Çoximzalı pul kisəsi fırıldaqçılığı nədir və ondan necə yayınmaq olar?
Əsas səhifə
Məqalələr
Çoximzalı pul kisəsi fırıldaqçılığı nədir və ondan necə yayınmaq olar?

Çoximzalı pul kisəsi fırıldaqçılığı nədir və ondan necə yayınmaq olar?

Başlanğıc
Yenilənib Oct 29, 2024
8m

Əsas diqqət yetiriləcək məqamlar

  • Çoximzalı pul kisələri həm istifadəçilər, həm də bizneslər üçün əlavə təhlükəsizlik qatı təmin edərək tranzaksiyanı təsdiqləmək və ona icazə vermək üçün çoxsaylı şəxsi açarlar tələb edir.

  • Çoximzalı pul kisələri ilə bağlı bir neçə fırıldaqçılıq növü var, amma onlar xüsusən də Tron şəbəkəsində geniş yayılıb.

  • Geniş yayılmış çoximzalı fırıldaqçılıq hallarına istifadəçilərə fırıldaqçının pul kisəsinə qismən giriş təmin edərək və onları tranzaksiya ödənişləri etmək üçün vəsaitlər göndərməyə razı salaraq onları aldatmaq daxildir.

  • Çoximzalı pul kisəsi fırıldaqçılıqlarından yayınmaq üçün istifadəçilər öz şəxsi məlumatlarını məxfi saxlamalı, tanımadıqları şəxslərin toxum frazalarından və ya açarlarından istifadə etməkdən yayınmalı və fırıldaqçı tətbiqlər, e-poçt mesajları və veb-saytlara qarşı ehtiyatlı davranmalıdırlar.

çoximzalı pul kisəsi fırıldaqçılıqları cta banneri

Giriş

Çoximzalı pul kisələri xüsusən komandalarda işləyən insanlar, yaxud əlavə təhlükəsizlik qatı istəyənlər üçün faydalıdır. Amma onun belə bir çatışmazlığı da var: fırıldaqçılar da istifadəçiləri aldatmaq və onların kriptovalyutalarını oğurlamaq üçün çoximzalı pul kisələrindən istifadə edə bilərlər. Gəlin çoximzalı pul kisələrinin işləmə qaydası və ən geniş yayılmış çoximzalı pul kisəsi fırıldaqçılıqlarından bəzilərinə nəzər salaq.

Çoximzalı pul kisəsi nədir?

Kriptovalyuta dünyasında çoximzalı (bir neçə imza ilə təsdiqlənən) pul kisəsi tranzaksiyaya icazə vermək üçün birdən çox şəxsi açar tələb edən pul kisəsi növüdür. Onlar tranzaksiya baş tutmazdan əvvəl iki və ya daha çox təsdiq (imza) tələb edən ikimərhələli autentifikasiyanın (2FA) rəqəmsal ekvivalenti kimidir.

Siz üç açardan ikisini, yaxud beş açardan üçünü tələb etmək və sairə kimi müxtəlif tələblərə malik çoximzalı pul kisəsi yarada bilərsiniz. Bu, heç bir insanın başqaları olmadan aça bilməyəcəyi bir seyf üçün bir neçə açarın olması kimidir.

Çoximzalı pul kisələri əsasən işgüzar əməkdaşlıqlarda, DAO-larda (mərkəzləşdirilməmiş muxtar təşkilat) və birgə müəssisələrdə istifadə edilir. Onlar həm də ailə vəsaitləri, yaxud rəqəmsal aktivləri üçün müəyyən qədər əlavə təhlükəsizlik istəyən istənilən şəxs üçün faydalı ola bilər.

Çoximzalı pul kisələri əsasən təhlükəsizliyi artırmaq üçün istifadə edilir, bəs bu pul kisələrindən insanları aldatmaq üçün necə istifadə edirlər?

Çoximzalı pul kisəsi fırıldaqçılığı nədir?

Fırıldaqçılığın əsas məntiqi kifayət qədər sadədir: fırıldaqçılar öz qurbanlarını inandırırlar ki, onların kriptovalyuta pul kisəsinə tam çıxışı var, əslində isə reallıq belə olmur. Aşağıda bir fırıldaqçının YouTube videosunun altında yazılmış şərhinin nümunəsi var:

çoximzalı fırıldaqçılıqla bağlı youtube nümunəsi

YouTube, Twitter, Telegram və digər sosial media platformalarında bu tipdə fərqli fırıldaqçılıq halları ilə qarşılaşa bilərsiniz, amma onların mesajlarında adətən şəxsi açar və ya toxum frazası sözləri olur. İlk dəfə belə halla üzləşirsinizsə, bunun yardım istəyən yeni istifadəçi olduğunu düşünə bilərsiniz, lakin aldanmayın.

Çoximzalı pul kisəsi fırıldaqçılığı necə işləyir?

