Əsas diqqət yetiriləcək məqamlar
Nillion məlumatların təhlükəsiz şəkildə saxlanılması və hesablanması ilə məşğul olan mərkəzdənkənar şəbəkədir. O, şəxsi məlumatların deşifrələnməyə ehtiyac olmadan emal edilməsini təmin edir.
Nillion-un arxitekturası emal qatı (Petnet), koordinasiya qatı (nilChain) və bağlantı qatından ibarətdir və bu qatların hər biri məlumatların təhlükəsiz və səmərəli şəkildə idarə edilməsi imkanlarına töhfə verir.
Nillion məlumatların məxfiliyini təmin etmək üçün çoxtərəfli hesablama (MPC) və homomorfik şifrələmə (HE) kimi kriptoqrafik üsullardan istifadə edir.
Giriş
Nillion həssas məlumatların təhlükəsiz şəkildə hesablanması və saxlanılmasını təklif etmək üçün nəzərdə tutulmuş mərkəzdənkənar şəbəkədir. O, qabaqcıl kriptoqrafik üsullardan istifadə etməklə şifrələnmiş məlumatların şifrəsi açılmadan emal edilə biləcəyi məxfiliyi qoruyan infrastruktur təqdim edir.
Nillion nədir?
Nillion məlumatların təhlükəsiz və məxfi şəkildə emal edilməsinə imkan verən paylanmış hesablama platformasıdır. Nillion tranzaksiyaların mərkəzdənkənar şəkildə doğrulanmasını təmin edən ənənəvi blokçeyn şəbəkələrindən fərqli olaraq kor hesablamalar – məlumatların şifrələnmiş şəkildə emal edilməsi bacarığı üzrə ixtisaslaşıb. Bu, süni intellekt (AI), maliyyə, səhiyyə və kimliyin mərkəzdənkənar şəkildə idarə edilməsi kimi məlumatların məxfiliyinin təmin edilməsini tələb edən tətbiqlər üçün məxfilik və təhlükəsizliyin təkmilləşdirilməsinə kömək edə bilər.
Nillion-un iş prinsipi necədir?
Nillion şəbəkəsi üç əsas komponent üzərində qurulub: Petnet, nilChain və Kor hesablama modulları. Petnet şifrələnmiş məlumatların təhlükəsiz şəkildə saxlanılması və emal edilməsi üçün developerlərə məxfiliyi təkmilləşdirən texnologiyalara (PET-lər) giriş imkanı verir. Eyni zamanda nilChain şəbəkə daxilində aktiv iştirak və resursların paylanmasını təmin etməklə ödəniş və təşviqləri asanlaşdırır.
1. Emal qatı (Petnet)
Nillion şəbəkəsinin əsasını təşkil edir. Petnet emal qatı şifrələnmiş məlumatlar üzərində hesablamalar aparmaq üçün birlikdə işləyən mərkəzdənkənar qovşaqlardan təşkil olunub. Kor hesablama yanaşması ilə əlaqədar olaraq heç bir qovşağın heç vaxt orijinal məlumatlara tam daxil olmaq imkanı olmur və bu, məlumatların sızması riskini əhəmiyyətli dərəcədə azaldır.
2. Koordinasiya qatı (nilChain)
nilChain kimi tanınan koordinasiya qatı Cosmos SDK-dan istifadə edilməklə qurulub və şəbəkə resurslarının idarə edilməsi üçün əsas rolunu oynayır. O, steykinq mexanizmləri, ödənişlər və idarəetmə kimi məsələləri idarə edir. nilChain qatı koordinasiya ilə məşğul olduğundan smart müqavilələri işlətmək üçün mühiti yoxdur.
3. Kor hesablama modulları
Kor hesablama modulları developerlər üçün orijinal məlumatları açıqlamadan təhlükəsiz hesablamalar həyata keçirməyə imkan verən əlverişli kriptoqrafik alətlər dəstidir. Bu modullar aşağıdakı kimi məxfiliyi təkmilləşdirən texnologiyaları (PET) inteqrasiya edir:
Çoxtərəfli hesablama (MPC): hesablamaları bir neçə tərəfə paylayır və heç bir qurumun bütöv verilənlər dəstinə giriş imkanının olmamasını təmin edir.
Homomorfik şifrələmə (HE): şifrələnmiş məlumatlar üzərində hesablamalar aparmağa imkan verir, aralıq addımları açıqlamayaraq sonradan deşifrələnə bilən şifrələnmiş nəticələr verir.
