Çox uzundur, oxumadım
Blokçeyn oracle blokçeynləri real dünya məlumatları ilə əlaqələndirən birləşdirici hissələrə bənzədilə bilər. Binance Oracle bunu smart müqavilələri etibarlı və doğrulanmış məlumat mənbələri ilə əlaqələndirərək edir. Əvvəlcə BNB Zəncir üçün dizayn edilən bu sistemin gələcəkdə digər zəncirlərə də genişlənmək potensialı var. Hazırda bu, BNB Zəncirinə əsaslanan hər bir layihənin ondan istifadə etməsinə və yararlanmasına imkan verir. Binance Oracle ilə tərtibatçıların artıq məlumat məsələləri ilə bağlı narahatlıq keçirmələrinə ehtiyac yoxdur, əvəzində, onlar öz blokçeyn layihələrinin digər vacib aspektlərinə diqqət yönəldə bilərlər.
Giriş
Blokçeyn oracle blokçeyn ekosisteminin vacib qurucu bloklarından biridir. Onlar olmadan smart müqavilələr hər hansı real dünya məlumatları əldə etmək şansına malik olmazdı. Binance Oracle blokçeyn tətbiqləri tərəfindən real dünyada tələb edilən məlumat mənbələrinə giriş etmək üçün smart müqavilələri aktivləşdirən blokçeyn oracle-dır. O, smart müqavilələrin doğru anda düzgün məlumatlara malik olmasını təmin edir.
Blokçeyn oracle nədir?
Blokçeyn oracle blokçeynlər ilə real dünya arasında körpü kimi xidmət edərək smart müqavilələrin öz şəbəkələrindən kənardakı məlumat mənbələrinə giriş etməsinə imkan verən xidmətlər təklif edir. Başqa sözlə desək, onlar zəncirdaxili tətbiqlərlə zəncirxarici məlumatlar arasında əlaqələndirici kimi çıxış edir.
Belə ki, zəncirxarici hadisələr smart müqavilələr ilə tanınan zəncirdaxili hadisələrə ötürülə bilər. Bu məlumatlara token və ya səhm qiymətlərindən tutmuş futbol oyunu, yaxud hava proqnozuna qədər istənilən şey aid ola bilər.
Blokçeyn oracle həm də məlumatın dəqiqliyini doğrulaya bilər, amma onlar məlumat mənbəyi kimi çıxış etmir. Əvəzində, onlar məlumatları toplayan və autentifikasiya edən, eləcə də onu düzgün təyinat nöqtəsinə ötürən əlavə qat rolunu oynamağa daha yaxındır.
Blokçeyn oracle həm də insanların müqavilə razılaşmalarında blokçeynlərdən istifadə etməsinə icazə verir. Məsələn, siz və dostunuz bu yolla futbol oyununa mərc qoya bilərsiniz: birincisi, hər ikiniz şərtlərə razılıq verirsiniz və vəsaitlərinizi smart müqavilədə kilidləyirsiniz. İkincisi, blokçeyn oracle smart müqaviləyə oyunun nəticəsi barədə məlumat verəcək. Nəhayət, oyun başa çatdıqdan sonra smart müqavilə vəsaitləri mərcin qalibinə verəcək.
Müxtəlif blokçeyn oracle növləri var və bir oracle bir neçə kateqoriyaya uyğun gələ bilər: proqram təminatı, mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş, daxili və xarici oracle. Mahiyyətcə, blokçeyn oracle-ın işləmə qaydası onun hansı məqsədlə hazırlandığından asılı olur.
Binance Oracle nədir?
Smart müqavilə kömək olmadan kənar məlumat ilə qarşılıqlı əlaqə yarada bilməz. Əvəzində, o, lazımi məlumatları təmin etmək üçün oracle-dan istifadə edir. Binance Oracle bu baxımdan digər blokçeyn oracle-ları ilə oxşardır – o, blokçeynə etibarlı və təhlükəsiz zəncirdaxili məlumat təmin etməyə çalışan Binance tərəfindən təklif edilən məlumat xidmətidir.
Binance Oracle hazırda BNB Zənciri üçün hazırlanmışdır, amma bu, onun gələcəkdə digər zəncirlərə genişlənə bilməyəcəyi anlamına gəlmir. Bundan əlavə, BNB Zəncirində qurulan bütün layihələr onun xidmətlərindən istifadə edə bilər.
BNB Zənciri ekosistemi Binance Oracle-dan bir sıra üsullarla faydalanır. Birincisi, daxili blokçeyn oracle-a malik olmaq blokçeyn məlumatlarının etibarlılığını gücləndirir. İkincisi, daha etibarlı məlumatlar mövcud və yeni layihələr üçün yeni imkanlara aparıb çıxarır.