Çoximzalı pul kisəsi fırıldaqçılığının müxtəlif növləri var və onlar Tron çoximzalı pul kisələrinin işləmə tərzinə görə Tron şəbəkəsində xüsusilə geniş yayılıb. 

Bəzi çoximzalı fırıldaqları istifadəçiləri pul kisələrini çoximzalı etmək və fırıldaqçını ortaq sahib kimi əlavə etmək üçün aldatmağa çalışır. Fırıldaqçılar bu səviyyədə nəzarəti əllərinə keçirən kimi vəsaitləri effektiv şəkildə tələyə sala, yaxud bəzi hallarda onları birbaşa oğurlaya bilərlər.

Bu cür fırıldaqçılıq halları, adətən, fırıldaqçıların etibar edilən müştəri dəstəyi komandasından olduqlarını iddia etdikləri fişinq və ya başqasını təqlidetmə saxtakarlığı ilə bağlı olur. 

Buna baxmayaraq, ən geniş yayılmış çoximzalı pul kisəsi fırıldaqçılıqlarından biri daha sadə versiyada olur və istifadəçilərin toxum frazası və ya şəxsi açarlarını paylaşmasını tələb etmir. Bunun əvəzinə, bu, çoximzalı pul kisəsindən vəsait oğurlamaq məqsədilə fırıldaqçıya kriptovalyuta göndərmək üçün istifadəçiləri aldatmaq üçün nəzərdə tutulub. Gəlin geniş yayılmış bir nümunəyə baxaq.

SafePal-dan istifadə edərək çoximzalı pul kisəsi fırıldaqçılığı tələsi

Bu fırıldaqçılığın necə baş tutduğunu izah etmək üçün yuxarıda qeyd etdiyimiz YouTube şərhindəki toxum frazasından istifadə edəcəyik. Birincisi, biz SafePal pul kisəsinin uzantısını quraşdırdıq və təmin edilən toxum frazasından istifadə edərək fırıldaqçının pul kisəsini idxal etdik.

Pul kisəsi açıq qalmaqla biz fırıldaqçının Tron şəbəkəsində TRC-20 tokeni kimi 2022 USDT vəsaiti olduğunu görə bilirik. Həmin halda qurbanların çoxu USDT balansını fırıldaqçının pul kisəsindən transfer etməyə cəhd edəcək.

çoximzalı pul kisəsi fırıldaqçılığı safepal

Buna baxmayaraq, pul kisəsi tranzaksiya ödənişlərini etmək üçün kifayət qədər TRX balansına malik deyil. Həmin an qurban fırıldaqçının pul kisəsinə TRX göndərmək tələsinə düşür.

Fırıldaqçı vəsaitləri götürmək cəhdi ilə pul kisəsini açmağa tələsən acgöz qurbanı özünə ov edir. Onlar sürətli şəkildə komissiyaları ödəmək üçün pul kisəsinə kriptovalyuta göndərirlər, amma tezliklə başa düşürlər ki, bu, çoximzalı pul kisəsi olduğu üçün heç bir tranzaksiya edə bilməzlər.

Yadda saxlayın ki, bu pul kisələri transferi təsdiq etmək üçün bir neçə şəxsi açar (imza) tələb edir. Yəni açarlardan birinə sahib olsanız belə, tranzaksiyaları təsdiqləyə bilməyəcəksiniz.

Yaxşı xəbər isə budur ki, əgər belə bir fırıldaqçılığın qurbanına çevrilsəniz, yəqin ki, kiçik miqdarda kriptovalyuta itirmək riski ilə üz-üzə qalacaqsınız (qaz ödənişi etmək üçün göndərdiyiniz dəyərdə). Buna baxmayaraq, əvvəl də qeyd etdiyimiz daha mürəkkəb çoximzalı pul kisəsi fırıldaqçılıqları birbaşa kriptovalyutanızı hədəf ala və daha böyük potensial itkilərə aparıb çıxara bilər.

Fırıldaqçının pul kisəsi ünvanının yoxlanması

TronScan blokçeyn eksplorerində fırıldaqçının pul kisəsi ünvanını (Kk78Z ilə bitən) axtarsaq, hesabın başqa bir ünvan (bHCoc ilə bitən) tərəfindən idarə edildiyini görəcəyik. Çoximzalı pul kisəsi Tron şəbəkəsində belə görünür.

çoximzalı fırıldaqçılıq tron şəbəkəsində

Tron çoximzalı pul kisələri bir neçə müxtəlif üsulla yaradıla bilər. Pul kisəsinin icazələri hər çoximzalı pul kisəsi hesabına təyin edilmiş çəki əsasında tənzimlənə bilər. 

Yuxarıdakı nümunədə fırıldaqçının hesabı (bHCoc ilə bitən) çoximzalı pul kisəsinə tam çıxışa ("Sahib icazəsi") malikdir, amma qurbanları tora salmaq üçün istifadə edilən hesab (Kk78Z ilə bitən) yalnız məhdud funksionallığa malikdir.