Kor hesablama modullarının üç əsas növü var: nilDB, nilAI və nilVM.
nilDB developer və istifadəçilərin məxfiliyi qorumaqla həssas məlumatlardan istifadə etmələrinə imkan verən fərdi verilənlər bazası həllidir. O hər qovşaqda gizli məlumat payı olmaqla məlumatların bir neçə qovşaqda saxlanılması ilə işləyir.
nilAI süni intellekt (AI) il' işləyən kor hesablama moduludur. O, güclü məlumat qoruma ilə AI xidmət və alətləri təmin etmək üçün Böyük Dil Modellərindən (LLM) istifadə edir.
nilVM Python əsaslı domenə xas dildən (DSL) istifadə etməklə məxfilikyönümlü tətbiqlər yaradan developerlər üçün nəzərdə tutulmuş moduldur. O, istifadəçi və developerlərin MPC əsaslı imzalar vasitəsilə bir neçə zənciri və şəxsi açarı təhlükəsiz şəkildə idarə etmələrinə imkan verməklə blokçeyn interaksiyalarını sadələşdirə bilər.
Nillion-dan istifadə halları
Nillion-un məxfilikyönümlü dizaynı onun çox sayda tətbiq üçün uyğun olmasını təmin edir. Bəzi mühüm istifadə hallarına məlumatların saxlanılması, məlumat analitikası, AI və maşın öyrənməsi, eləcə də rəqəmsal imza daxildir.
1. Məlumatın təhlükəsiz şəkildə saxlanılması
Nillion təşkilatların həssas məlumatları şifrələnmiş formatda saxlamasına və eyni zamanda səlahiyyətli qurumların bu məlumatları təhlükəsiz şəkildə əldə etməsinə və emal etməsinə imkan verir. Bu, məxfi məlumatlarla işləyən maliyyə, səhiyyə və dövlət qurumları kimi sahələr üçün faydalıdır.
2. Şifrələnmiş məlumatlar üzrə məlumat analitikası
Nillion platformasında analitiklərin şifrələnmiş verilənlər dəstləri üzərində hesablamalar aparmalarına imkan verən SecretDataAnalytics xüsusiyyəti mövcuddur. Bu o deməkdir ki, təşkilatlar əsas məlumatları ifşa etmədən həssas məlumatlardan analitika hazırlaya bilər.
3. Mərkəzdənkənar AI və maşın öyrənməsi
Nillion məxfiliyin qorunduğu təlim və nəticə çıxarma imkanı təmin etməklə AI tətbiqlərini dəstəkləyir. AI modelləri şifrələnmiş verilənlər dəstlərini məlumatların məxfiliyi qanunlarını pozmadan təhlil edə bilir və bu, şəbəkənin tibbi tədqiqatlar, fırıldaqçılığın aşkarlanması və müştəri analitikası kimi sahələr üzrə tətbiqlər üçün əlverişli olmasını təmin edir.
4. Kriptoqrafik imzalar və təhlükəsiz tranzaksiyalar
Nillion imzaları funksiyası MPC-dən istifadə etməklə mərkəzləşdirilmiş quruma ehtiyac olmadan təhlükəsiz rəqəmsal imzaların yaradılmasını təmin edir. O, məxfi tranzaksiya doğrulaması lazım olan maliyyə institutları və mərkəzləşdirilməmiş muxtar təşkilatlar (DAO-lar) üçün xüsusilə faydalı ola bilər.
5. AI üçün axtarışla gücləndirilmiş generasiya (RAG)
Axtarışla gücləndirilmiş generasiya (RAG) LLM nəticələrinin dəqiqliyi və uyğunluğunu təkmilləşdirən AI çərçivəsidir. O bunu cavab hazırlamazdan əvvəl xarici mənbələrdən məlumatlar toplamaq və inteqrasiya etməklə edir. Nillion PET-ləri RAG ilə inteqrasiya etməklə AI əsaslı tətbiqlərin məlumatların məxfiliyini qorumaq şərti ilə mətn əsaslı analitika yaratmasına imkan verir.
Binance Launchpool-da Nillion (NIL)
20 mart 2025-ci ildə Binance Nillion-u (NIL) Binance Launchpool-da 65-ci layihə olaraq elan edib. Farminq müddətində BNB, FDUSD və USDC kilidləyən istifadəçilər NIL mükafatları əldə edə bilərlər. Proqrama ümumilikdə 35 milyon NIL ayrılıb.
Farminq müddətindən sonra NIL Binance-də toxum teqi ilə listinq edilib və USDT, BNB, FDUSD, USDC və TRY cütləri ilə treydinqə icazə verilib.
Yekun qeydlər
Nillion qabaqcıl kriptoqrafik üsullardan istifadə etməklə təhlükəsiz hesablama və məlumatların saxlanılması üçün maraqlı yanaşma təqdim edir. Şəbəkə kor hesablama sistemi vasitəsilə məxfiliyin qorunmasını təmin edən AI, şifrələnmiş məlumat analitikası və kimliyin mərkəzdənkənar şəkildə idarə edilməsini təklif edə bilər.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.