Əsas diqqət yetiriləcək məqamlar
Əsas sifariş növlərinin (Bazar, Limit və Limit-meyker) hər biri fərqli məqsədlərə xidmət edən əsas treydinq icra variantlarını təqdim edir.
Gəlir götürmək və Stop-itki kimi treydinqdən çıxış strategiyaları qiymət şərtlərinə əsasən sifarişin icrasını avtomatlaşdırmaqla riskləri idarə etməyə kömək edə bilər.
Təkmil sifariş kombinasiyaları (OCO, OTO və OTOCO) Binance istifadəçilərinin ticarətin daha yaxşı idarə edilməsi üçün daha mürəkkəb strategiyalar həyata keçirmələrinə imkan verir.
Giriş
Binance-da ticarət edərkən istifadəçilər hər biri ticarətlərin icra edilməsi zamanı xüsusi məqsədlərə xidmət edən müxtəlif sifariş növlərindən istifadə edə bilərlər. Bu sifariş növləri Bazar sifarişi və Limit sifariş kimi əsas seçimlərdən başlamaqla Biri digərini ləğv edir (OCO) və Biri digərini tətikləyir (OTO) kimi daha mürəkkəb strategiyalara qədər dəyişir.
Bu məqalədə Binance-da əlçatan olan müxtəlif sifariş növləri, eləcə də onların spesifik funksiyaları və hər birinin nə vaxt istifadə ediləcəyi barədə ümumi məlumat verilib.
Əsas Sifariş növləri
Əsas sifariş növləri xüsusi məqsədlərə xidmət edir və bir neçə təfərrüatdan ibarətdir. Bütün sifariş növləri üçün bir simvolun (məsələn, BTCUSDT) və tərəfin (ALIŞ və ya SATIŞ) göstərilməsi tələb olunur. Ən geniş yayılmış növlərdən bəzilərini müzakirə edəcəyik: Bazar, Limit və Limit-meyker.
Bazar sifarişi
Bazar sifarişi sifarişin ən sadə və ən birbaşa növüdür. Bazar sifarişi verərkən treyder aktivi bazarda əlçatan olan ən yaxşı qiymətə almağa və ya satmağa razılıq verir. Sifariş verilən kimi icra edilir və treyder cari bazar qiyməti əsasında tələb etdiyi məbləği əldə edir.
Bazar sifarişlərinin əsas üstünlüyü onların sürətidir. Dərhal icra edildikləri üçün sürətli hərəkət etməli olan treyderlər onlara üstünlük verirlər. Lakin xüsusilə bazar sürətlə dəyişdikdə yekun icra qiyməti tam gözlənildiyi kimi olmaya bilər.
Limit sifariş
Limit sifarişlər treyderlərə aktivi almaq və ya satmaq istədikləri dəqiq qiyməti təyin etmək imkanı verir. Bu halda treyder limit qiyməti təyin edir və sifariş yalnız bazar o qiymətə çatdıqda və ya daha yaxşısını təklif etdikdə icra edilir.
Bu yanaşma tələsməyənlər və bazarın onlara uyğunlaşmasını gözləməyi üstün tutanlar üçün faydalıdır. Limit sifarişlər qiymət şərti ödənilənə qədər qalır və bu, bazarın fəaliyyətindən asılı olaraq bir neçə dəqiqə, saat, hətta gün çəkə bilər.
Bundan əlavə, Limit sifarişlər üçün treyderin Qüvvədəki zamanı göstərməsi tələb olunur. Qüvvədəki zaman isə sifarişin vaxtı bitməzdən əvvəl nə qədər aktiv qalacağını müəyyən edir. Ən geniş yayılmış variantlar:
Ləğv edilənə qədər yaxşı (GTC): sifariş istifadəçi tərəfindən tam icra və ya manual qaydada ləğv edilənə qədər açıq qalır.