Çoximzalı pul kisəsi fırıldaqçılıqlarından yayınmaq qaydası

Çoximzalı pul kisəsi fırıldaqçılıqları və digər fırıldaqçılıq növlərindən yayınmaq üçün şəxsi məlumatlarınızı məxfi saxlamalı, tanımadığınız insanların toxum frazası və ya şəxsi açarlarından istifadədən yayınmalı və fişinq e-poçtları və veb-saytlarına qarşı ehtiyatlı olmalısınız.

1. Şəxsi açarlarınızı və toxum frazalarınızı məxfi saxlayın

Heç bir qanuni şirkət, pul kisəsi təminatçısı, yaxud kriptovalyuta birjası sizdən şəxsi açarlarınızı və ya toxum frazalarınızı soruşmayacaq. Onları təhlükəsiz bir yerdə saxlayın və heç vaxt heç kəslə paylaşmayın.

2. Rəsmi pul kisəsi tətbiqləri və proqram təminatından istifadə etməyə davam edin

Yalnız etibarlı, rəsmi mənbələrdən gələn pul kisəsi proqram təminatı və tətbiqlərindən istifadə edin. Bir sıra saxta kriptovalyuta pul kisələri və birjaları mövcuddur, buna görə də URL-i iki dəfə yoxlayın və istifadə etməzdən əvvəl tətbiqin orijinallığını doğrulayın.

3. Pul kisəsi icazələrinizi müntəzəm olaraq yoxlayın

Yaxşı olardı ki, çoximzalı pul kisəsi istifadəçiləri pul kisələrinə kimin girişi olduğunu müntəzəm olaraq yoxlasınlar. Əksər pul kisələri parametrlər bölməsində icazələrə baxmağınıza imkan verəcək. Hər hansı icazəsiz imza sahibi aşkar etsəniz, onu dərhal çıxarın. Artıq istifadə etmədiyiniz DeFi tətbiqlərinin icazələrini də ləğv etməlisiniz.

4. Əlavə təhlükəsizlik üçün fiziki pul kisələrindən istifadə edin

Fiziki pul kisələri kriptovalyutanızı oflayn saxlayan fiziki cihazlardır. Kimsə çoximzalı pul kisəsi parametrlərinizi sındırsa belə, fiziki pul kisəsinin fiziki təsdiqi olmadan vəsaitlərinizi köçürə bilməyəcək.

5. İkimərhələli autentifikasiyanı (2FA) aktivləşdirin

Əksər pul kisəsi təminatçıları və birjaları ikimərhələli autentifikasiya seçimini təklif edir. Onu aktivləşdirmək pul kisənizə icazəsiz girişin qarşısını alaraq əlavə təhlükəsizlik qatı təmin edə bilər.

6. Məlumatlı olun

Kriptovalyuta təhlükəsizliyi daim təkmilləşən bir sahədir. Müntəzəm olaraq yeni fırıldaqçılıq halları və taktikaları ortaya çıxır, buna görə də məlumatlı olmaq və ən son təhlükələr, eləcə də ən yaxşı təhlükəsizlik təcrübələri barədə öyrənməyə davam etmək vacibdir.

7. Pul kisəsi xəbərdarlıqları

Təəssüf ki, pul kisəsinin çoximzalı pul kisəsi olub-olmadığını bilmək həmişə asan olmur. Buna baxmayaraq, fırıldaqçılıq hallarının sayının artmasına görə bəzi pul kisəsi təminatçıları istifadəçilərə potensial təhlükə təşkil edən pul kisələri barədə xəbərdarlıq edən əlavə təhlükəsizlik funksiyaları təmin edib. 

Aşağıda vəsaitlərin bloklanması barədə istifadəçilərə xəbərdarlıq edən SafePal və Trust Wallet nümunələri verilmişdir.

çoximzalı pul kisəsi fırıldaqçılığı xəbərdarlığı safepalçoximzalı pul kisəsi fırıldaqçılığı xəbərdarlığı trust wallet

Yekun qeydlər

Çoximzalı pul kisələri kriptovalyuta tranzaksiyalarına əlavə təhlükəsizlik təmin edir, amma fırıldaqçılar istifadəçiləri aldatmaq məqsədilə bu funksiyadan yararlanmaq üçün yollar tapıblar. Fişinq cəhdlərindən tranzaksiya ödənişi tələlərinə qədər bu fırıldaqçılıq hallarının necə işlədiyini bilmək sizi təhlükəsiz saxlamağa kömək edə bilər. 

Şəxsi açarları qorumağı, pul kisəsi icazələrini yoxlamağı və hər hansı linkə klikləməzdən və ya vəsaitləri transfer etməzdən əvvəl fırıldaqçılıq hallarına qarşı iki dəfə yoxlama aparmağı vərdişə çevirin. Xəbərdar və məlumatlı olmaqla siz çoximzalı pul kisələrindən arxayınlıqla istifadə edə və fırıldaqçılıq halı ilə üzləşməkdən yayına bilərsiniz.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bəyanat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölmələrimizə baxın.