Əsas diqqət yetiriləcək məqamlar
WalletConnect QR kodlardan və ya dərin linklərdən istifadə etməklə kriptovalyuta pul kisələrini mərkəzdənkənar tətbiqlərə qoşmağı asanlaşdırır, şəxsi açarları ifşa etmədən və ya brauzer uzantılarına əsaslanmadan istifadəçiləri nəzarətdə saxlayır.
Protokol Ethereum, Solana, Polkadot, Cosmos və Bitcoin daxil olmaqla çox sayda blokçeyn şəbəkəsini əhatə edir.
WalletConnect ekosistemində steykinq, idarəetmə və mükafatlar əldə etmək üçün istifadə edilə bilən xidməti token olan WCT var.
WalletConnect nədir?
WalletConnect kriptovalyuta pul kisəsinin mərkəzdənkənar tətbiqlərə (Dapp-lər) qoşulmasını asanlaşdıran açıqmənbəli protokoldur. WalletConnect brauzer uzantılarına əsaslanmaq və ya pul kisəsi ünvanlarını kopiyalayıb yapışdırmaq əvəzinə pul kisənizi cəld QR kod skanlaması və ya dərin link vasitəsilə Dapp ilə əlaqələndirməyinizə imkan verir. WalletConnect bir çox blokçeyndə işləyir və Web3-ün istifadə baxımından daha rahat və təhlükəsiz olmasını təmin etməyi hədəfləyir.
Əvvəlcə fraqmentasiya edilmiş və zəif Dapp-Pul kisəsi interaksiyalarının idarə edilməsi üçün yaradılmış WalletConnect milyonlarla istifadəçini və minlərlə tətbiqi dəstəkləyən protokol və şəbəkəyə çevrilib.
WalletConnect-in iş prinsipi
WalletConnect mahiyyət etibarilə şəxsi açar kimi həssas məlumatları ifşa etmədən pul kisəsi tətbiqlərinin Dapp-lər ilə interaksiya etmələrinə imkan verən kommunikasiya qatı rolunu oynayır.
Protokol QR kodu skan etmək və ya dərin linkə klikləməklə başladılan sessiya vasitəsilə şifrələnmiş mesajlaşmanı dəstəkləyir. Qoşulduqdan sonra istifadəçilər sessiya müddətində tam nəzarət etdikləri pul kisələrindən birbaşa həyata keçirilən tranzaksiyaları təsdiq və ya rədd edə bilərlər.
WalletConnect Ethereum, Solana, Cosmos, Polkadot və Bitcoin daxil olmaqla bir neçə blokçeyn şəbəkəsini dəstəkləyir.
WalletConnect üç əsas hissə üzərində qurulub:
Şəbəkə: pul kisəsi ilə istifadə etdiyiniz tətbiq arasında mesaj ötürən qovşaqlar sistemidir. Bu qovşaqlar mərkəzdənkənarlığı təmin etmək üçün müxtəlif qruplar tərəfindən idarə olunur.
SDK-lar: developerlər pul kisəsi və Dapp-lərə bağlantı xüsusiyyətini əlavə etmək üçün WalletConnect SDK-dan istifadə edirlər. SDK-lar pərdə arxasında bütün texniki işləri yerinə yetirir.
Standartlar: WalletConnect mesajların göndərilməsi və qəbul edilməsi ilə bağlı standart qaydalardan istifadə edir və bu, tətbiq və pul kisələrinin birlikdə rahat işləməsini asanlaşdırır.
WCT tokeni
WalletConnect-in özünün WCT adlanan tokeni var. O, ümumi tədarükü 1 milyard token olan ERC-20 tokenidir. WCT Optimism şəbəkəsində yayımlanıb və WalletConnect ekosistemində bir neçə məqsəd üçün istifadə olunur:
İdarəetmə: WCT sahibləri şəbəkənin protokol təkmilləşdirmələrindən komissiya strukturlarına qədər necə inkişaf edəcəyini qərarlaşdırmağa kömək edə bilər.
Steykinq: istifadəçilər şəbəkəni qorumaq və mükafatlar qazanmaq üçün WCT tokenləri pay qoya bilərlər. Steykinq müddətləri bir həftədən iki ilə qədər dəyişir və öhdəlik müddəti uzandıqca stimullar artır.
Performansa əsaslanan mükafatlar: qovşaq operatorları və pul kisəsi provayderləri fəaliyyət müddəti, gecikmə və uğurlu bağlantıların sayı kimi göstəricilər əsasında WCT ilə mükafatlandırılır.
Gələcək komissiyalar: WalletConnect hazırda komissiya tətbiq etməsə də, gələcəkdə icma tərəfindən səs verildiyi halda, tranzaksiya ödənişləri üçün WCT-dən istifadə oluna bilər.
WCT ümumi tədarükü 1 milyard token olan ERC-20 tokenidir.
Binance Launchpool-da WCT
10 aprel 2025-ci il tarixində Binance WCT-ni Binance Launchpool-da 67-ci layihə olaraq elan edib. Farminq müddətində BNB, FDUSD və USDC kilidləyən istifadəçilər WCT mükafatları əldə edə bilərlər. Proqram üçün cəmi 40 milyon WCT ayrılıb və bu, ümumi token tədarükünün 4%-ni təşkil edir.
Farminq müddətindən sonra WCT Binance-də toxum teqi ilə treydinq üçün listinq edilib və USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinqinə icazə verilib.
WalletGuide və sertifikatlaşdırma
WalletConnect komandası eyni zamanda müəyyən keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən pul kisələrini nəzərdən keçirən və listinq edən WalletGuide layihəsini həyata keçirir. Pul kisələri sertifikat ala bilər və bu onların istifadəçi və developerlər tərəfindən daha etibarlı hesab edilməsinə imkan verəcək.
Qəbul edilmə və böyümə
WalletConnect istifadəyə verildiyi gündən bəri əhəmiyyətli dərəcədə qəbul edilib. Onun veb-saytına əsasən, layihə çərçivəsində 38 milyondan artıq unikal aktiv pul kisəsinə xidmət göstərmək üçün 240 milyondan artıq bağlantı yaradılıb. 57 000-dən artıq mərkəzdənkənar tətbiq protokolu inteqrasiya edib və bu onun Web3 sahəsindəki faydalılığının və qarşılıqlı fəaliyyətinin göstəricisidir.
Maliyyələşdirmə və inkişaf
WalletConnect fondu ardıcıl olaraq həyata keçirilən və yüksək tələbatla tamamlanan dörd token satışından 10 milyon $ toplayıb. Vəsaitlər WalletConnect fondunun əməliyyatları genişləndirməsinə, komandasını böyütməsinə və ekosistem layihələrini dəstəkləməsinə imkan verəcək və bu, developerlər, qovşaq operatorları və strateji tərəfdaşlar üçün faydalı olacaq.
Yekun qeydlər
WalletConnect pul kisələrini Dapp-lərə qoşmağın sadə üsulu kimi başladılsa da, öz tokeni, idarəetmə sistemi və şəbəkə infrastrukturu olan bütöv bir ekosistemə çevrilib. Layihə bir neçə blokçeynin dəstəklənməsi və güclü istifadəçi bazası ilə bir neçə Web3 platforması arasında təhlükəsiz və səmərəli əlaqəni təmin edir.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.