Dərhal və ya ləğv (IOC): sifariş bütün hissələrini və ya bir hissəsini dərhal icra etməyə çalışır və icra edilməyən hissəni ləğv edir.
FOK Əmri (FOK): sifariş yalnız dərhal tam icra oluna bildiyi halda, icra edilir; əks halda ləğv edilir.
Limit-meyker
Limit-meyker sifarişi adi Limit sifariş kimi işləyir, lakin götürmək əvəzinə bazara likvidlik əlavə edən "meyker" sifarişi olmasını təmin edəcək şəkildə yaradılıb. Bəzən Meyker sifarişi də adlandırılır və ticarətin mövcud sifarişə qarşı dərhal icra olunmasının qarşısını alır.
Limit-meyker sifarişləri ticarət qiymətini idarə etmək və ani uyğunlaşmalardan yaranan meyker/teyker ödənişlərindən yayınmaq istəyənlər üçün xüsusilə faydalı ola bilər.
Treydinqdən çıxış strategiyaları
Treydinqdən çıxış strategiyaları riskləri idarə etmək və mənfəətləri qorumaq baxımından vacibdir. Bu strategiyalara müəyyən qiymətlərlə mövqedən çıxmaq üçün istifadə edilən Gəlir götürmək və Stop-itki sifarişləri daxildir.
Stop-itki sifarişləri
Stop-itki sifarişi bazar müəyyən qiymətə çatdıqdan sonra mövqeni avtomatik bağlayır və bazar onlara qarşı dəyişdikdə treyderlərin itkiləri məhdudlaşdırmalarına kömək edir. Məsələn, kimsə kriptovalyuta alsa və qiymət təyin edilmiş stop qiymətinə düşərsə, Stop-itki sifarişi daha çox itkinin qarşısını almaq üçün onu satacaq.
Stop-itki sifarişi sabit qiymətlə və ya bazar treyderin mövqeyinə uyğun dəyişdikcə avtomatik tənzimlənən izləmə stopu ilə təyin oluna bilər. Bu izləmə mexanizmi bazar qiyməti yüksəldikcə mənfəət təmin edir, lakin bazar qiyməti treyderə zərər verəcək şəkildə müəyyən edilmiş məbləğ qədər dəyişdikdə satış əməliyyatını işə salır.
Gəlir götürmək sifarişləri
Gəlir götürmək sifarişləri treyderlərin bazar əvvəlcədən müəyyən edilmiş qiymətə çatdıqda mənfəət təmin etmələrinə imkan verir. Stop-itki sifarişləri qiymət azaldıqda işə düşdüyü halda, Gəlir götürmək sifarişləri qiymət mənfəətli çıxışı təmin edən səviyyəyə çatdıqda aktivləşir. Bu sifariş növü bazarı daim izləmədən mənfəət təmin etmək istəyən treyderlər üçün xüsusilə faydalıdır.
Gəlir götürmək sifarişləri Stop-itki sifarişləri ilə bir strategiyada birləşdirilə, bununla da treyderlərin həm gəlir götürmək, həm də itkiləri məhdudlaşdırmaq istədikləri qiymətləri təyin etmələrinə imkan verə bilər.
Şərti Sifariş növləri
Şərti sifarişlər yalnız müəyyən şərtlər ödəndikdə sifarişlərin yerləşdirilməsini əhatə edən daha təkmil strategiyalardır. Onlara Stop-itki limiti və Gəlir götürmək limiti kimi sifarişlər daxildir.
Stop-itki limiti sifarişləri
Stop-itki limiti sifarişi Stop-itki sifarişi funksionallığını Limit sifarişlə birləşdirir. Stop qiymətinə çatıldıqda Limit sifariş işə salınır və treyderlərin satmaq istədikləri müəyyən qiyməti təyin etmələrinə imkan verir. Bu sifariş növü sürətlə dəyişən bazarda satış sifarişinin əlverişsiz qiymətə icra edilməsinin qarşısını almağa kömək edə bilər.
