EIP-7702
EIP-7702 xarici hesabların (EOA) imkanlarını təkmilləşdirmək üçün hazırlanmış təklifdir. EOA-lar
Ethereum şəbəkəsində tranzaksiyalar göndərə və
smart müqavilələrlə əlaqə yarada bilən əsas hesablardır. Ancaq müəyyən kriptovalyuta pul kisələrinin tranzaksiyaların qruplaşdırılması və
qaz sponsorluğu kimi bəzi funksiyaları onlarda yoxdur.
EIP-7702 müvəqqəti olaraq EOA-ların bir tranzaksiya çərçivəsində smart müqavilə hesabları kimi davranmağına icazə verməyi hədəfləyir və bu səbəbdən adətən smart müqavilə pul kisələri üçün saxlanan xüsusiyyətləri təqdim edir. EIP-7702
EIP-3074-ün bəzi məhdudiyyətlərinə və ona dair tənqidlərə cavab olaraq yaradılıb.
EIP-7702 hazırda yayımlanmamış olsa da, icma tərəfindən nəzərəçarpacaq şəkildə dəstəklənir və çoxları onun EIP-3074 təklifini əvəz edə biləcəyinə inanır. Bu baş verdiyi halda, EIP-7702 2024-cü ilin sonuna planlaşdırılan Ethereum Pectra təkmilləşdirməsində tətbiq oluna bilər.
EIP-7702 Ethereum şəbəkəsində contract_code adlanan xüsusi sahənin daxil olduğu yeni tranzaksiya növü təqdim edir. Bu, tranzaksiya müddəti üçün EOA-ya müəyyən smart müqavilə xüsusiyyətləri verir. Gəlin necə işlədiyinə nəzər salaq.
Tranzaksiyanın hazırlanması
İstifadəçi təyinat
ünvanı, qaz limiti və göndərilməli olan istənilən data kimi adi məlumatlar daxil olmaqla tranzaksiyanı hazırlamaqla başlayır. O bu məlumatlara əlavə olaraq,
contract_code sahəsinə smart müqavilə kodunun xüsusi bir hissəsini daxil edir. Bu kod müvəqqəti olaraq onun xarici hesabı üçün təyin ediləcək smart müqavilə funksiyalarını təsvir edir.
İcazə
Bundan sonra istifadəçi tranzaksiyanı imzalayır. Bu imza tranzaksiyanı təsdiqlədiyi və avtorizasiya siyahısını ehtiva etdiyi üçün çox vacibdir. Bu siyahıya contract_code və onun icra edilməli olduğu şərtlər daxildir. O, faktiki olaraq EOA üçün müvəqqəti olaraq smart müqavilə kodunun təyin edilməsini doğrulayır və buna icazə verir.
İcra
Tranzaksiya Ethereum-a təqdim edildikdə şəbəkə müvəqqəti olaraq EOA üçün müəyyən edilmiş contract_code təyin etməklə onu emal edir. Bu mərhələdə tranzaksiya contract_code ilə təmin edilən funksiyalardan istifadə edərək EOA-nı smart müqavilə kimi qəbul etməklə emal edilir.
Əvvəlki vəziyyətə qaytarma
Tranzaksiya tamamlandıqdan sonra Ethereum şəbəkəsi müvəqqəti contract_code seçimini avtomatik olaraq EOA-dan çıxarır. EOA müvəqqəti smart müqavilə imkanlarından məhrum olaraq əvvəlki vəziyyətinə qayıdır.
Təsəvvür edin ki, Bob yalnız kiçik bağlamaları daşıya bilən adi avtomobili olan sürücü-kuryerdir. Bir gün Bob daha böyük bağlama üçün çatdırılma sorğusu alır. Beləliklə, Bob sifarişi rədd etmək əvəzinə, avtomobilinə birləşdirmək üçün əlavə yük qutusu icarəyə götürmək qərarına gəlir. O, bağlamanı çatdırır və yük qutusunu icarəyə götürdüyü dükana qaytararaq işini adi avtomobili ilə davam etdirir.
Bu analogiyada:
Adi avtomobil EOA-dır.
Müvəqqəti yük qutusu əlavə imkanlar təmin edən contract_code seçimidir.
Çatdırılma səfəri tranzaksiyadır.
Yük qutusunun icarəyə götürülməsi və qaytarılması yalnız tranzaksiya zamanı aktiv olan contract_code seçiminin müvəqqəti xarakterini təmsil edir.
Təhlükəsizlik
EIP-7702 tranzaksiyadan sonra müvəqqəti müqavilə kodunu avtomatik olaraq çıxarmaqla icazəsiz əməliyyatlar riskini azaldır. Bu, təkmilləşdirmələrin yalnız tranzaksiya zamanı aktiv olmasını təmin edərək potensial zəiflikləri məhdudlaşdırır.
Sərbəstlik
EIP-7702 birdən artıq əməliyyatın bir tranzaksiyada birləşdirilə bildiyi, tranzaksiyaların qruplaşdırılması kimi müxtəlif istifadə hallarına imkan verəcək. O, eyni zamanda bir hesabın digər hesabın tranzaksiya ödənişlərini ödəməsinə imkan verən qaz sponsorluğunu dəstəkləyəcək.
Smart pul kisəsinin qəbul edilməsi
EIP-7702 EOA-ların müvəqqəti olaraq smart müqavilələr kimi işləməsini təmin etməklə EOA-lara daimi dəyişikliklərin edilməsi ilə bağlı təhlükəsizlik riskləri olmadan smart pul kisəsi xüsusiyyətlərindən istifadəni təşviq edə bilər.
EIP-7702 müvəqqəti olaraq smart müqavilə imkanları verməklə EOA məhdudiyyətlərini aradan qaldıran təklifdir. Bu, smart müqavilə funksiyalarının müddətini bir tranzaksiyanın uzunluğu ilə məhdudlaşdırmaqla təhlükəsizliyi artıra bilər. O, eyni zamanda tranzaksiyaların qruplaşdırılması, qaz sponsorluğu və digər funksiyalar vasitəsilə daha çox sərbəstlik təmin edə bilər.
Gələcəyi hələ məlum olmasa da, EIP-7702-nin əhəmiyyətli dərəcədə dəstəklənməsi onun 2024-cü ilin sonuna planlaşdırılan gələcək Ethereum Pectra təkmilləşdirməsinə daxil edilməsi ehtimalının çox yüksək olduğunu göstərir.