə edilən pul kisələrinə Metamask, Trust Wallet, Math Wallet, SafePal və TokenPocket daxildir.
Bu nümundə səhvən BSC-yə göndərilmiş ETH-ni bərpa etmək üçün MetaMask Google Chrome genişləndirməsindən istifadə ediləcək.
Vəsaitlərinizin geri alınması
1. MetaMask pul kisənizə daxil olun və ya mövcud hesabınız yoxdursa, yenisini yaradın. MetaMask həm iOS, həm də Android üçün əlçatandır.
2. Yeni hesab yaradırsınızsa, sizə köhnə pul kisənizin toxum frazasını idxal etmək imkanı veriləcək.
3. Artıq hesabınız varsa, sadəcə olaraq bərkidilmiş MetaMask genişlənməsinə və yuxarı sağ tərəfdə hesab profilinizə klikləyin.
4. [Hesabı idxal et] üzərinə klikləyin və sonra kriptovalyutanın çatışmadığı pul kisənizin şəxsi açarını daxil edin. Prosesi tamamlamaq üçün [İdxal et] üzərinə klikləyin. JSON faylınız varsa, onu da yükləyə bilərsiniz.
5. Sonra BSC şəbəkəsini MetaMask hesabınıza manual şəkildə əlavə etməlisiniz. Bərkidilmiş MetaMask genişlənməsinə, ardınca yuxarıda ortadakı açılan şəbəkə menyusuna klikləyin. Siyahının aşağısında [Fərdi RPC] üzərinə klikləyin.
6. MetaMask-ın BNB Smart Chain-ə daxil olması üçün təfərrüatlar əlavə etməlisiniz. Bu təfərrüatlara Uzaqdan Prosedur Çağırışı (RPC) URL ünvanı daxildir. Bu URL ünvanı MetaMask-a BSC-nin blokçeynindən məlumatları sorğulamağa və tranzaksiya sorğuları göndərməyə imkan verir.
Aşağıdakı məlumatları müvafiq sahələrə doldurun və aşağıda [Yadda saxla] düyməsinə klikləyin.
Şəbəkə adı: BSC Mainnet
Yeni RPC URL-i: https://bsc-dataseed1.binance.org/
Zəncir ID-si: 56
Simvol: BNB
Blok eksplorer URL-i: https://bscscan.com/
7. İndi MetaMask pul kisənizə düzgün token müqaviləsini əlavə edin. Bu addım seçdiyiniz BEP-20-ni dəstəkləyən pul kisəsinə itirilmiş tokeni axtarmağa imkan verəcək. Tokenlərin və token müqavilələrinin siyahısını BscScan-da tapa bilərsiniz. BSC-yə göndərilən ERC-20 ETH-nin token müqaviləsini tapmaq məqsədilə Binance ilə bağlı Ethereum tokeni (ETH) üzərinə klikləyin.
8. Növbəti addıma hazırlıq üçün token müqaviləsini kopiyalayın və Onluqlar sahəsini qeyd edin.
9. Açılan şəbəkə siyahısından [BSC Mainnet] seçin, [Token əlavə et] üzərinə klikləyin və sonra [Xüsusi token] üzərinə klikləyin.
10. Token müqaviləsi ünvanını, token simvolunu və dəqiqlik onluğunu daxil edin. ETH nümunəsinə baxaq:
Token müqaviləsi ünvanı: 0x2170ed0880ac9a755fd29b2688956bd959f933f8
Token simvolu: ETH
Dəqiqlik onluğu: 18
Təsdiq etmək üçün [Token əlavə et] üzərinə klikləyin.
11. İndi pul kisəsi balansınızda itirilmiş ETH tokenlərinizi görməlisiniz. Buradan onu Binance hesabınızın BEP-20 pul kisəsi ünvanına geri göndərmək seçiminiz olacaq. İstəsəniz, tokeninizi ERC-20-yə çevirmək üçün MetaMask ilə Binance Bridge-dən də istifadə edə bilərsiniz.
Tokenlərinizin birləşdirilməsi haqqında daha çox məlumat üçün BSC və Ethereum-u dəstəkləyən pul kisəsindən bərpa bölməsinə baxın.
Saxlanc pul kisəsi və ya birjadan bərpa
Vəsaitlərinizi başqa bir kriptovalyuta birjası kimi BEP-20-ni dəstəkləməyən saxlanc pul kisəsinə çəkməyə cəhd etsəniz, yardım üçün pul kisəsinin sahibi ilə əlaqə saxlamalısınız.
Bəzi saxlanc pul kisəsi provayderləri ödəniş müqabilində kömək edə və ya şəxsi açarlara daxil olmağa icazə verə bilər. Daha sonra şəxsi açarı BSC-ni dəstəkləyən pul kisəsinə idxal edə bilərsiniz. Əksəriyyət saxlanc pul kisələri, o cümlədən birjalar, təəssüf ki, açarınızı sizə təqdim edə bilməyəcək.
Yanlış seçilmiş blokçeynlə Binance hesabınıza tokenlər depozit qoysanız, Binance kriptovalyutanızı geri almağa kömək edə bilməz.
Yekun qeydlər
Düzgün transfer şəbəkəsinin seçilməsi kriptovalyutanızı Binance-dən çəkməyin ən çətin hissələrindən biridir. Ancaq hər şeyin necə işlədiyini başa düşdükdən sonra artıq BTC və ya ETH-ni yanlış şəbəkəyə göndərməyəcəksiniz. Əksər hallarda, standart pul kisəsi ilə vəsaitləriniz SAFU-dur (İstifadəçilər üçün təhlükəsiz aktiv fondu) və bir az səylə bərpa oluna bilər.