Treyder qəbul etməyə hazır olduğu qiyməti təyin etdiyi və bununla arzuolunmaz qiymətə satış ehtimalı azaldığı üçün bu sifariş növü adi Stop-itkidən daha çox nəzarət təmin edir.
Gəlir götürmək limiti sifarişləri
Gəlir götürmək limiti sifarişləri Stop-itki limiti sifarişləri kimi işləyir. Bu sifarişlər əvvəlcədən təyin edilmiş qiymətə çatdıqdan sonra Limit sifarişi işə salır. Treyderlər bu sifariş növündən istifadə edərək qiymət müəyyən mənfəət hədəfinə çatdıqda mövqedən avtomatik çıxa və ticarətin onların gözləntilərinə uyğun qiymətlə bağlanmasını təmin edə bilərlər.
Təkmil sifariş növləri
Treyderlər daha mürəkkəb treydinq strategiyaları üçün ticarətlərin idarə edilməsi zamanı daha çox çeviklik və avtomatlaşdırmaya imkan verən əlaqələndirilmiş sifariş növlərindən istifadə edə bilərlər.
Biri digərini ləğv edir (OCO)
OCO sifarişi iki sifarişi bir sifarişdə birləşdirir. Birinci sifariş Limit və ya Gəlir götürmək sifarişi kimi yerləşdirilir, ikinci sifariş isə Stop-itki sifarişidir. Sifarişlərdən biri icra edildiyi halda, digəri avtomatik olaraq ləğv edilir. Bu strategiya treyder potensial itkiləri məhdudlaşdırarkən mənfəətləri qorumaq istədikdə faydalı hesab olunur.
Məsələn, treyder Gəlir götürmək sifarişini daha yüksək qiymətlə, Stop-itki sifarişini isə daha aşağı qiymətlə təyin edə və bazarın dəyişikliklərindən asılı olaraq bu sifarişlərdən yalnız birinin işə salınmasını təmin edə bilər.
Biri digərini tətikləyir (OTO)
OTO sifarişi treyderin iki sifariş yerləşdirməsinə imkan verir, bu zaman ikinci sifariş yalnız birinci tam icra edildikdən sonra işə salınır. Bu strategiya yalnız müəyyən şərt yerinə yetirildikdən sonra işə salınacaq ikinci dərəcəli sifariş yerləşdirmək istəyən treyderlər üçün faydalıdır.
Məsələn, treyder aktiv almaq üçün Limit sifariş yerləşdirə və sifariş icra edildikdə gözləmədə olan Satış sifarişi işə salına bilər.
Biri birini tətikləyir, digərini isə ləğv edir (OTOCO)
OTOCO sifarişi həm OTO, həm də OCO sifarişinin xüsusiyyətlərini özündə birləşdirir. Birinci sifariş işlək sifariş kimi yerləşdirilir, ikinci hissə isə OCO kimi əlaqələndirilmiş iki gözləmədə olan sifarişdən ibarət olur. Bu gözləmədə olan sifarişlər yalnız birinci sifariş tam icra olunduğu halda, yerləşdirilir.
Bu sifariş növü Gəlir götürmək və ya Stop-itki halları kimi bir neçə çıxış şərti tələb olunan daha mürəkkəb strategiya qurmaq istəyən treyderlər üçün faydalıdır.
Yekun qeydlər
Sürətli Bazar sifarişlərindən tutmuş OTOCO kimi mürəkkəb əlaqəli strategiyalara qədər hər sifariş növünün necə işlədiyini bilmək treyderlərin alətlərini hədəflərinə uyğunlaşdırmalarına imkan verir. Düzgün seçim ticarətləri avtomatlaşdırmağa, riski azaltmağa və ümumi nəticələri təkmilləşdirməyə kömək edə bilər. Bu variantların mənimsənilməsi bazara reaksiya verməklə treydinq nəticələrini aktiv şəkildə formalaşdırmaq arasında fərq yarada bilər.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.