Son olaraq, Binance Oracle BNB Zənciri ekosisteminə yeni tərtibatçılar cəlb edə bilir. O, istənilən tərtibatçının öz BNB Zəncirinə əsaslanan layihələrini zəncirxarici məlumatlarla əlaqələndirməsinə imkan verir, bununla da onları mövcud məlumatları qoruyub saxlamaq, yeni mənbələr tapmaq çətinliyindən və etibarsız mənbələrdən istifadə riskindən azad edir.
Hansı həllər təklif olunur?
Blokçeyn layihələri etibarlı məlumatlara əsaslanır. Binance Oracle dörd amildən ibarətdir ki, bunlar da oracle-ın dəqiq, punktual və müdaxiləyə davamlı olmasını təmin edir. Gəlin BNB Zəncirini real dünya ilə əlaqələndirən Binance Oracle funksiyalarına dərindən nəzər salaq.
Məlumat mənbələri
Binance oracle diqqətlə seçilmiş məlumat mənbələrindən istifadə edir. Bu, məlumatın dəqiq, onun mənbəyinin isə etibarlı olduğunu müəyyən etməyə kömək edir. Məsələn, Binance Oracle qiymət məlumatlarını bir neçə mərkəzləşdirilmiş birja (CEX-lər) və mərkəzdən kənar maliyyə (DeFi) tətbiqlərindən əldə edir və məlumatları hesablanmış ortalama düsturu ilə xülasələşdirir.
Məlumatların emalı və autentifikasiyası
Binance Oracle məlumatların müdaxiləyə davamlı olmasını təmin etməyi hədəfləyərək məlumatların emalı və autentifikasiyası funksiyasına malikdir. O, Giriş İmza Sxemi adlandırılan paylanan autentifikasiya sistemi yaratmışdır və müxtəlif mənbələrdən olan ən son məlumatları təsdiq edir. İctimai açara malik istənilən şəxs rəqəmsal imzanın dəqiqliyini və həqiqiliyini doğrulaya bilər və heç kim şəxsi açarlar dəsti olmadan məlumatlarda dəyişiklik edə bilməz.
Məlumatların dərc olunması
Məlumatlar blokçeyndə yalnız təsdiq edilmiş məlumatları dərc edən çoxqovşaqlı server vasitəsilə dərc edilir. Məlumatların saxlandığı smart müqavilələr təhlükəsizdir və yoxlanılır, çoxqovşaqlı server müxtəlif bazar şərtlərindən asılı olaraq məlumatların dərc edilməsi tezliyini tənzimləyə bilər. Bu isə o deməkdir ki, məlumatlar yüksək qiymət dəyişkənliyi dövründə əldə edilə bilər. Çoxqovşaqlı serverlər həm də ən gözlənilməz ssenarilərdə belə məlumatların dərcinin etibarlılığını təmin edir.
Məlumatların monitorinqi
Binance Oracle-dakı məlumatlar günün 24 saatı, həftənin yeddi günü işləyən müstəqil monitorinq xidməti ilə daim yenilənir. O, müxtəlif məlumat mənbələrindən qiymətləri əldə edir və onları dərc edilmiş blokçeyn məlumatları ilə müqayisə edir. Əhəmiyyətli təsirə malik yayınma aşkar edilərsə, Binance Oracle dəstək komandası müdaxilə edəcək.
Binance Oracle-dan istifadə qaydası
Blokçeyn tətbiqlərindən istifadə etmisinizsə, yəqin ki, Binance Oracle-dan istifadə qaydasını öyrənməyə ehtiyacınız yoxdur. Lazım gəldiyi hallarda tərtibatçılar artıq öz tətbiqlərini konkret məlumatlar ilə əlaqələndiriblər. Buna baxmayaraq, əgər siz Binance Oracle-dan istifadə etmək ehtiyacı olan blokçeyn tərtibatçısısınızsa, rəsmi təlimat kitabçası sizə inteqrasiya prosesini addımbaaddım izah edəcək.
Yekun qeydlər
Oracle olmadan blokçeynlər kütləvi mənimsəmə üçün daha aşağı potensial və daha az imkana malik olardılar, çünki həmin halda onların əldə etdikləri məlumatlar daxili məlumatlar ilə məhdudlaşmalı olardı. Blokçeyn oracle-ları məlumat əlçatanlığı problemini həll etməsə də, onlar kənar mənbələrdən istifadə edərək zəncirxarici məlumatları zəncirdaxili formaya gətirə bilər.
Binance Oracle smart müqavilələrin öz şəbəkəsindən kənar bütün təsdiq edilmiş məlumatlarla əlaqə yaratmasına imkan verir. O, məlumatın davamlı olaraq düzgün, təhlükəsiz və yeni olmasını təmin etmək üçün bir prosesdən istifadə edir. Binance Oracle məlumatın etibarlı olmasını və mümkün problemlərlə əlaqədar olaraq davamlı şəkildə monitorinq edilməsini təmin etmək üçün dörd həll işləyib-hazırlamışdır.